Şair-publisist Rafiq ODAY.”YENƏ BİR YUSİF TƏKLƏNİR…”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru

Əlim ətəyimdən uzun,
Dilim dilçəyimdən gödək.
Bu necə darağacıdı?! –
Boyum ilgəyindən gödək.

Qaynaşır bazar meydanı,
Qarışıb qumaşa başlar.
Kimsənin xəbəri yoxdu, –
Birazdan tamaşa başlar.

Yenə soyulur Nəsimi
Şeyxül-müfid fətvasıyla.
Ruhuna sığal çəkilir,
“Dost-doğma”lar nəvasıyla.

Bu quyu tanış quyudu,
Kəndiri həmin biçimdə.
Yenə bir Yusif təklənir,
Bir qərib ölür içimdə.

Bir gözqırpımına bağlı,
Qarışqanın fil olmağı…
Gör neçə igid gözləyir,
Növbəni təhvil almağı.

Tanrım bizə rəva görmə,
Ömürlük damğa ərkini.
Ya bizi haqqa qul eylə,
Ya göstər yerin təkini.

Əlim ətəyimdən uzun,
Dilim dilçəyimdən gödək.
Bu necə dar ağacıdı? –
Boyum ilgəyindən gödək.

08.09.2025