
Bivec dünyada mən qərib,
O qədər çarəsizəm ki…
Dərdi dərd üstən əndərib,
O qədər çarəsizəm ki…
Bir saman yolla tutmağa,
Bəhanə ver unutmağa.
Canmı qalıb can atmağa, –
O qədər çarəsizəm ki…
Göy üzü yarıldı, düşdüm,
Ümidim qırıldı düşdüm.
Qanadım yoruldu düşdüm,
O qədər çarəsizəm ki…
Bu xırman dənlik deyil ta,
Var olmaq tənlik deyil ta.
Yer üzü mənlik deyil ta,
O qədər çarəsizəm ki…
Hər tale naxış deyilmiş,
Dirçəliş qalxış deyilmiş,
Hər dua alxış deyilmiş, –
O qədər çarəsizəm ki…
Təskinlikdi şeir bir az,
Hərdən edir xeyir bir az.
Bir bu qədər arzu, muraz…
O qədər çarəsizəm ki…
İncimişəm qullarından,
Yığ bu daşı yollarımdan.
Tanrım, ya düş qollarımdan,
Ya məni al qollarına…
O qədər çarəsizəm ki…