Şair-publisist Rafiq ODAY.”SAXLARAM”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru

Haçandı gözlərim yol şumlamaqda,
Yolları gözümün üstə saxlaram.
Gedişin qəlbimi xəstəhal edib,
Gəlincə beləcə xəstə saxlaram.

Adını dilimdə bəslərəm müdam,
Vədəli, vədəsiz səslərəm müdam.
Dərdimi sevginlə süslərəm müdam,
Qoymaram sınıxa – süsdə saxlaram.

Gör neçə aşiqə usandırıb can, –
Dünya özü boyda zindandı, zindan.
Ruhumun, cismimin sızıltısından
Ən həzin, ən kövrək bəstə saxlaram.

Əfsəyim, ələyim bənövşələri, –
O məsum mələyim bənövşələri.
Taleyi taleyim bənövşələri
Yolunun üstündə dəstə saxlaram.

Tale mizanına mən də ayaram,
Beləcə ötüşər həftə, ay aram…
Nə ötən bir günü sənsiz sayaram,
Nə də bir günümü nəhsdə saxlaram.

Yenə qərib ruhum təndə üşüdü,
Qəlbinin səsiylə dön də, üşüdü…
Yol, ərkan gözləmək bəndə işidi,
Sən yüz yol ərk elə, küs də – saxlaram