Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.

Bir şeir ağrıyır içimdə hərdən,
Dinib yatızdırır məni sözləri.
Hərdən darıxdırır,qəfildən susur.
Bir qadın dilində layla səslənir:
“Laylay, balam ,a layla..”

Batıb qızılgülə yuxu tapardım,
Şirin yuxularım dadından çıxıb.
Başımı qoyduğum qadın dizində
oxşanan saçlarım yadımdan çıxıb.
“Körpə quzum, a layla..”

Hardansa bir qadın düşür yadıma.
Əlində saçlarım- çələng dəstlənir.
Əlçatmaz,ünyetməz divarlarımda
Bir qadın cismində xərçəng bəslənir:
-“Sən get şirin yuxuya…”

Qəfildən yuxumda oxuyan qadın!
Qəlbimdə inləyən incə səs nədir?!
İndi yaddaşımda laylan qocalır,
Yaşlanıb içimdə ağı səslənir:

  • “Çəkim keşiyin,lay -lay..”

Qoxunu torpaqmı əlindən alıb?!
Küləyə nəfəsmi vermisən,qadın?!
Üfüq laylasında səsini duyub,
Sərməst gözlərini unudub yadım:
-Laylay deyim yatasan..

03.06.2026