Sumqayıt “Şəhər günü”nü qeyd edir

7c707d14458dca7b12d9cf46b7083aaf

64 yaşlı Sumqayıt Şəhər gününü qeyd edir.
Bu gün xarici ölkələrdən və respublikanın bir sıra bölgələrindən Sumqayıta gələn saysız-hesabsız qonaqlar rəngarəng bayramın şahidi olub.
Şəhər günü Sumqayıtın Corat qəssəbəsindən 2 min ildən çox yaşı olan qədim qaladan başlanıb. Tamaşa burada yaradılmış bazar meydanında göstərilib. Bayrama öz qladiatorları ilə birlikdə böyük Roma sərkərdəsi Pompey də gəlib. Bayramın iştirakçıları respublikanın xüsusi sərhəd qoşunları dəstəsinin nümunəvi çıxışlarını izləyib.Sonra bayram Sumqayıtın mərkəzində yerləşən Dövlət Bayrağı Meydanına keçib.
“Şahin” respublika hərbi-idman oyununun qalibi olmuş şəhər məktəblilərinin, habelə şəhərin orta məktəb və məktəbəqədər tərbiyə müəssisələri yetirmələrinin dəstələri son dərəcə gözəl çıxışları ilə qonaqların zövqünü oxşayıblar.
Tədbirə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı, general-leytenant Elçin Quliyev, ARDNŞ-in “Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, millət vəkilləri Hacı Salayev, Leyla Abdullayeva, Pompey şəhərinin vitse-meri Emilio Sabonara, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Maliq İsaqov və ictimaiyyət nümayəndələri qatılıblar.
Daha sonra idmançılar, motosikletçilər, habelə Sankt-Peterburqdan gəlmiş barabançı qızlar çıxışlar ediblər. Həmçinin qırıcı təyyarələrin möhtəşəm avia şousu olub.
Bütöv bir günü əhatə edən “Şəhər günü” bayramı axşam saatlarında məşhur türk müğənnisi Rafet El Romanın konserti ilə davam edəcək və bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.