48000_129777903874457_1650907077_n3

* * *

Səsim ərşi titrədir,
İpi çürük zəng kimi.
Tanrıya tuşlanıbdı
əlim boş tüfəng kimi.

Kefimə dəysə külək,
Bulud yeri daşlayar.
Odun düşdüyü yerdən,
Təzə sevda başlayar.

Kimsə yox damın altda
məndən savayı, tez gəl.
Tale baha satılır,
Ömür havayı, tez gəl.

1995

***

İki bacanaq (o, varlı, mən kasıb)
qonaq getdik qaynata evinə.
Onu öpdülər, qucaqladılar,
ədəblə ehtiram göstərdilər…
…Və yuxarı başa çəkdilər.
(Dövrəsində quş kimi səkdilər).
Mənə sadəcə –
“xoş gəlmisən” dedilər.
Burda otur, ya ora keç demədilər.
Hamı onun başına yığışdı –
Biri çay süzdü,
Biri ayaqlarını sərinlətmək üçün
su gətirdi…
Biri də onun
bahalı maşınını sildi
kosmik sayıqlıqla.
Mən bir anlıq (xəyalən)
paxıl görkəmdə
özümlə taleyin arasındakı
boşluqlara göz apardım.
Bəlkə də orada
bir ümid işığı tapardım,
Bu an kimsə dedi:
– Dəyərli kürəkən!
O xoruzların hansını gözün tutur,
göstər, kəsim?!