5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

Kara gəlməz bu gördüyüm röya da,
Bir balığam, səbr udmuşam dəryada…
Bizdən sonra nə qalacaq dünyada,
Şeirimizdən, türkümüzdən savayı?

Bir sevginin qaldı ahı ortada,
Mən adlı bir nökər-şahı ortada…
Nə yaşadıq? Nə var axı ortada –
Tənəmizdən, ərkimizdən savayı?

Çılğın könül ülvi eşqin odası,
Nə uzaqmış bu Məhəbbət Adası?…
Mənim üçün bu dünyada, qadası,
Bir kimsə yox, ikimizdən savayı…