Category: Azərbaycan ədəbiyyatı

  • Afət VİLƏŞSOY.”Sil”

    Ovsunla həsrəti, dizlərində yat,
    Bu nə yolçuluqdu,bu necə mənzil?!
    Məni bu dağılmış ürəyindən at,
    Səni bu dağılmış ürəyimdən sil.

    Düşmə gözlərimdən,öz-özünü yıx,
    Ömrümdən mərd oğlu,kişi kimi çıx,
    Məni həsrətinin sinəsinə sıx,
    Səni bu dağılmış ürəyimdən sil.

    Gözümdə bir damcı yaş saxlamadın,
    Ağlımın üstündə baş saxlamadın,
    Qəlbimdə daş üstə daş saxlamadın,
    Səni bu dağılmış ürəyimdən sil.

  • Afət VİLƏŞSOY.”Anamdan incimə”

    Hara getsəm,yanımdadı,
    Mənə yanandan incimə.
    Dərdim məni bir də doğub,
    Ana, anamdan incimə.

    Saçımdakı dəndi dərdim,
    Alnımdakı qırışdadı,
    Məndə izi olmaq üçün
    Anam ilə yarışdadı.

    Boğazımda qəhər boğub,
    Sovurmayıb yelə,doğub,
    Düz otuz dörd ilə doğub,
    Ana,anamdan incimə.

  • Afət VİLƏŞSOY.”Sevgi dedim”

    Səndən başqa hər kəslərə
    Kor gözümə sevgi dedim.
    Baxışlarım külə döndü,
    Düz üzümə sevgi dedim.

    Birdəfəlik duyğulara,
    Kabus dolu uyğulara,
    Ağzı açıq yaralara,
    Kəc yazıma sevgi dedim.

    Nifrətin bir addımıykən
    Çox azıma sevgi dedim.
    Allah bəlamı verməsin,
    Mən özümə sevgi dedim.

  • Əziz MUSA.”Dünyadı”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Vurulma dünyanın gəlhagəlinə,
    İnsanı tələyə salan, dünyadı,
    Bəzəyir gah qıza, gah da gəlinə,
    Vəfasız dünyadı, yalan, dünyadı.

    Ay ötür, il ötür, dolanır fəsil,
    Bir təzə nəgmədi, hər gələn nəsil,
    Hamının olsa da, heç kəsin deyil,
    Bulud tək boşalıb, dolan, dünyadı.

    Gah bizi aldadır işvə, nazıyla,
    Gülür üzümüzə, güllü yazıyla,
    Gah bizi oynadır telli sazıyla,
    Verdiyin geriyə alan, dünyadı,

    Qoşa yaranıbdı xeyiri, şəri,
    Ha at, qoşa düşmür həmizə zəri,
    Bizim qəlbimizi əzəldən bəri,
    Kaman tək inlədib, çalan, dünyadı.

    Gah bizi ağladır, gah da güldürür,
    Çox sirrin gizlədir, azın bildirir,
    Bir gün yaratdığın, bir gün öldürür,
    Bizi yola salıb, qalan dünyadı.

  • Əziz MUSA.”Müəllim”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ürəyini verirsən,
    Uşaqlara hər zaman,
    Gələcəyi görürsən,
    Sənsən tale, bəxt yazan.

    Günəş kimi nur saçır,
    Sevgi dolu gözlərin,
    Bizə həyat öyrədir,
    Nəğmə dolu sözlərin.

    Zirvələrə uzanan,
    Yollar qəlbindən keçir,
    Dərs dediyin hər uşaq,
    Ağı, qaradan seçir.

    Səndən bilik öyrənir,
    Körpə, fidan balalar,
    Başına hey dolanır,
    Səndən bilik umanlar,

    Halallıq var səsində,
    Haqqa, sülhə dayaqsan,
    Sən zülmət könüllərə,
    İşıq saçan mayaqsan.

  • Əziz MUSA.”Can desin”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Canını ver o gözələ, can deyəndə can desin,
    Hər sözünə, hər kəlmənə, can sənə qurban desin,

    Dərdə düşsən yar əlindən, bir loğmana ağız aç,
    Qoy dərdinə məlhəm kimi o, yarı dərman desin.

    Könlün yansa dərdən qəmdən,dönmə bu sevdadan sən,
    Dərdini qoy fələklərə bir nazlı ceyran desin,

    Eşq əlindən Məcnun kimi düşsən əgər səhraya,
    Bax onda vüsal yolunu, qoy sənə sarvan desin,

    Əziz Musa eşq yolunda alış yan pərvanə tək
    Qoy el-oba bu sevgidən bir nağl, dastan desin.

  • Əziz MUSA.”Gözlərin öldürür məni”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gözlərində şimşək çaxır,
    Qəlbimi yaxdırıb yaxır,
    Elə odlu-odlu baxır,
    Gözlərin öldürür məni.

    Könlümü əsir eyləyib,
    Yerə-göyə nur ələyib,
    Məni sevgiyə bələyib,
    Gözlərin öldürür məni.

    Alovuyla alışıram,
    Bu sevdayla barışıram,
    Sənə nəğmələr qoşuram,
    Gözlərin öldürür məni.

    Daha sənə yoxdu sözüm,
    Günahkaram vallah özüm,
    Od-alova necə dözüm,
    Gözlərin öldürür məni.

    Xoşdu mənə belə ölüm,
    Sənsiz necə deyim, gülüm,
    Xəbərin varmı ay gülüm,
    Gözlərin öldürür məni.

  • Əziz MUSA.”Ömrümün bəzəyi”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ətirli çiçəyim, nazlı çiçəyim,
    Mənim qızılgülüm, mənim göyçəyim,
    Sənsiz qoy üzümə gülməsin bahar,
    Sənsiz bu dünyanın nə ləzəti var.
    Sənsən sevincim də, səadətim də.
    Eşqim də,sözüm də, məhəbbətim də.
    Gəl mənim könlümü nurlandır gülüm,
    Gəl , gəl səni görüb, sevinib, gülüm.
    İnan görməyəndə bircə an səni,
    Həsrətin alovu yandırır məni,
    Mən qurban demişəm sənə canımı,
    Görüb duymursanmı həyacanımı?
    Daha sən olmudan gecəm, gündüzüm,
    Sənsiz neyləyərəm ay canım, gözüm,
    Qoyma arzularım gözümdə qalsın,
    Könlümü, gözümü duman , çən alsın.
    Sevirəm mən səni dünyalar qədər,
    Sənsiz üzər məni, üzər qəm, kədər.
    Eşqinlə döyünür, vurur ürəyim,
    Adınla bağlıdır hər bir istəyim,
    Başımın tacısan,sevimli yarım,
    Ömrümə bəzəksən dövlətim, varım,
    Gözəl yaradıbdı səni yaradan,
    Sənin vüsalındı dərdimə dərman.

  • Eldar Nəsibli SİBİREL.”Mən köhnə kişiyəm”

    12962488_1518521525123844_528584684_o

    Mən köhnə kişiyəm, bala,
    Nuh adlı sirdən gəlmişəm.
    Hara türk ayağı dəyib,
    Mən həmin yerdən gəlmişəm.

    Bir az şaman duasıyam,
    Bir az günəş şüasıyam,
    Gələn əsrin havasıyam,
    Ötən əsrdən gəlmişəm.

    Dodağımda türkü, şərqi,
    Dolanmışam qərbi, şərqi.
    Ya cüt, ya tək, eh… nə fərqi
    Hansı səbrdən gəlmişəm.

    Bu dağlar tərs, avand yerim.
    Qayalar sapand yerim.
    Hər şəhid qəbri –and yerim…
    Gör neçə pirdən gəlmişəm?!

    “37” ağrım, acım.
    Bu taledən hara qaçım?!
    Qalmayıb özgə əlacım,
    Adsız qəbirdən gəlmişəm.

    Təbrizim arzum, murazım.
    Taleyimdə qara yazım
    Bir az səbr et, xan Arazım,
    Mən dəli Kürdən gəlmişəm.

    Sibirel, sənə yaxınam.
    Gözündən qaçan yuxunam,
    Sürgündə qalan ruhunam,
    Qarlı Sibirdən gəlmişəm.

    1999

  • Eldar Nəsibli SİBİREL.”Bu dünyaya gələndən”

    12962488_1518521525123844_528584684_o

    Bu dünyaya gələndən,
    Yol gedirəm ölümə.
    Vallah, mənəm dözürəm
    Bu dərdə, bu zülümə.

    Dərd deməyə adam yox,
    Adamlar arasında
    Gün-gün, ay-ay ölürəm
    Nadanlar arasında.

    Yenə haqqın gözünə
    Kül ələyə bilmirəm.
    Mən özümü özümdə
    Dəfn eləyə bilmirəm.

    Öz odum yandıracaq
    Özümü əzəl-axır.
    Bilsəm də ki, haqq sözün
    Çörəyi daşdan çıxır.

    Haqq söz dar ağacısa
    Alsın məni qoynuna,
    Ömrümü kəfən kimi
    Dolamışam boynuma.

    1993

  • Eldar Nəsibli SİBİREL.”Qəribsəmişəm”

    12962488_1518521525123844_528584684_o

    Bu axşam nədənsə yaman kövrəyəm,
    Közərib od alır fikrim, xəyalım.
    Bu axşam həsrətlə vuran ürəyəm.
    Dağılıb, pərişan olubdur halım,
    Sənsən, doğma yurdum, könlümə düşən,
    Bu gün səndən ötrü qəribsəmişəm.

    Hanı bir mahnının tilsimiylə mən,
    Bir yaşıl çəməndə yatıb qaldığım?
    Qaçan cüyürlərin çəhlimiylə mən,
    Yorub yollarını əldən saldığım,
    Ay Damğaçı düzüm, ay Yanıq meşəm,
    Bu gün səndən ötrü qəribsəmişəm.

    Hanı dalğa-dalğa coşub-kükrəyən
    Sevgi fərəhimin uçan gülüşü?
    Zalım qardaşından qorxub titrəyən
    Bir qız dodağının qaçan gülüşü?
    Görüşə gecikən, gözü-bənövşəm,
    Bu gün səndən ötrü qəribsəmişəm.

    Görəsən, fikrindən keçirir nələr?
    Gözü yolmu çəkir anamın indi?
    Beşiyim başında uzun gecələr
    Yuxuma da layla çalanım indi.
    İstərəm bu dərdi sənlə bölüşəm,
    Ana, səndən ötrü qəribsəmişəm.

    1972

  • Eldar Nəsibli SİBİREL.Seçmə şeirlər

    12962488_1518521525123844_528584684_o

    Bu torpağın hər qarışı möcüzə,
    Zirvədə qış, dərədə yaz yaşayır.
    İldırımda ərənlərin qəzəbi,
    Çiçəklərin gözündə naz yaşayır.

    Çovğun günü xeyirxahın, təmizin,
    Ey ümidim, baxışında qız, isin.
    Gül tək ömrü dondurmağa xəbisin
    Nəfəsində şaxta, ayaz yaşayır.

    Gülüm, gördün eşqin dönür nağıla,
    Az qalır ki, buxarlanıb soğula.
    O gün baş qoy sinəm üstə, yuxula
    Orda hisslər oyadan saz yaşayır.

    Bütün dünya ürəyimə yerləşir,
    Xəzər dalğam dəcəlləşir, kürləşir.
    Bir gözümdə Xramla Kür birləşir,
    Bir gözümdə qəmli Araz yaşayır.

    Ana yurdun qayasıyam, daşıyam,
    Buludunun gözlərinin yaşıyam,
    Ümidini gələcəyə daşıyan
    Ürəyimdə arzu, muraz yaşayır.

    Ey Nəsibli, gecə-gündüz söz ovla,
    Heç kim deməz ilhamını cilovla.
    Səndən əvvəl sən yandığın alovla
    Bu dünyada Məmməd Araz yaşayır.

    BU DÜNYAYA GƏLƏNDƏN

    Bu dünyaya gələndən,
    Yol gedirəm ölümə.
    Vallah, mənəm dözürəm
    Bu dərdə, bu zülümə.

    Dərd deməyə adam yox,
    Adamlar arasında
    Gün-gün, ay-ay ölürəm
    Nadanlar arasında.

    Yenə haqqın gözünə
    Kül ələyə bilmirəm.
    Mən özümü özümdə
    Dəfn eləyə bilmirəm.

    Öz odum yandıracaq
    Özümü əzəl-axır.
    Bilsəm də ki, haqq sözün
    Çörəyi daşdan çıxır.

    Haqq söz dar ağacısa
    Alsın məni qoynuna,
    Ömrümü kəfən kimi
    Dolamışam boynuma.

    1993

  • İradə AYTEL.”Virtual sevgi”

    Ürəyi bərk-bərk döyünürdü. Bayaqdan bəri azı yüz kərə yaxınlaşdığı aynanın qarşısına bir də keçdi. Darağı götürüb yenidən saçlarını daradı. Yenidən ətirləndi. Aynadan ona boylanan uzun şabalıdı saçlı, şabalıdı gözlü qıza bir də baxdı. Gülümsündü. Aynaya, darağa, ətirə nəzər salıb ətli dodaqlarını büzdü: “Nədi, bezdiniz, sevinin ki, sizə toxunan mənəm” – deyərək yerində fırlandı. Əyninə kip oturan bəyaz rəngli donu mürgüdən ayılırmış kimi “gərnəşdi”…
    Gözəl idi, şirin idi, cazibədar idi. Amma bu gözəlliyi, cazibədarlığı hamı görə bilməzdi. Görmək üçün əvvəl onun gözlərinə, sonra isə ürəyinə baxmaq lazım idi. Bax, onda bu gözəllik qəlbləri ovsunlayır, zövqləri oxşayırdı.
    Özü yaxşı bilirdi bütün bunları. Özü-özünü tanıyırdı. Elə ona görə də darıxanda, əsəbi olanda, hətta sevinəndə aynanın qabağına yaxınlaşır, gözlərindən ürəyinə boylanırdı.
    Xoşbəxt idi. Soruşsaydılar ki, bu xoşbəxtliyin səbəbi nədir, bilməz, sadəcə gülümsünərdi. Amma onun xoşbəxtliyini də hər kəs görməzdi. Xoşbəxtliyini də gözlərinin dərinliyində gizlədər, təkcə özü boylanardı sevincinə.
    Gündüzü sevmirdi. Onunçün dünya gecədən, Aydan, ulduzlardan, küləyin səsindən, yarpaqların xışıltısından, gecə quşlarının nəğmələrindən, ürəyinin döyüntüsündən və… və şirin, ehtiraslı bir səsdən ibarət idi.
    Gecəni həsrətlə gözləyirdi. Hətta, bəzən Günəşə yalvarırdı ki, “nə olar get!”
    O xoşbəxt gecələrdə telefon dəstəyindən süzülən şirin pıçıltılar, ruhunun qidası, yaşamı idi. O səsi eşidəndə gözlərinə sevinc, bədəninə hərarət gəlirdi. Hərdən ona elə gəlirdi ki, qanadları var, istəsə səmaya uçar, göylərdə pərvaz edər.
    Gecənin pıçıltıları səhər azan çəkilənə qədər davam edərdi. Bu səsə hər ikisi eyvana çıxar, Allahın evindən gələn o müqəddəs sədanı birgə dinləyərdi. Onlara elə gəlirdi ki, o səs hər ikisinin ürəyinin səsidir. Və onların qəlbinin səsini bütün şəhər dinləyir.
    …Yenə də aynanın qarşısına keçdi. Gözlərinə, gözlərindən də özünə boylandı. Sevdi özünü. Sevindi özündə. Ürəyi döyündü. Ürəyinə döndü və onu şirin, nağıllı bir dünyaya aparan ürəyini yenidən sevdi…
    Saat 23:45-i göstərirdi. Görüş vədəsinə 15 dəqiqə qalırdı. Dünəndən qərara gəlmişdilər ki, saat 00:00 da görüşsünlər. Onlara elə gəlirdi ki, bu saatda dünya bircə anlıq susacaq, uyuyacaq və onlar həmin bircə anı özlərininki edəcəklər. Şərtləşdikləri kimi telefonları və işığı söndürməli idilər. Qaranlqda görüşəcək, elə qaranlıqda da ayrılacaqdılar. Hər ikisi bunun çox çətin olacağını bilsələr də, sözlərinə əməl edəcəklərinə əmin idi.
    Saat 23:58-i göstərəndə əlləri əsə-əsə otağın işığını söndürdü. Onun işığı söndürməyi ilə qapının döyülməyi bir oldu. Bir müddət yerindən tərpənə bilmədi. Ürəyinin döyüntüsü ilə qapının səsini səhv salmışdı. Qapıya tərəf getdi və əlini cəftəyə atdı. Lakin, açmağa cürət etmədi. Qapı yenidən döyüləndə qeyri-ixtiyari cəftəni burdu…
    Qaranlıq idi. Qapının kandarında donub qalmışdılar. Danışmasalar da ürəklərinin döyüntüsünü hər ikisi eşidirdi.
    – Salam! – Rüfət pıçıldadı.
    – Salam!
    – Bəs evə ötürmürsən?
    – Həə, bağışla, keç içəri.
    – Keçim ey, amma qaranlıqdı axı, ha tərəfə keçim?
    Hər ikisi gülümsündü. Bu təbəssümü gözlər görməsə də ürəklər duydu. Rüfət bayaqdan bəri açıq qalmış qapını örtdü və Günaya tərəf döndü. Yavaş-yavaş Günayın kölgəsi hiss olunurdu…

    ***

    İkisi də xoşbəxt idi. Telefonun dəstəyinden Rüfətin səsi eşidildi:
    – Günay!
    – Haycan!
    – İlk tanışlığımız yadındadı?
    – Yadımdadı!
    – Deyəsən yuxun gəlir?
    – Yoox, niyə ki?
    – Səsindən hiss elədim.
    – Necə ki?
    – Nə bilim, amma sənə deyim, yuxulu olanda səsin elə şirin, elə ehtiraslı çıxır ki, adamın ürəyini lap yerindən oynadır.
    – Rüfət!
    – Haycaan!
    – Demək istəyirsən ki, oyaq olanda şirin deyil hə səsim?
    – Ay dəli, bilirsənmi səsin məni elə ovsunlayıb ki, bütün günü işdə də səsini eşidirəm. Təsəvvür edə bilmirəm ki, sənin səsin olmasaydı nə edərdim.
    – Rüfət!
    – Haycaaaaan!
    – Rüfət, “haycan”ın da boyu əməllicə uzanıb. Ömrüm, niyə ilk tanışlığımız yadına düşdü?
    – Nə bilim, niyəsə həmin gün yadıma düşəndə gülməyim gəlir. Dedim: “Xanım qız, bağışlayın, sizin nömrəniz məndə var, amma bilmirəm kimsiniz?” Dedin: “Siz kimsiniz ki?” Dedim: “Mən Rüfətəm!” Bir minnətlə cavab verdin ki: “Nə olsun Rüfətsən, sözünü de!” Onda elə pərt oldum… Amma doğrudan da nömrən telefonumda var idi. Ona görə zəng elədim…
    Günay Rüfətin sözünü kəsdi:
    – Hə, sən də zəng elədin, əyər kişi səsi eşitsəydin telefonu qapadacaqdın, hə? Qız səsi eşidən kimi qərara gəldin ki, tanış olasan.
    – Hə də, sən qızcığaz da tezcə tanış oldun.
    Dəstəyin o başından Günayın cingiltili qışqırığı eşidildi:
    – Pis, nə vaxt tanış oldum? Sən söhbəti elə başladın ki, özüm də çaşdım. Elə bildim qohumumsan…
    Rüfət bir az yumşaq səslə dilləndi:
    – Yaxşı daa, zarafat edirəm. Amma gördün də, tanış olmaqda necə mahirəm?
    – Yaxşı, özünü öymə, bilirəm o sənin peşəndi!
    – Gülüm, səsin məni elə ovsunlamışdı ki, səni tanımaq üçün lap ilanı da yuvasından çıxarardım. Yadında, onda mənə sual verdin: “Sən haradasan?” Dedim: “Bakıda!” Dedin: “Hə, aramızda 365 km məsafə var” onda təxmin elədim ki, Gəncədəsən. Çox sevindim, sevindim ki, sən də gəncəlisən.
    Günay tələsik onun sözünü kəsdi:
    – Mən gəncəli döyüləm!
    – Di yaxşı, gəncəli döyülsən! – Rüfət də “deyilsən”i eynən Günayın ləhcəsi ilə dedi. – Onda bilmirdim axı gəncəli deyilsən. Bir də ki, nə fərqi var, Gəncədə yaşayırsan. Günay, yadındadı səhərisi sənə zəng vurdum dedim: “Olar, sənə sabah da zəng edim,” elə kobud şəkildə dedin ki: “Sən mənimçün maraqlı deyilsən!” Ələsgər demiş “sındı qol-qanadım yanıma düşdü”…
    – Neynəməliydim, deməliydim ki, hə elə, ölürəm zəngin üçün?
    Rüfətin gülüşü eşidildi:
    – Aha, deməli ölürdün zəngim üçün?
    – Yox eee, – Günayın səsi titrədi, – sözgəlişi deyirəm. Birdə ki, mən də səni tanımaq istəyirdim axı…
    – İndi tanıyırsan?
    – Necə ki? Hə, tanıyıram!
    – Sən ki məni görməmisən, bilmirsən keçələm, ya koram.
    – Sən də məni görməmisən. Bəlkə, elə mən koram, ya keçələm?
    – Keçəl olsan əladı da, gündə salonlarda qalmazsan.
    – Yaxşı daaa, Rüfət!
    – Neyniyim ey, qabağıma elə şərtlər qoydun ilk gündən: şəkil istəmə! Həmin gündən telefonun MMSi bağlı qaldi. Netde yalnız yazışaq! Kompüterin kamerasi məndən küsdü. Sen evinizə gələndə söz ver ki, biz tərəflərə gəlməyəcən! Dedim o da baş üstə! Nə edim ey “Ağa deyir sür dərəyə sürməliyəm! Qorxumdan sizin tərəflərə ayağımı da basmadım.
    – Yalançı! Ona görəmi ünvanımı məndən yaxşı bilirsən?
    – Gülüm, dinlə, mənə sənin xarici görünüşün önəmli deyil. Mən sənin ürəyini görürəm. Amma bir həqiqəti də deyim ki, daha dözmürəm. Səni görmək istəyirəm. Zarafat deyil, altı aydır tanışıq, bir birimizi görməmişik. Günaaaay!!!
    – Haycaaan!!!
    – Sənin də “haycan”ın böyüyür ee, gülüm! Noolar, gəl görüşək, axı səni görmək istəyirəm.
    Əslində Günay da Rüfəti görmək istəyirdi. Amma qorxurdu. Qorxurdu ki, xəyallarında, arzularında gördüyü, səsini eşitdiyi, duyduğu Rüfəti reallıqda duya bilməsin. Hər dəfə Rüfət görüşmək istəyini bildirəndə bir bəhanə ilə söhbəti dəyişirdi.
    Hər ikisi gecəni çox sevirdi. Hər ikisinin musiqi zövqü, həyata baxışları, intellekti üst-üstə düşürdü. Bu gecə həyatının, virtual görüşün reallığa çevrilən zaman öz mənasını itirəcəyindən qorxurdu Günay.
    – Rüfət!
    – Haycaaaaaan!
    – Ağlıma bir fikir gəldi.
    – Söylə.
    – Ürəyim, səni görmək, səsini yanımda eşitmək istəyirəm. Amma qorxuram. İnanırsan, bütün bunlardan qorxuram.
    – Aman Allah! Ay qız, mən səni yeməyəcəm. Söz verirəm. Hərçəndi, adam yeyənəm, amma səninlə görüşəndə başqasını yeyib, doyandan sonra gələcəm.
    – Yaxşı, zarafatsız deyirəm. Eh, gəl qışda görüşək.
    – Nədi, fikirləşirsən ki, mən ayıyam, qışda yuxuda olacam, səni yeməyəcəm?..
    – Ey Rüfət!
    – Gülüm, başa düş, mən səni görmək, əllərindən tutmaq, ürəyinin səsini eşitmək, saçlarını sığallamaq istəyirəm.
    Günay ürəyində dedi: “Eh, Rüfət bütün bunları mən də istəyirəm. Sənin səsini hər dəfə eşidəndə ürəyim yerindən atlanır. İstəyirəm məni bağrına basasan, oxşayasan, öpəsən, səni duymaq, sənin olmaq istəyirəm, Rüfət!”. Amma bütün bunları dilinə gətirə bilmirdi. Hərdən fikirləşirdi ki, keşkə Rüfətlə həyatda tanış olub, sonra telefonla danışaydı. Bəlkə, onda daha asan olardı. Aylardır həsrətini çəkdiyi, öyrəşdiyi, darıxdığı, çox istədiyi, aman Allah! Özünə belə etiraf etməkdən çəkindiyi, özünə belə demək istəmədiyi bir həqiqət – sevdiyi, bəli, sevdiyi Rüfətin gözlərinə baxmaq onunçün çox çətin idi. O, qorxurdu. Qorxurdu ki, Rüfətin gözlərində başqasını görər. O, qorxurdu ki, gözlədiyi istiliyi, hərarəti, sevgini Rüfətdə tapa bilməz. Pıçıldadı:
    – Rüfət!
    – Haycaaaaan!
    – Rüfət, görüşək. Amma gecə. Razısan?
    – Günay, nə fərqi var, təki səni görüm.
    – Yox eee, qaranlıqda. İstəmirəm məni görəsən. Mən də səni görməyim.
    – Gözlərimizi bağlayaq?
    – Hə! Ya gözlərimizi bağlayaq, ya da qaranlq bir yerdə görüşək.
    – Maraqlıdır. Bəs necə görüşək?
    – Bilirsən, qaranlıqda görüşək. Bir sən ol, bir də mən. Səsimizi eşidək…
    Rüfət onun sözünü kəsdi və:
    – Maraqlıdır. Səsimizi eşidək, ürəyimizin döyüntüsünü hiss edək… Ay qız, demirsən, qaranlıqda başqasınnan yapışaram?
    – Ey… Rüfət, razısan?
    – Razıyam, gülüm, razıyam. Sən necə istəsən. Təki yanımda olasan. Onda vaxtı de.
    – Yaxşı da, Rüfət, hələ indi danışdıq ki, vədələşmək də qalsın gələn dəfəyə.
    – Noolar, heç olmasa gec olmasın, noolar, gülüm.
    – Yaxşı, deyəcəm həvədə.
    – Nəəəə?
    – Deyəcəm də vaxtı.
    – Yox elə bil nəsə başqa söz dedin.
    – Ehh, dedim deyəcəm həvədə.
    – Həvədə nədi?
    – Yəni ki, nə vaxt.
    – Oy sənin ləhcənin qadasın alım. Ay kəndçi, səbirsizliklə gözləyəcəm…
    Sübh azanını birgə dinlədilər. Sağollaşdılar. Hər ikisi yatağına uzandı. Hər ikisi şirin, həm də həyəcan dolu xəyalların qoynunda çırpındı. Amma həmişəkindən fərqli olaraq xəyal onları ovsunlaya, yuxuya apara bilmədi. Qərara gəlmişdilər. Görüşməli idilər. Qorxurdular. Bu görüşdən hər ikisi qorxurdu. Altı aydır tapdıqları dostu, həmdəmi, sirdaşı, səmimiyyəti, sevgini itirə biləcəklərindən qorxurdular.
    Görüş söhbətini saldığına Rüfət peşman olmuşdu. Keşkə Günay yenə də razılaşmayaydı. Belə fikirləşirdi… Amma yox, axı o, Günayı görmək, ona daha yaxın olmaq istəyirdi.
    Hər ikisi gec yatdı həmin gün. Oyananda hər ikisi günün bitməsini, gecənin gəlməsini səbirsizliklə gözlədi

    ***

    Rüfətin əlləri Günayın saçlarında dolaşdıqca o, ürəyində bir istilik hiss edirdi. Rüfət onun yanında idi. O, Rüfətin səsini eşidir, nəfəsini duyur, sevdiyi insanın təmasını hiss edirdi. ilk dəfə yaşadığı bu məhrəm hisslər onu həmişə arzuladğı bir dünyaya aparmışdı. O dünyanın sakinləri yalnız mələklər idi. Sevginin qanadlarıyla uçan mələklər. Elə onun özü də qanadlı bir mələk idi. Göylərdə pərvaz etdikcə yaşamaq, yenə də yaşamaq istəyirdi.
    Unutmuşdu hər şeyi. Ürəyinin pıçıltılarını eşidirdi: “Sən dünyanın ən alisisən. Doğulan gündən səni gəzmişəm. Bir gün bu dünyadan əlimi üzsəm, içimdə sən boyda bir dünya aparacağam əbədiyyətə. Səni bir anın içində sevdim. Elə bircə anda əmin oldum ki, illərdir yolunu gözlədiyim, yuxularda gördüyüm, səsini eşitdiyim, duyduğum o kəs, məhz, sənsən. Gözləyirdim səni. Gecələrimdən nicat umurdum ki, səhəri gətirsin, səhərimə yalvarırdım ki, gecənin qoynuna dolsun. Sənin gəlişin mənimçün Ayla Günəşin, ağla qaranın, yaxşıyla pisin üz-üzə gələcəyi qədər çətin olsa da, içimdəki inam o çətinliyi hər an dəf etməyə hazır idi. Nəhayət, Sən gəldin!”
    Günaya elə gəlirdi ki, Rüfət onun qəlbinin pıçıltılarını dinləyir. Elə eynən həmin pıçıltıları Rüfət də Günaya söyləyir…
    Titrəyirdi. Bapbalaca quşcuğaz hərarətə sığınanda necə tir-tir əsirdisə Günay da Rüfətin ağuşunda eləcə əsirdi. Saçlarına toxunan hənir üzünə, dodaqlarına, boğazına dəydikcə ayaqları sustalır, ürəyi daha da şiddətlə döyünürdü. Telefonun dəstəyindən gələn pıçıltını belə yaxından eşitdiyinə inanmasa da, o pıçıltıya sığınır, bütün varlığını o hənirə təslim edirdi.
    Rüfətin qupquru, ipisti dodaqları dodaqlarına toxunduqca hələ indiyəcən duymadığı bir gizilti, bir istilik bütün bədəninə yayılırdı. Bu istiliyə dözə bilməyəcəyindən ehtiyat etsə də, dodaqlarını yavaş-yavaş qupquru dodaqlara yaxınlaşdırır, lakin bu səadətin bitəcəyindən qorxaraq geri çəkirdi.
    Hər ikisi bəxtəvər idi. Hər ikisi iki canda bir qəlbin döyüntüsünü eşidirdi. Aylardır həsrətində olduğu bütün yanında olmasına inanmayan Rüfət ona çox ehtiyatla yanaşır, dodaqlarını o bütün saçlarına, yanaqlarına, dodaqlarına, toxundurur, içindəki atəşdən qorxaraq geri çəkilirdi. Cənnətdəki bəmbəyaz almaya toxunmaqdan qorxan Adəm kimi qorxur, lakin, içində ona toxunmaq arzusunun böyüklüyü altında qıvrılırdı. O, bir həqiqətə əmin idi ki, xoşbəxt olmaq üçün Tanrının bəndələrə bəxş elədiyi ən böyük nemət sevgidir. Sevgi varsa fani cisim adiləşir. Bax, o Günayı görmür. Günayın gözlərinin rəngi, dodaqları, saçları… o bütün bunları hiss edir, yaşayır və özünü dünyanın ən xoşbəxt bəndəsi sanır.
    Rüfət yenidən barmaqlarını Günayın saçlarına toxundurdu. Sanki, güclü bir cazibə onun əllərini aşağıya doğru çəkirdi. O, yavaş-yavaş qarşısındakı bütün müqəddəsliyində özü də bütə çevrilirdi. Günayın sinəsi, yupyumuru bir cüt sinə qabarı, mütənasib vücudu, əynindəki kip donuna sığışmırdı. Rüfət də bunu duyurdu. Elə duyduğu üçün də bircə anda bu əsrarəngiz gözəlliyi xilas etmək istəyirdi. Və elə titrək əllərinin köməkliyi ilə bütü qəfəsdən azad elədi….
    Artıq xoşbəxtliyin göylərində pərvaz edən Günay özü də o kip geyimdən qurtulduğuna sevindi sanki… Rüfətin əlləri onun bədənində gəzindikcə içindəki giziltilərin çoxaldığını, ürəyinin harasa tələsərək onu da tələsdirdiyini hiss edirdi.
    Birazdan Rüfətin öpüşləri Günayın döşəməyə səpələnmiş saçlarında, qupquru, sopsoyuq dodaqlarında, açıq sinəsində dolanırdı. Bu öpüşlər daha heç yana tələsmirdi.
    Azan səsinə hər ikisi diksindi. Telefonda olduğu kimi hər ikisi o səsin sehrinə düşdü. Deməli, ayrılmalı idilər. Birazdan onları ayıran səhər açılacaqdı…

    ***
    Son zamanlar telefon danışıqları gecə görüşləri ilə əvəz olunmuşdu. Həyat yenə də onlar üçün gecədən, pıçıltılardan ibarət idi. Yenə də xoşbəxt idilər. Yenə də azan səsini birgə dinləyəndən sonra ayrılır, gecəni gözləyirdilər…
    ***

    …Günəşin al şəfəqləri gözünə düşdükcə bir əli ilə gözlərini örtməyə çalışır, o biri əli ilə yuxusunun ətəyindən bərk-bərk yapışırdı. Yox, deyəsən şipşirin yuxusu onu tərk etmək üçün elə özü bəhanə gəzirdi. Yerində qurcalandı. Gözlərini ovxalayaraq balışa səpələnmiş saçlarını yığıb sağ döşünün üstündə sahmanladı. Elə bilki, çarpayısı balacalanmışdı. Fikirləşdi “bu nədir, nə yaman narahatam, eh yerim daralıb deyəsən”. İstəməsə də gözlərini açıb yan-yörəsinə boylandı. Çarpayısının bir tərəfini zəbt edən qara, arıq, çilimsiz, həm də ona yadlardan yad olan kişini görəndə özünü itirdi. Yaşadığı sevgi dolu aylar, pıçıltılı gecələr, yanındakı yad kişinin qara qıvrım saçlarında əriyərək alnında muncuqlandı.
    Dönüb onu oyadan Günəşə acı-acı boylandı…

  • İradə AYTEL.”Araya yaş düşəndə”

    Sənnən xəbər gözlədim,
    Kipriyə qaş düşəndə.
    Quru-quru alışdım
    Araya yaş düşəndə.

    Oxunnan çıxıb yayım,
    Oxuma! Yatıb toyum!
    Ətaydı buta payım,
    Yuxuma daş düşəndə.

    Bu nə tale, nə yazı,
    A baharım, ayazım?
    Sən mənim alın yazım
    Alnıma qış düşəndə!

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Pul ver, öz yasıma nəmər yollayım

    Ağ kölgə kimiyəm gör, neçə vaxtdır,
    Bəlkə hisslərimə kəmər yollayım?
    Neynim, üzüm gəlmir əl açım şərə,
    Pul ver, öz yasıma nəmər yollayım.

    Mən dünən ölmüşəm, indi bilirlər,
    Ruhum ilmə tutub hanamdan betər.
    Şəklimin yerindən kitab asıblar,
    Şeytan ağı deyir anamdan betər.

    Duyğumu bükməyə ağ axtarmayın,
    Cana işıq verir cuna da, şükür…
    Kimsə nalə çəkir bayatı üstə,
    Mən «Segah» sevərdim, buna da şükür…

    …Hey səni gözlədim ölü rəngində,
    Qapımı döyən qız Yetər imiş ki…
    Öldüm, elə bildim canım qurtardı…
    Ölmək ölməməkdən betər imiş ki…

    Mən sevgiyə inanmıram, əzizim

    Şeh düşməyən cığırlara tor atma,
    Canı candan aralayır gor, atma…
    Əbəs yerə ürəyimə qor atma, –
    Mən sevgiyə inanmıram, əzizim.

    Söz şərabdı, camı sındır, qələmlə.
    İşin yoxdur pas bağlamış tələmlə.
    Çox əlləşmə cadu ilə, ələmlə, –
    Mən sevgiyə inanmıram, əzizim.

    Pul tapmadım şərab içib hallanım,
    Çıx get, qəmin nəşəsində ballanım…
    Atam deyil, anam deyil allanım, –
    Mən sevgiyə inanmıram, əzizim.

    Kimi kimə görk eləyib, andırıb?
    Həvvanı da, Adəmi də qandırıb…
    Məcnunları, Kərəmləri yandırıb, –
    Mən sevgiyə inanmıram, əzizim.

    Həyat mənə zülm elədi qul qədər,
    Canım əldən-ələ düşdü, çul qədər.
    Dəyəri yox beş-on manat pul qədər, –
    Mən sevgiyə inanmıram, əzizim.

    ***

    …Tək, ruhumdu yaşıdı…
    Bəlkə dürdü, qayədi;
    Bəlkə namaz daşıdı,
    Bəlkə də bir ayədi,
    Sənə yazdığım şeir?!

    Üstündədi qızlığı…
    Əzrayılın ahıdı…
    Adəmin yalqızlığı,
    Həvvanın günahıdı
    Sənə yazdığım şeir.

    Demə, Hikmət naşısa…
    Bəlkə torpaqdı, gildi…
    Bir əlcə başdaşısa,
    Bir əlcə boz şəkildi
    Sənə yazdığım şeir.

    ***

    İçimdəki şeytanla nərd atırıq arada, –
    Sanıram o, sevincin, qəmin bilir bu işin.
    Zəri elə cütləyir, mat qalırsan doğrusu,
    Zalım oğlu elə bil çəmin bilir bu işin.

    Şeytandı da, onun da öz Allahı, piri var,
    Nə vaxt qonağı olsan, şər alasan əlinə…
    Qarşısına keçəni mars eləyir dalbadal,
    Üzün gəlmir bir daha zər alasan əlinə.

    Mən «Allah» deyib girdim onun ilə oyuna
    O, məni mat elədi hər oyunda on kərə.
    Bundan sonra yəqin ki, ayrı düşən zərləri
    Əzrayılla oyunda cütləyərəm son kərə.

    «Pənc-yek»-«du-bir» sevdası heç çıxmır ki, başımdan,
    Cüt «sə»lərlə elə bil cadu verdi zər mənə…
    Çoxu atmaq istədi taleyi «şeşqoşa»tək…
    Mən də atdım, ya «cahar», ya «du» verdi zər mənə.

    Zərin işığı qalıb barmağımın ucunda,
    Tanrı məni tanıyır ya çöl kimi, ya damtək.
    İndi sakit durmuşam günahımın önündə,
    «Şeş» umanda, bəxtinə cüt «beş» düşən adamtək.

    Nərd də bir şans işidi, bəxtim yoxdu, neyləyim,
    Bu həyatın zərini tərs götürüm arada?
    Düz adamdan nədənsə, xoşu gəlmir Allahın,
    Gərək mən də şeytandan dərs götürüm arada.

    Dünya

    Zəlimxan Yaqubun «Gəl, şəklini çəkim, dünya» şeirinə nəzirə

    Yada verdin ləlimi sən,
    Ağıllımı, dəlimisən?
    Buraxmırsan əlimi sən,
    Gəl, nazını çəkim, dünya.

    Tutmaq olmur, yaman atsan,
    Qınamazlar zaman atsan…
    Kimdən kimə amanatsan?
    Gəl, nazını çəkim, dünya.

    Cadugərsən, falın yoxdu,
    Yollar daşlı, nalın yoxdu,
    Naz çəkməli halın yoxdu,
    Gəl, nazını çəkim, dünya.

    Ərə getdin, ər görmədin,
    Gəlin oldun, zər görmədin.
    Mən boyda dərd-sər görmədin,
    Gəl, nazını çəkim, dünya.

    Üzük taxdın, qaşı düşdü,
    Koma tikdin, daşı düşdü,
    Oğlun-qızın naşı düşdü,
    Gəl, nazını çəkim, dünya.

    Sahilində qayıq gördüm,
    Ürkək gördüm, sayıq gördüm,
    Səni tez-tez ayıq gördüm,
    Gəl, nazını çəkim, dünya.

    İman ayrı, din ayrıdı,
    Nifrət ayrı, kin ayrıdı,
    Hikmət ayrı, cin ayrıdı,
    Gəl, nazını çəkim, dünya.

  • Şair İbrahim İlyaslıdan doğum günü kutlaması

    77-in kutlu olsun
    Uca dağların şairi!
    Gülqarışıq söz bitirən
    Bağça-bağların şairi!!!

  • Elçin İSGƏNDƏRZADƏ-55

    Günlərdən; Çağdaş Azərbaycan poeziyasının və elminin ünlü ismi, əsil və əsl türk aydını, dəyərli dost ELÇİN İSGƏNDƏRZADƏnin 55 illik yubiley günü. Kutlu olsun! Təbrik edirəm, ən xoş diləklərimi ismarlayıram! 50 illik yubiley günündə adına ünvanladığım şeiri dostlarla paylaşıram.
    Bir il öncə keçdim o körpüdən mən,
    Gəlib sənə çatdı sıra, bax, Elçin.
    Əlli yol talandıq Ələsgərmisal,
    Əlli yerdən aldıq yara, bax, Elçin.

    Yol yola calandı, yol yolu qırdı,
    Sol sağı əylədi, sağ solu qırdı.
    Yüz min qol yığışıb bir qolu qırdı,
    Qolu qırıqlarıq hara bax, Elçin.

    Ah, o kaman ki var, sızlar yalınca,
    Çalmasaq yeyiymiş onu çalınca…
    Göyçədən sürülən sazın dalınca
    Şuşadan sürülən tara bax, Elçin.

    Nolsun ömür sürdük – bu ömürdümü?
    Qara qatıqdımı, ağ kömürdümü?!
    Yurdu yağmalanan bə görmürdümü,
    Haqq necə çəkilir dara, bax, Elçin.

    Dilimin altda buz, üstə köz qalıb,
    Yenə “tabla” qalıb, yenə “döz” qalıb.
    Ruhumun taxtında üçcə söz qalıb –
    Qarabağ, Qarabağ, Qarabağ, Elçin!

    İbrahim İlyaslı

  • Xalq şairi Hüseyn ARİF.”Tapdım-itirdim”

    Ayrıldım, ayrılmaq istəməsəm də,
    Bir həyat neməti tapdım-itirdim.
    Məni qınamayın acı desəm də-
    Şəkəri, şərbəti tapdım-itirdim.

    Vamı mənim kimi dərd çəkən aşiq,
    Dönüb zülmət oldu gözümdə işıq,
    Hanı o şirin dil, o xoş danışıq,
    Hər sözü-söhbəti tapdım-itirdim.

    Üstümə gülməsin yaxınım, yadım,
    Şair çağrılsa da, həyata adım,
    Necə indən belə yazım, yaradım,
    Şeri, şeriyyəti tapdım-itirdim.

  • Xalq şairi Hüseyn ARİF.”Heyifim gəldi”

    Oğrun-oğrun baxdın mənə,
    Gözünə heyifim gəldi.
    Busə verdin bir nadana,
    Üzünə heyifim gəldi.

    Yaman yerdə can darıxdı,
    Ağrılar qəlbimi sıxdı,
    Dilindən bir yalan çıxdı,
    Sözünə heyifim gəldi.

    Bağ saralıb, çəmən solub,
    Göy dərələr çənlə dolub,
    Hüseynə olan olub,
    Özünə heyifim gəldi.

  • Xalq şairi Hüseyn ARİF.”Səni unuda bilmərəm”

    Ay dolanar, il dolanar,
    Səni unuda bilmərəm.
    Könül yanar, can dolanar,
    Səni unuda bilmərəm.

    Yaz üzülə, payız keçə,
    İstər gündüz, istər gecə,
    Neçə gözəl gəlib keçə,
    Səni unuda bilmərəm.

    Sözün saxladı sözümü,
    Gözün ovladı gözümü,
    Unutmayınca özümü,
    Səni unuda bilmərəm.

  • Xalq şairi Hüseyn ARİF.”Arasında”

    Sən gəzərsən, a bəxtəvər,
    Çiçəklə gül arasında.
    Mən qalmışam səhər-səhər,
    Alovla kül arasında.

    Gülüşündən gül çilənir,
    Yanaqların qönçələnir.
    Tər bədənin cilvələnir,
    İpəklə tül arasında.

    Dost aralı, yad yaxındı,
    Kim gedib kimə sığındı.
    Hüseyn Arif, nə qırğındı,
    Gözlə könül arasında?!

  • Xalq şairi Hüseyn ARİF.”Ay oğul”

    Ötən çağını düşünək,
    Gələn çağını, ay oğul.
    Möhnət solumu qurudub,
    Həsrət çağımı, ay oğul?

    Bəxt ulduzu axdı ömrün,
    Ümidini yıxdı ömrün.
    Qarasımı çoxdu ömrün,
    Görən ağımı, ay oğul?

    Arifi nələr ağrıdır,
    Eniş çətin, yoxuş ağır,
    Ata dağını ağırdır,
    Oğul dağını, ay oğul?..

  • Əziz MUSA.”Gülüm”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ha yüyürdüm, çatmadım
    Uzandı bu yol, gülüm,
    Dayan, qoy gəlim, çatım,
    Getmə mənim ol, gülüm.

    Sən mənim ürəyimsən,
    Ətirli çiçəyimsən,
    Bir nazlı mələyimsən,
    Məni yada sal, gülüm.

    Yaman gecikdi səhər,
    Sənsiz dözüm nə təhər,
    Hər sözün şirin, şəkər,
    Dodaqların bal, gülüm.

    Məndən uzaq gəzmə sən,
    Gözlərini süzmə sən.
    Ürəyimi üzmə sən.
    Gəl yanımda qal, gülüm.

    İnsaf eylə sən, sən mənə,
    Yolumu salma çənə,
    Canım qurbandı sənə,
    Gəl canımı al, gülüm.

  • Əziz MUSA.”Başlayıb”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Vallah şirin olur, gözün ilk ovu,
    İlk eşqim, son eşqim sənsən dünyada,
    Məni qorxuzmayır eşqin alovu,
    Daha öyrənmişəm aha, fəryada.

    Mənim bu sevdadan bir istəyim var,
    Sönməsin qəlbimdə ocağım, közüm,
    Tanrıdan bir arzu, bir diləyim var,
    Yollarda qalmasın heç zaman gözüm.

    Qoyma ümidlərim solsun gül kimi,
    Sənə taleyimi vermişəm gülüm,
    Sevgiylə dillənir qəlbimin simi,
    Sevgi olan yerdə gücsüzdür ölüm.

    Ay mənim ömrümün nurlu səhəri,
    Gəl daha unudaq dərdi, hicranı,
    Mən səni sevəndən ey nazlı pəri,
    Sənə tapşırmışam bu sevən canı.

    Mən keçib gəlmişəm qardan, tufandan,
    Güllərin ədası, nazı başlayıb,
    Sən mənim qəlbimdə qərar tutandan,
    Ömrümün baharı, yazı başlayıb.

  • Əziz MUSA.”Sevgi”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Qızıldı, gümüşdü , dürdü, incidi,
    Ömrün şah budağı, qoludu sevgi.
    Dünyada hər şeydən o, birincidi,
    Həyatın bənzərsiz yoludu sevgi.

    Göylərin nurudu, yerin bəzəyi,
    Tanrının ən zərif gülü, çiçəyi,
    Odur döyündürən odlu ürəyi,
    Nəğməylə, şeirlə doludu sevgi.

    Bir könül səsidi ucadan uca,
    Onunla tanınır hər gənc, hər qoca,
    Həmişə, hər yerdə o, dönür taca,
    Sevən ürəklərin quludu sevgi.

    Ömrün xoş baharı, havası odu,
    Həyatın məqsədi , mənası odu,
    Bütün gözəlliyin mayası odu,
    Dünyanın ən şirin balıdı sevgi.

    Tanrının müqəddəs, ülvü işidi,
    Göylərin yerlərə bir bəxşişidi,
    Ürək sevincidi, göz gülüşüdü,
    Əzəldi, gözəldi, uludu sevgi.

  • Əziz MUSA.”Bizə dikilibdi hamının gözü”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Qəlbimimi , könlümü vermişəm sənə,
    Məni incidirsən sən bilə-bilə,
    Vəfasız söyləmə gülüm sən mənə,
    Mənim tək bir sevən olmayıb hələ.

    Sənsiz bircə günüm olmasın canım,
    Eşqin ilk harayım, ünün olubdu.
    Sənsiz yaşamaram ay mehribanım,
    Baxışın işıqlı günüm olubdu.

    Varlığım sənindir, ruhum sənindir,
    Vallah bu dünyaya vermərəm səni.
    Nə olar can deyib sən məni dindir.
    O xoş sözlərinlə sevindir məni.

    Eşqin yolçusuyam səni görəndən,
    Sən məni atmısan alova, oda,
    Gözlərim dərdindən qəm süzür hərdən,
    Sən məni qısqanma özgəyə, yada.

    Gəl, gətir ömrümə baharı yazı,
    Bizə dikilibdi hamının gözü,
    Mən səndə görmüşəm ən şirin nazı,
    Mən sənə yazıram ən dadlı sözü.

  • Kənan AYDINOĞLU.”Könlümü təbiət özü alıbdı”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Yenə səssizlikdi mənim könlümdə,
    Elə bil dərdimi soruşan yoxdu.
    Misralar içndə, kəlmə içində,
    Adından bir dastan danışan yoxdu.

    Baxma ki, keçibdi gün qatar kimi,
    Yenə də qəlbimdə həsrət qalıbdı.
    Yolun gözləyəndən bir körpə kimi,
    Könlümü təbiət özü alıbdı.

    Bir də bilirsənmi sənin yolunu,
    Yenə gözləməkdən yorulmadım heç?!
    Qəlbimi sevgiyə, şeri sevgiyə,
    Bu gün səsləməkdən yorulmadım heç.

    Dastan söylədiyim həmin o əsər,
    Əslində sözünün kəsəriymiş, eh.
    Bəlkə də dilindən çıxan bir kəlmə,
    Şairin ən böyük əsəriymiş, eh.

  • Kənan AYDINOĞLU.”Zülmətdən ayırlıb işığa dönər”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Hər dəfə gələndə üz-üzə yenə,
    Nələr söyləyəcək o qara gözlər?!
    Duyğumu, hissimi qoparıb məndən,
    Hara aparacaq, de, hara gözlər?!

    Zülmətdən ayırlıb işığa dönər,
    Hüsnü camalından o yara gözlər.
    Çəksəm də həsrətin illər uzunu,
    Çəkməsin heç məni qoy dara gözlər.

    Danışmaz dərdini dərdli olsa da,
    Nə saza, kamana, nə tara gözlər.
    Tökülsə üstünə qəm-qübar sənin,
    Telin tək kpriyi sən dara gözlər.

    Leyliyə çevrilib gözüm önündə,
    Səhrada Məcnunu sən ara gözlər.
    Tökməz dərd-sərini Ana torpaqda,
    Heyvaya, almaya, eh nara gözlər.

    Bir həssas baxışdan bürünər yenə,
    Bulaq tək dumuduru ağ qara gözlər.
    Yönəltməz fikrini yorğun olsa da,
    Dövlətə, zinətə nə vara gözlər.

    Bulacaq aşiqə bir təbib kimi,
    İnan ki, yanında bir çara gözlər.
    Hər dəfə gələndə üz-üzə yenə,
    Nələr söyləyəcək o qara gözlər?!

    21-22 may 2010.
    Lökbatan qəsəbəsi.

  • Kənan AYDINOĞLU.”Ay Nigar xanım!”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    “Koroğlu” dastanında Çənlibel
    xanımlarının ağbirçəyi Nigar xanıma.

    Çənlibel yurdunda cavan Eyvazdan,
    Söylə sən bir xəbər, ay Nigar xanım.
    Övladsız qalsan da qüssələnmə heç,
    Çəkilsiz qoy kədər, ay Nigar xanım.

    Nəbi də, Həcər də qəhrəmanlıqda,
    Olmaz heç sən qədər, ay Nigar xanım.
    Çıxanda dəlilər səfərə bu gün,
    Səslənsin qoy zəfər, ay Nigar xanım.

    Gözünə ələnən bəyaz nisgilin,
    Ruhu, canı kəsər, ay Nigar xanım.
    Fəqət dağılanda göz yaşın sənin,
    Gülsün üzə səhər, ay Nigar xanım.

    Koroğlu at üstə nərə çəkəndə,
    Titrəyən xan əsər, ay Nigar xanım
    Döyüş ki, meydanda zəfər himnini,
    Eşitsin kənd, şəhər, ay Nigar xanım.

    *qaralar-gələcəkə zaman mənasında qaralayar sözünün şəkilçiləşmiş formasıdır.
    **yaralar-gələcəkə zaman mənasında yaralayar sözünün şəkilçiləşmiş formasıdır.

  • Kənan AYDINOĞLU.”Fəryad qoparanda analar eldə”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Fəryad qoparanda analar eldə,
    Dağların başını qar alar gedər.
    Matəm simvoludur, bilirəm, yenə,
    Ağın arxasınca qaralar gedər.
    Kitabdan silinən bir xatirə tək,
    Qələm də adını qaralar*gedər.

    Dillərdən tökülən neçə kəlməni,
    Ovsunlu baxışla yar alar gedər.
    Sərhədi keçəndə kədərlə birgə,
    Sevinclər vurulub, yaralar gedər.
    Ovçunun əlindən qaçan maral tək,
    Güllələr yanbayan yaralar** gedər.

    *qaralar-gələcəkə zaman mənasında qaralayar sözünün şəkilçiləşmiş formasıdır.
    **yaralar-gələcəkə zaman mənasında yaralayar sözünün şəkilçiləşmiş formasıdır.

  • Xalq şairi Zəlimxan YAQUB.”İstanbul qızı”

    İstanbul qızının teli darandı,
    Dedi: – Gözəldimi?
    Dedim: – Gözəldi!
    Büllurdan töküldü, nurdan yarandı,
    Dedi: – Gözəldimi?
    Dedim: – Gözəldi!

    Qulağın sırğası, saçın cunası,
    Barmağın üzüyü, əlin xınası,
    Elin yaraşığı, gölün sonası,
    Dedi: – Gözəldimi?
    Dedim: – Gözəldi!

    Üzün təbəssümü, yanağın xalı,
    Qəlbin hərarəti, dodağın balı,
    Belin incəliyi, gərdənin şalı,
    Dedi: – Gözəldimi?
    Dedim: – Gözəldi!

    Sevgi yollarıyla çıxılan yoxuş,
    Tanrı əlləriylə vurulan naxış,
    Vurulan, durulan, süzülən baxış
    Dedi: – Gözəldimi?
    Dedim: – Gözəldi!

    Baxışı söndürdü odlanan şamı,
    Görüşlər həyatın ləzzəti, tamı.
    Nurlu İstanbulun aylı axşamı
    Dedi: – Gözəldimi?
    Dedim: – Gözəldi!

    Ağlımı, ruhumu əlimdən aldı,
    Ney kimi göynətdi, saz kimi çaldı.
    Axırda bir şirin xəyala daldı,
    Dedi: – Gözəldimi?
    Dedim: – Gözəldi!
    Ömürdən saymadı boş keçən ömrü,
    Bahara döndərdi qış keçən ömrü.
    İnsanın insanla xoş keçən ömrü,
    Dedi: – Gözəldimi?
    Dedim: – Gözəldi!

    Qəlbimin qanını sızan elədi,
    Məni eşqə saldı, yazan elədi.
    Şair Zəlimxanı ozan elədi,
    Dedi: – Gözəldimi?
    Dedim:-Gözəldi!!!

    İstanbul, 1991

  • Xalq şairi Zəlimxan YAQUB.”Çin qızı, Çin gözəli!”

    Yanağın güldən zərif,
    Belin telindən incə.
    Dilin sözündən şirin,
    Sözün dilindən incə.
    Göy suların ağ quşu,
    Sən mənim nəzərimdə
    Dünyanın ən gözəli!
    Çin qızı, Çin gözəli!

    Dünyanın heç yerində
    Sənin kimi pəri yox,
    Həyatın səndən baha
    Sərvəti yox, zəri yox.
    Bu, Allahın işidi,
    Sənin gözəlliyindən
    Bəndənin xəbəri yox.
    Yaradanın, Tanrının,
    Allaha tən gözəli!
    Çin qızı, Çin gözəli!

    Bu ağlıq ki səndə var,
    Süd gölündə çimənsən.
    Bu ətir ki səndə var,
    Yamyaşıl bir çəmənsən.
    Bu qiymət ki səndə var,
    Ləlsən, yaqut, yəmənsən.
    Süd yox, ana döşündən
    Ay işığı əmənsən.
    Türk gələ, İran gələ,
    Külli Hindistan gələ,
    Yerini verə bilməz
    Dünyanın min gözəli!
    Çin qızı, Çin gözəli!

    Səni ana doğmayıb,
    Səni ata əkməyib.
    Buludun arasından
    Hazır enmiş mələksən.
    Heç kəs səni böyüdüb,
    Zəhmətini çəkməyib.
    Bir səsə bax, ay Allah,
    Nəfəsə bax, ay Allah,
    Qumru belə ötməyib,
    Kəklik belə səkməyib.
    Heç yerdə görməmişəm
    Belə zərif, belə şux,
    Bir belə şən gözəli!
    Çin qızı, Çin gözəli!

    Mən indi başa düşdüm,
    Niyə Nizami babam
    Çin yazıb, Çin deyirmiş!
    Mən indi başa düşdüm,
    Niyə Füzuli babam
    Sevgiyə din deyirmiş!
    Mən indi başa düşdüm,
    Nə üçün Molla Pənah
    Çinü-Maçin deyirmiş!
    Qar zirvənin şöhrəti
    Dağların çən gözəli!
    Dünən babalar olub,
    Bu gün heyranın mənəm,
    Çin qızı, Çin gözəli!

    Mart, 1994, Şanxay

  • Xalq şairi Zəlimxan YAQUB.”Küsmə məndən”

    Bir məclisds qızlarımıza “Çin gözəli”
    şerini oxuyurdum. Nəsibə adlı gözəl bir
    qız şeri axıra qədər dinləmədən küsüb
    bayıra çıxdı ki, nə üçün belə gözəl bir
    şeri Azərbaycan gözəlinə yox, Çin qızına
    yazmısınız.

    Küsmə məndən gözəl mələk, gözəli Allah yaradır,
    Mənim kimi qullar üçün gözəlləri şah yaradır.
    Məcnunları gecə-gündüz salır sonsuz səhralara,
    Harda sevən Leyli varsa, orda bir dərgah yaradır!

    Bircə gözəl yaradıbsa, bütün Çinə qurban olum,
    Hansı dində olur-olsun, mən o dinə qurban olum,
    Yaradanın eşq adlanan hikmətinə qurban olum,
    Yeri-göyü sevmək üçün insanda tamah yaradır!

    Bakı hara, Pekin hara, könlüm onu yada salır,
    Günahkaram, günahlarım ruhuma qan-qada salır,
    Qadir Allah sevənləri diri gözlü oda salır,
    Yazıq bəndə sevə-sevə gündə bir günah yaradır!

  • Xalq şairi Zəlimxan YAQUB.”Sevgi”

    Gələndə yaşımı heç soruşmadı,
    Baxmadı zamana, yaşa bu sevgi.
    Birdən bir dəlisov oğlana döndü,
    Tutdu pəncərəmi daşa bu sevgi.

    Dedilər yol axtar qız ürəyinə,
    Süzül damla-damla, süz ürəyinə.
    Od qoydum yanmışın buz ürəyinə,
    Az qaldı dünyanı aşa bu sevgi.

    O səslər hələ də qulağımdadı,
    Baharın həsrəti yanağımdadı.
    Hələ ki, payızın sınağındadı
    Görək, dözəcəkmi qışa bu sevgi.

  • Xalq şairi Zəlimxan YAQUB.”Çatasıyam”

    Ulduz olub uzaqlarda dayanma,
    Mənə gəlsin gözlərinin qadası.
    Yanmalıdır eşqimizin ocağı,
    Bir od vurub çatasıyam, çatası.

    Hey düşürəm arzuların dalına,
    Əl atıram dəymişinə, kalına.
    İnam adlı bir köhlənin yalına
    Yatasıyam, yatasıyam, yatası.

    Üzmədiyim ümman qədər dərinsən,
    Çatmadığım arzu qədər şirinsən.
    Üz döndərib dumanlara bürünsən,
    Elə bilmə batasıyam, batası.

    Xan Kərəmi yada sala, andıra,
    Həsrət məni buğum-buğum yandıra,
    Birdəfəlik bu ayrılıq andıra
    Öz əlimi qatasıyam, qatası.

    Əllərimi dağ doğraya, daş kəsə,
    Taqətimi gözdən axan yaş kəsə,
    Aylar-illər pambıq ilə baş kəsə,
    Yenə sənə çatasıyam, çatası.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Gözlər”

    Oğlan çox oynadı öz şadlığından,
    Onu alqışladı toy decəsi də.
    O gecə qızların bir neçəsi də
    Ayırmaq bilmədi gözünü ondan.

    Yatdı ürəklərə çirin sözü də,
    Hələ zarafatla şərə saldılar.
    O gecə gəlin də, bəyin də özü də
    O tanış oğlandan razı qaldılar.

    Lakin sevdiyin qız bunu görərək,
    Çevrilib başqa cür baxdı oğlana.
    Köksündən neçə yol çırpındı ürək,
    Özgənin evində nə desin ona?!

    Gülmədi o, neçə cavan içində,
    Gözlər gah oğlana, gah qıza döndü.
    Elə tutuldu ki, bir an içində
    Bənizi ağappaq kağıza döndü.

    Üz-üzə dayandı qız ilə oğlan,
    Hiss edən olmadı lakin heç nəyi.
    Oğlanın əlindən düşüb bu zaman,
    Oldu çilik-çilik dolu qədəhi.

    O gənc utanaraq tez əyildi ki,
    Sınmış qədəhini qaldırsın bu an.
    Ancaq, toy gecəsi elə bildi ki,
    Zarafat edirmiş iki mehriban.

    Baxışlar toqquşdu burda yenidən.
    Kim deyir məclisdə qədəh sınmasın,
    Görün nə oxudum o gözlərdə mən:
    Təki qədəh sınsın ürək sınmaın.
    1956

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İçimdə”

    Üzümü xoş görüb, xoşbəxt deyirsən,
    Ağrı içimdədi, yara içimdə.
    Dərdimi soruşma, a dırdin alım,
    Gəl axtar içimdə, ara içimdə.

    Qapalı ümmandı elə bil sinə,
    Çalxalanır, sığışmır öz hövzəsinə.
    Qızıl balıq kimi üzür tərsinə,
    Ürəyi salıblar tora, içimdə.

    Ürəkdən çəkirəm, ürək acıyam,
    Fikir dünyasıyam, söz yamacıyam.
    Özüm özüm boyda dar ağacıyam,
    Dara çəkilirəm, dara içimdə.

    Taleyim xeyrə yox, şərə qol çəkir,
    Dərdi ya qız çəkir, ya oğul çəkir.
    Nazim fikirlidi, gözü yol çəkir,
    Xatirə yanımda, Sara içimdə.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Çətindir mənimlə birgə yaşamaq”

    Çətindir mənimlə birgə yaşamaq,
    Bəzən gözlərimdə dəyişir aləm .
    Mənimlə ömür – gün yoldaşı
    olmaq
    Bir az da çətindir ,
    Başa düşürəm .
    Nə duman çəkilir , başımdan nə
    çən ,
    Tufanlı boranlı dağam mən ,
    nəyəm ?!
    Nə bilim ,
    Dünyada mən öz əlimdən
    Bəlkə də birinci şikayətçiyəm .
    Məndə bir ” mən ” də var ….
    Məndən bixəbər ,
    Nə eşidər məni , nə sayar məni .
    Yer var ki o məni hörmətsiz
    eylər ,
    Yer də var şöhrətə çatdırar məni .
    Bir qəmi bir ürək gəzdirə bilər ,
    Yüz ürək qəmi var bu bir
    sinəmdə .
    Mən yerdən göylərə baxsam da
    əgər ,
    Göy ürəyimdədir….
    Yer ürəyimdə .
    Bir insan olsaydım nə idi dərdim ,
    Yaşardım hər fəsil bir paltar
    geyib ,
    Evimdə çay içib ,
    Çörək də yeyib
    Bir insan qəmini çəkə bilərdim .
    Sinəmdə xalqların bədbəxt taleyi ,
    Bəzən bir aldanmış qadın gileyi ,
    Bəzən bir torpağın batan
    çeşməsi ,
    Bəzən bir üzsüzün üzə düşməsi ,
    Könlümün yayını çəkib qırırlar ,
    Səndən diqqətimi yayındırırlar .
    Elə ki , tutuldum , gözlə bir qədər ,
    Bir az qayğıkeş ol sən ana kimi .
    Yağış yağan kimi açılır göylər ,
    Mən də yağmalıyam …..
    Yağana kimi .

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Pəncərəm önündə sular çağlayır”

    Pəncərəm önündə sular çağlayır,
    Xal düşür gecənin aydınlığına.
    Qollarım üstündə bir qız ağlayır,
    İnana bilməyir qadınlığına.
    Başının örpəyi yana sürüşüb,
    İçməyib,məst olub………
    Səbəbi nəydi?
    Yerin çəkisizlik qütbünə düşüb,
    Bu qütbü nə vaxtsa o,keçməliydi.

    Özü gözlədiyi bir gün gəlibdi,
    İndi soruşmayın, heç bilməyir o.
    Qadınlıq qızlığa üstün gəlibdi,
    Ağlaya-ağlaya gülümsəyir o.
    Açıb gözlərini indi qalxacaq,

    Tanımır özünü şirin röyada.
    Qızlar nə deyəcək ,bilmirəm,ancaq
    Mübarək!
    Bir qadın artdı dünyada.
    Bir kişi qayğısı artdı,
    Mübarək!

    Bu gecə hər qəlbə nur ələnibdi.
    Nəqədər qadın var ,o qədər demək
    Dünyaya qayğılar səpələnibdi.
    Azalır o bəzən,artır o bəzən
    Sınanır varlığı, yoxluğu üçün.
    Bəlkə mən, sevirəm dünyanı qəlbən,
    Qadın təbiətli olduğu üçün.

    Bəzən bir eyhamla, ya baxış ilə
    Nə qədər istəsən söz demək olur.
    Yalnız bir qadının təbəssümüylə
    Yüz ağlayan olsa,kiritmək olur.

    Köksündə gizlicə sevən ürəyi
    Gözündə həmişə məlum olubdu.
    Kişilər önündə cəbrlə deyil,
    Qadınlar xahişlə məğlub olubdu.

    O ən müqəddəsdi,ən mədənidi,
    Bəşər nəslimizə o həyat verir.
    Qadının sərvəti- öz bədənidi,
    Onu da kişiyə mükafat verir.

    Qollarım üstündə bir göz yaşını
    Bir qərib gülüşü öpürəm hələ.
    Özü qız saçını,qadın saçını
    Üzümə dağıdır öz əllərilə.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Budaq müəllim”

    Haqdan qulağıma tanış səs gəlir,
    Bir az yorğun gəlir, təngnəfəs gəlir,
    Adını çəkirəm, adın nəs gəlir,
    Dünya burtəhərdir, Budaq müəllim.

    Biz həyat deyirdik, həyat yuxuymuş,
    O bu gün varıymış, sabah yoxuymuş,
    Şirini nəymiş ki acısı buymuş?
    Şərbəti zəhərmiş, Budaq müəllim.

    Çağırsam uzaqdı, səsim yetişməz,
    Canda can yarası sızlar, bitişməz,
    Mənsiz ötüşən iş sənsiz ötüşməz,
    Əyən əyilərmiş, Budaq müəllim.

    Ruhunmu toxunub bu şerin üstə?
    Nə göyün altdayam nə yerin üstə,
    Dünən yağış töküb qəbrinin üstə,
    Göy otlar göyərmiş, Budaq müəllim.

    Sən ki o vətənə qayıdasıydın,
    Qaçqının, köçkünün soy atasıydın,
    Təzədən böyüyüb boy atasıydın,
    Bax, buna dəyərmiş, Budaq müəllim,
    Dünya birtəhərmiş, Budaq müəllim!

  • Şairə-publisist Nəcibə İLKİN.”MƏNDƏN GÖRSƏNƏN MƏN, YAXUD ÖZÜMLƏ ÜZ-ÜZƏ” (Müsahibə)

    Salam. Necəsən adaş?
    -Salam. Sağ olun, şükür Allaha, pis deyiləm.
    Özünüzü necə hiss edirsiniz, sıxılmırsınız ki?
    -Haqsızlığı böyük olan ölkədə sıxılmamaq olar. Ancaq bu sıxılmaların içində də bir gözəllik var. İnsan sıxıldıqca mətinləşir, güclənir. Sıxıntılardan yorulduğum zaman həqiqətimin qələbəsi istirahətimin ləziz xörəyinə çevrilir.
    Özünüzlə üz-üzə tez-tez dayanırsınız. Belə vaxtlarda cənnətə üz tutursunuz, yoxsa cəhənnəmə?
    -Cənnətdə qalib iblis olmaqdansa, cəhənnəmdə mələk olmaq daha yaxşı- dır. Bir də ki, Əzraryıl öz dərkənarını qoymayıb ki…
    Yaxşılıq etməyi çox sevirsiniz, yoxsa pislik etməyi?
    -Həyatda iki şeyi unutmaq lazımdır: Bir sənin kiməsə etdiyin yaxşılığı, bir də kiminsə sənə etdiyi pisliyi. Kim nə edirsə özü üçün edir.
    Ən böyük sevinciniz?
    -Yaxşılıq etməkdən böyük sevinc yoxdur. Onun mükafatını Allah verir.
    Sizin üçün tərbiyə nədir?
    -Tərbiyə mənəvi saflıq, ruhi təmizlikdir. İnsanda tərbiyə ruhən olmalıdır. Yoxsa onun cismi çirkli, vicdanı ləkəli olar..
    Bağışlamağı bacarıırsınız, yoxsa kinli-küdurətli olmağa üstünlük verir- siniz?
    -Allah da bağışlayandı. Əslində bağışlamaq yaxşı insanların intiqamıdır. Bağışlamaq olmasa qalib gəlmək də mümkün deyil. Qaldı ki, kin-küdurətin özündə də bir mübarizlik var.
    Özünüzə çox inanırsınız, yoxsa gücünüzə?
    -Həqiqət həmişə ağıllı və düşüncəli insanların ağiına yol tapır. Olan həqiqəti aşkara çıxarmayınca özümə inanmıram. Yalançılığa və yamanlığa sürüklənən gözlərimi isə çıxarmağa belə hazıram.
    9.Sevgidə güclüsünüz, yoxsa nif rətdə?
    -Hər ikisində. Sevirsənsə, nifrət etməyi bacarmalısan. Dahi Bəxtiyar deyir ki;
    Sevirəm nifrətin lap son həddini,
    O sevgi doğacaq, o sevgi ancaq!
    Sevgi, məhəbbət, eşq. Bunlara münasibətiniz?
    – Məhəbbət qəlbin cərrahı, sevgi onun bıçağı, eşq isə qansoranıdır. Həqiqətdə isə məhəbbət ağlın və idealın, qəlbin və bədənin, səadət və borcun birliyidir. Bir sözlə, mənəvi tərbiyədir. Sevgi məhəbbətin tələbindən doğan və ondan yaranan bağlılıq, əxlaqi uyğunluqdur. Eşq isə məhəbbətin ən yüksək dərəcəsidir. O, ruhun tələbi olaraq can verməyin çətinliklərini aşiqə yüngülləşdirir, onu dünyanın qeydindən azad edir.
    Sevməkdən qorxmursunuz ki?
    -Qorxduğun və səndən qorxan bir kimsəni sevə bilməzsən. Sevirsənsə qorxma, qorxursansa sevmə. Sevgi nə yaş tanıyır, nə də qorxu. Dahi Bəxtiyar yazır:
    Sevgi yaş tanımır, qəlbini yandır,
    Yanaraq yaşasan yaş düşməz yada.
    Sevən doxsanında da elə cavandır.
    Sevməyən qocadır otuzunda da.
    Ağlınıza çox güvənirsiniz, yoxsa ?
    -Qadınlar ağlından, kişilər isə gözündən bəlaya düşərlər. Həmişə ağlıma güvənmişəm. Ağlımla əldə edə bilmədiyimi haqqıma arxalanıb gücümlə əldə etməyə çalışmışam.
    Ağıllı adam səhf edə bilər? Özünüz necə?
    -Puşkin deyib ki, bütün böyük səhflərin arxasında bir insan qüruru vardır. Ağıllı adam səhv edə bilər. Pis iş və alçaqlıq onlara yaraşmaz. Ən pis işlərimizin isə şahidi vicdanımızdır. Ağıllı adamın səhfini yox, alçaqlığını ən böyük cinayət sayıram.
    Tənha qalmağı deyəsən çox sevirsiniz…
    -Bütün ümidlərimin işartısını tənhalıqda daha yaxşı görürəm. Bu zaman dərdlərimin sirdaşı, ağrılarımın həkimi oluram. İçimdəki mənlə özüm- özümü mütaliə və tənqid edirəm.
    Yaşamaq gözəldir, yoxsa yaşatmaq?
    -Hər ikisi gözəldir. Ancaq nə qədər yaşamağın deyil, necə yaşamağın mühümdür.
    Düşməniniz çoxdur, dostunuz?
    -Qorxaq dostdan, cəsarətli düşmən yaxşıdır. Qorxaq dost düşməndən də qorxuludur.
    Sirr deyilsə, kimdən çox qorxursunuz?
    Məndən qorxanlardan. İlan adamdan qorxduğu zaman vurur, it də qorxduğu zaman tutur.
    Kimlərlə dostluq edirsiniz?
    Mənəviyyatı saf, düşüncəsi dərin, qəlbi düzgün insanlarla.
    Onlar da barmaq sayı qədərdi. Deyirlər ki, göyərçin qarğalarla dostluq edərsə, qanadları deyil, ürəyi qaralar.
    Gözəllik qadın üçün nədir?
    Qədrini bilsə xəzinə, bilməsə əyləncə.
    Bəs Sizin üçün Nəcibə İlkin kimdi?
    -Tövbə ilə günah arasında olan məsafə. Müsafirlərim mövzularımdı.
    Yaradıcılığınızda çox bədbinsi-niz. Bu bədbəxtlikdi, yoxsa?
    -İki bədbəxt bir yerdə xoşbəxtdir.
    Şeirləriniz çox sevilir, yoxsa özünüz?
    -Hər kəsin qəlbində doğru baxana əyri göz də var.
    Şöhrətpərəstliyə can atırsınız?
    -A. Bakıxanov deyirdi ki, “Şöhrətpərəstlik insana qalib gələrsə, onu nəfsinin qulu edər”. Mənsə deyərdim ki, şöhrətpərəstliyin ən böyük zirvəsi şərəfli ölməkdi.
    Çox danışmağı sevirsiniz, yoxsa çox deməyi?
    -Heç birisini. Hörmətli olmaq istəyirsənsə çox demə, sağlam olmaq istəyirsənsə çox yemə.
    Olduğunuz mühitdə qəbul edə bilmədiyiniz haqsızlıq çoxdur?
    -Ədəbi və mətbu haqsızlığın pərdəsi o qədər qalındır ki, ondan yaxşı heç nə görünə bilməz. Lap teatrın pərdəsi kimi…
    Deyirlər ki, qələm süngüdü. Kimə tuşlamısınız qələminizi?
    -Millətin düşmənlərinə və cəmiyyətdəki parazitlərə.
    Öz dərdinizi çox çəkirsiniz, yoxsa başqasının?
    -S. Şirazi deyir ki:
    Özgələr dərdini çəkməyən insan,
    İnsanlıq adına ləkədir hər an.
    Pula çox qənaət edirsiniz, yoxsa vaxta?
    -Pula qənaət edirəm, vaxta xəsislik. Pula xəsislik rəzalətdir, vaxta xəsislik şərafət.
    Varlı olmaq istərdiniz?
    -Varlılığın cənnətindənsə, yoxsullu- ğun cəhənnəmi yaxşıdır.
    Deyirlər çox səbirlisiniz?
    -Səbr acı olsa da, dadlı meyvələri var.
    Həyat sizə nələri qazandırıb?
    -Ən böyük qazancım, mənəvi zənginliyimdir.
    Bəs itirdikləriniz?
    Gəncliyim, bir də…(kövrəlir). Nə isə…
    Deyirlər, sözü deməkdən çəkinmirsiniz. Bəs söz necə sizdən çəkinmir ki?
    -Sözü çəkinə-çəkinə demək qorxaqlara məxsusdur. Elə söz də özü qorxaqlardan çəkinir.
    Düşündükləriniz çoxdur, yoxsa həyata keçirdikləriniz?
    -Həyata keçirdiklərim çox olsaydı, ölümə “yox” deməzdim.
    Harayçı həqiqət, lal haqsızlıq. Hansını seçərdiniz?
    Harayçı həqiqət elə həqiqətin özüdür məncə. Lal həqiqətdə isə bir mütilik çaları var. Çalışmaq lazımdır ki, şəraitin qulu olmayasan.
    Ədəbi mühitin haqq qapısı üzünüzə bağlanmayıb ki?
    -Ədəbiyyatın qapısı yox. Ədəbi mühit üçün isə hələ ki, haqq qapıları inşa edilməyib.
    Həyati gerçəkliyin ümid pənc-ərəsinə hardan boylanırsınız?
    -Həyatımın ümid pəncərəsi məni sevən və sevdiyim insanların ürəyindən keçir. Oradan boylananda yaşamaq istəyirəm.
    Zaman sizə qalib gəlir, yoxsa siz zamana?
    -Bu suala zaman özü cavab verər.
    Ümidiniz boşa çıxanda kimə sığınırsınız?
    -Bir oian Allahıma
    Gileyiniz çoxdur, gümanınız?
    -Giley gümanın düşmənidir. Gümanım isə tükənməyib.
    Ümid yaxşıdı, inam?
    -Yaxşılara inam ümidi yaşadır. Əbədi inama isə eşq olsun!
    Nə fikirləşirsiniz?
    -Fikirlərimi ipə-sapa düzsəm, Yer kürəsini on dəfə dolanıb üstümə qayıdar.
    Zamanla döyüşünüz, vaxtla savaşınız necə gedir?
    -Qarabağ müharibəsi kimi.
    Nədi, yoxsa könlünüzdən döyüş keçir.
    -Hər gün elə döyüşürük də. Gərək elə Qarabağ olsun. Döyüşüb Qarabağı əldən vermişik, deyirsən özümüzü də əldən verək. Onsuz da nəyimiz qalıb ey…
    Başa düşmədim sizi…
    -Burda çətin nə var ki. Papağımızı vermişik, namus-qeyrətimizi vermişik, torpağımızı vermişik. Bircə qalıb ruhumuz. Onu da azadlığın, müstəqilliyin ipindən asmışıq, quruduruq. Güclü külək əssə, onu da əlimizdən alıb aparacaq.
    Yaman sərt danışırsınız, qor-xmursunuz ağzınızdan atarlar?
    -Həqiqəti düz deyənin ağzından atır- lar ki. Axı müstəqilik, azadıq…
    Elə bil kiməsə güvənirsiniz?
    -Məni qoruyana. Yəni Allahıma
    Sizə eiə gəlmirmi ki, dəyişmisiniz?
    -Dəyişməmişəm, dəyişiblər.
    Fikriniz nədi?
    -Hara baxıram cəhənnəmin qapılarını görürəm. Cənnətin iyi çoxdan çəkilib.
    Yoxsa burnunuza ölüm iyi gəlir?
    Guya diri idik ki…
    Nə demək istəyirsən?
    -Heç deyirlər axirət dünyası yaxınlaşır. Mən də fikirləşirəm ki, görəsən bizə yer verəcəklər o dünyada?
    Camaat Ayda yer axtarır, sən də o dünyada?
    -Qadası, Ayda yer alanlar cəhənnəmin kirayənişinləridir. Biz isə cənnətin xozeynləri. Çünki nə talamışıq, nə də qan içmişik. Halal çörəyimizin halal ağası olmuşuq.
    Ən çox kimdən zərbə almısınız?
    -İnsanlara çox inanıram, özüm qədər. Deməli, özümdən.
    Axı, zaman dəyişib. Bir az ayıq olmaq lazımdır.
    -Məgər o vaxt sərxoş idik ki? Yox, sadəcə yalanları o qədər içmişik ki, təsirindən sərxoş olmuşduq. İndi də “paxmenik” də…
    Qadında xoşunuza gəlməyən cəhət?
    -Xəbərçilik və yaltaqlıq.
    Bəs kişidə?
    -Yalançılıq və yaltaqlıq.
    Deyəsən, yaltaqlıqla heç aranız yoxdur?
    -Mənlik, ləyaqət qadının, şərəf, qeyrət kişinin tacıdır. Bunların cəmi insanlıq zirvəsi deməkdir.
    Zaman çox şeyləri əlimizdən alıb axı?
    -Ağlımız ki, yerindədir. Hər kəs bunları edirsə deməli, əqidəsiz və şüursuzdu.
    Dolanışığınız necədi?
    iqtisadiyyatı güclü olan bir ölkədə necə ola bilər? Yəqin ki, ƏLA!
    Yəni bir ziyalı kimi özünü təminetmə yerindədir?
    -Kiminsə qapısını döyməliyəm ki…
    Deyirlər şairləri və yazıçıları Allah dolandırır. Bəyəm Allah Sizə maaş kəsib?
    -Ədəbiyyat kürsüyə dönəndə, biz də ağzımızı göyə tuturuq də…
    Sizin üçün ən çətin şey?
    -Özünü dərk etmək.
    Siz necə?
    -Özümü dərk edə bilsəydim peyğəmbər olardım ki…
    Özünüzə nə arzulardınız?
    -Növbəli ölüm.

  • İlkin ƏHMƏDOĞLU.”Vətən həsrətini çəkən qardaşım”

    Vətən həsrətini çəkən qardaşım,
    Soruşma necədir halı vətənin.?
    Qəriblik çəkirik doğma vətəndə,
    Dönübdür zəhərə balı vətənin.

    Əlimiz, qolumuz bağlı haldayıq.
    Başımız dərddədir qalmaqaldayıq.
    Bilmirik öndəyik, yoxsa daldayıq.?
    Talanır sərvəti, malı vətənin.

    Dəyənək görənin quruyur sözü,
    Haqq deyən kəslərin oyulur gözü,
    İtibdi qeyrəti, sırtılıb üzü,
    Haramdır o kəsə yalı vətənin.

    Haqsızlıq baş alıb gedir, dayanmır,
    Bu millət qəflətdən vallah oyanmır.
    Qan içən qanına niyə boyanmır.?
    Dəyəsən dəyişib valı vətənin.

    Bölünməz vətəni axır böldülər.
    Millətlə əylənib sonda güldülər.
    Vətəni a qardaş çapıb sürdülər.
    Paslanıb yerimir nalı vətənin.
    Soruşma necədir halı vətənin.

  • İradə AYTEL.”Gedirəm”

    (səni yasaqlarda sevdim…)

    Sirrimiydin…
    Sirriniydim…
    Sirrə bürünüb gedirəm.
    Aç qəlbini, hamıya aç!
    Son kəz görünüb…
    Gedirəm!

    Can verdikcə can yasağa,
    Qürub çökdü gözdə ağa,
    Sən olmuşdum, mən olmağa
    Sənnən arınıb gedirəm…

    Elə susdum… eşitmədin,
    Elə yandım… qış ötmədi.
    Məni bu dərd üşütmədi,
    Səndə qorunub gedirəm…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    QOYMA QOCALMAĞA

    Soruş aşiqinin hər gün halını,
    Qoru gözün kimi şanda balını,
    Kəs payız yolunu, kəs qış yolunu,
    Qoyma qocalmağa sən məni, gülüm.

    Şirin təbəssümlə, xoş nəvazişlə,
    Ömrümə nur çilə şirin gülüşlə,
    Odlu məhəbbətlə, odlu atəşlə,
    Qoyma qocalmağa sən məni, gülüm.

    Hər vaxt bəxtimizin taxtı, tacı ol.
    Dərdimin, qəmimin bir əlacı ol,
    Mənim tər çiçəyim, bar ağacım ol,
    Qoyma qocalmağa sən məni, gülüm.

    Adın ki, düşməyir heç vaxt dilimdən,
    Nəğmə oxuyuram hər gün gülümdən,
    Hər yerdə, hər zaman tut sən əlimdən,
    Qoyma qocalmağa sən məni, gülüm.

    Gecə yuxumda ol , gündüz yanımda,
    Ruhunla bəzənir vallah canım da,
    Mənə təsəli ver hər bir anımda,
    Qoyma qocalmağa sən məni, gülüm.

    Bezmərəm nə qədər eyləsən də naz,
    Hərdən könlümü al nə olar, bir az,
    Denən qarşıdadı hələ bahar, yaz,
    Qoyma qocalmağa sən məni, gülüm.

    HƏR ZAMAN

    Düzlük, etibar görərsən hər bir zaman düz əldən.
    Vəfa etibar gözləmə hər gördüyün gözəldən,
    Bu dünyada sevinc də var, göz yaşı da, kədər də,
    Belə olub, onu bil ki, fani dünya əzəldən.

    Təbiətin hər qarışı tamaşadı, tamaşa,
    Ayı, Günü nur çiləyir hər çiçəyə, hər daşa,
    Gözəlliyi bəxş eləyir gündə neçə göz, qaşa,
    Hər şeyi gözəl yaradır yeri, göyü düzəldən.

    Gecəsi aylı, ulduzludu, günəşlidi səhəri,
    Hər şeyin öz zamanı var, hər bir şeyin öz yeri,
    Hələ aça bilməmişik çox qıfılı, çox sirri,
    Yaranan torpağa dönür, gül göyərir xəzəldən.

    Hər sənəti biləndə də gərək kamil biləsən,
    El-obanın məclisinə alnı açıq gələsən,
    Əziz Musa ağır otur, çox da qalxma zilə sən,
    Şeir, sənət meydanında bir qala qur qəzəldən.

  • Əziz MUSA.”İstəmirəm”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu sevgimiz bir bəzəkdi aləmə,
    Gəl könlümü sən viranə eyləmə,
    Bir gülüşün dəyər min-min məlhəmə,
    İstəmirəm göz yaşımı görəsən

    Bilirsən ki, odsuz-közsüz yanmışam,
    Gülüm səni qəlbim, gözüm sanmışam,
    Səni görüb ayı, günü danmışam,
    İstəmirəm göz yaşımı görəsən.

    Bu məhəbbət Məcnun edib məni də,
    Gözlərimdən qovub duman, çəni də,
    İstəyirəm gülər görəm səni də,
    İstəmirəm göz yaşımı görəsən.

    Bir qönçəsən, tər ətirli çiçəksən,
    Sən ömrümə yaraşıqsan, bəzəksən,
    Göydən gələn naz-qəmzəli mələksən,
    İstəmirəm göz yaşımı görəsən.

    Bu sevdadan inanma ki, mən dönəm,
    Al canımı qaş gözünlə ey sənəm,
    Öldürəcək vallah məni qüssə-qəm,
    İstəmirəm göz yaşımı görəsən.

    Əziz Musa məhəbbətə baş əyər,
    Dözmək olmur çatılıbsa qaş əyər,
    Ürək yanıb, süzülürsə yaş əgər,
    İstəmirəm göz yaşımı görəsən.

  • Əziz MUSA.”Bu nağıllar”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Taleyim, qismətim tuş gəldi qəmə,
    Dərdimi, qəmimi qoymuşam dəmə,
    Bu sevgi bir quru nağılmış demə,
    Daha nağıllara inanmıram mən.

    Xoşdu söz eşitmək gözəl dilindən,
    Neyləyim ayrıldım qönçə gülümdən,
    Sevdalı günlərim uçdu əlimdən,
    Daha nağıllara inanmıram mən.

    Dindirsən bir qəhər boğacaq məni,
    Çəkəcək qoynuna od-ocaq məni,
    Bu həsrət deyəsən udacaq məni,
    Daha nağıllara inanmıram mən.

    Döndü gizlənpaça sevda oyunu,
    Sevdim, əzizlədim bəstə boyunu,
    Əzbərdən bilirəm”Leyli Məcnun”u,
    Daha nağıllara inanmıram mən.

    İndi nağılları gözüm söyləyir,
    Nağılar gecəni səhər eyləyir,
    Ötən günlər üçün qəlbim göynəyir,
    Daha nağıllara inanmıram mən.

  • Xalq şairi Rəsul RZA.Seçmə şeirlər

    Mən torpağam

    Mən torpağam, məni atəş yandırmaz;
    tərkibimdə kömürüm var,
    külüm var.
    Mən baharam çəmən-çəmən
    çiçəyim var, gülüm var.
    Mən küləyəm, əsməsəm,
    kim bilər ki, mən varam.
    Mən buludam, səhraları susuz görüb,
    ağlaram.
    Mən ürəyəm, döyünməsəm
    ölərəm.
    Mən insanam,
    sadə insan əlinin
    yaratdığı nemətlərlə öyünməsəm
    ölərəm.
    Mən işığam – qaranlığın qənimi,
    Mən insanam,
    daşıyıram qəlbimdə
    dünyaların sevincini, qəmini.
    Maraq dolu gözəm mən,
    baxmaya bilmərəm.
    Qarlı dağdan süzülən çayam mən,
    axmaya bilmərəm.
    Mən insanam,
    vətənim var, elim var.
    Ən böyük həqiqəti,
    azadlığı, məhəbbəti, nifrəti –
    söyləməyə qadir olan
    dilim var.
    Mən bir qranitəm ki,
    hər parçamda duyulur
    bərkliyim,
    döyüşdə möhkəmliyim,
    ülfətdə kövrəkliyim.
    Mən insanam, ülfətsiz –
    ölərəm.
    Məhəbbətsiz, nifrətsiz –
    ölərəm.
    Mən bulağam,
    tapşırıqla axmıram.
    Mən həyatam,
    həmişə yoldayam:
    nəfəsdəyəm, arzudayam,
    baxışdayam, ürəkdəyəm, qoldayam.
    Mən torpağam, nemətimi, varımı
    zəhmət sevən insanlarla bölərəm.
    Mən ürəyəm, döyünməsəm
    ölərəm.

    1963

    Torpaq

    Torpaq bomboz;
    elə bil ki, üzünə
    dəmrov düşüb.
    Bir yanda çadar-çadar,
    bir yanda doxsan yaşlı qoca üzü kimi
    bürüşüb.
    Bir yanda anasını görmüş uşaq kimi
    sevincli, çiçəkli,
    bir yanda susuz.
    Bir yanda sudan bezar.
    Bir yanda qumu qaynar.
    Bir yanda örtüyü qar.
    Torpaq həm çörək verir bizə,
    Həm su.
    Həm son mənzilimizə yer verir.
    Nəsil-nəsil qəlbimizdə yaşayır
    onu itirmək qorxusu.

    1965

    Soruş

    Od nə çəkdi,
    küldən soruş!
    Baş nə çəkdi,
    dildən soruş!
    İşə susuz barmaqların
    kədərini insan bilir.
    Nəğmələrin həsrətini
    bir qırılmış teldən soruş!
    Ömrün çətin yollarında
    daşa ləpir salsa ayaq,
    gün nə çəkdi,
    ildən soruş!
    Zülmətliyin möhnətini
    kor söyləsin!
    Bəm xalların fəryadını
    zildən soruş!
    Mən kölgəsiz bağ görmədim,
    El dərdi tək dağ görmədim,
    Gözlərimi yumub açdım
    neçə dostu sağ görmədim.
    Nələr çəkdi çaylaq daşı
    seldən soruş!
    Yollar uzun, mənzil uzaq.
    Sərt daşlara dözmür ayaq.
    Dözsün gərək.
    Dözsün gərək.
    Kim zirvəyə qalxar, deyin,
    Yollar boyu hər pilləni
    birgünləri, yüzilləri
    qəlbimizlə,
    beynimizlə
    ömrümüzlə
    doldurmasaq.
    Mən yolçuyam
    Od nə çəkdi,
    küldən soruş!
    hansı şerim,
    hansı sözüm
    yaşayacaq məndən sonra?
    Mən bilmirəm,
    eldən soruş!

    Bakı, yanvar, 1964

    Darısallıq

    Uzun illər sıxdı məni:
    gah çəkmələrim –
    bəzən uzunu, bəzən eni ilə,
    Gah ötüb keçən ilə təəssüfüm.
    Gah ümidim, yeni ilə.
    Gah dünyanın dərdi, qəmi sıxdı məni,
    gah corablarımın boğazı,
    Gah alçaq buludların qalın pərdəsi;
    Gah bir nadan qələmindən
    tökülən yazı.
    Gah avtomat qələmin bahalığı.
    Gah sözün ucuzluğu.
    Gah köynəyimin yaxalığı.
    Qırıb çıxmaq istədim
    “olar”, olmaz” çərçivəsindən.
    Dedilər yox, yox!
    Dəblərə, qaydalara gir!
    Vərdişləri, adətləri gözlə!
    Sığallı dillə yaz!
    Sıxdılar məni,
    maddələrlə, sözlərlə…
    İş otağım
    on iki metr yarım.
    Altısında
    mən,
    yazı masam,
    həsrətim, ümidim.
    Sabir.
    Heminquey.
    Tavandan süzülən damcıların izi.
    Bricid Bordonun
    bığsız, pişik üzü.
    Falk, Mikayıl,
    Tağı,
    Bəhlulun nəvəsi.
    İlk sırada olmaq
    və qalmaq həvəsi.
    Altı metr belə.
    Altı yarım:
    kitablar, kitablar, kitablarım.
    Pəncərələr sıxdı məni
    uzunsov dördbucaqda göstərib
    küçənin evlərlə sərhədlənmiş yarğanını.
    Maşınlar sıxdı məni
    markalarına münasib.
    Sıxdı məni vaqonların
    güzgülü kupeləri və
    yol hesabatını yoxlayan mühasib.
    Məsafələr metrlərlə,
    işıq kilovatlarla doldurulub.
    Nəğmələr oktava içində
    Xəstələrin hərarəti
    dərəcələr içində.
    İri meyvələr dənələrə,
    üzüm-göz yaşı gilələrə dolub.
    Şəhərimin yaşıllığı
    ölçülüb, biçilib
    salınıb rəqəmlərə.
    Dağlar darıxıb göyə qalxıb
    dərələr çöküb yerə.
    Darıxır insan
    hüdudlar, ölçülər içində.
    Yayda uzun gündüzlər,
    qışda uzun gecələr içində.
    Deyirəm:
    öləndə, atın
    ən dərin dəryaya məni;
    qaldırıb buludlardan yuxarı!
    Son yolum uzun,
    son mənzilim geniş olsun barı
    Yox, yox.
    Ən dərin dəryalar da
    sahillərin çənbəri içindədir.
    Görünür,
    darısqallıq kənarda deyil;
    hər meyvənin tumunda,
    hər canlının hüceyrəsində,
    hər binanın daşında, kərpicindədir.
    Görünür,
    yolumuz budur.
    Zərurəti dərk etməyincə
    gedirik, gedəcəyik
    Darısqallıqdan keçə-keçə…

    1967

  • Xalq şairi Nigar RƏFİBƏYLİ.Seçmə şeirlər

    ANARA

    Hicranın ağırdır, dözə bilmirəm,
    O uca dağlardan en gəl, Anarım!
    Körpə ayaqların yaman yorulub,
    Sinəmin üstündə dincəl, Anarım.

    Sənsiz nə gecəm var, nə də gündüzüm,
    Sən gedəndən bəri gülməyib üzüm,
    Gəl uzun kiprikli körpəcə quzum,
    Anarım, Anarım, gözəl Anarım!

    Sən ceyran gözlüsən, çatmaqaşlısan,
    Tayın-tuşun yoxdur, yar-yoldaşlısan,
    Bəlkə məndən ayrı gözü yaşlısan,
    Olmuş bu ayrılıq əngəl, Anarım!

    Dağların sinəsi lalə, bənövşə,
    Yaylaqlar qonağı ol sən həmişə,
    Qoyma bu daqlara bir xəzan düşə,
    Tökülə yollara xəzəl, Anarım!

    DURNA

    Mən
    yuxuda durna oluram
    gecələr,
    Çırpıb qanadlarımı
    yerdən üzülürəm.
    Geniş-geniş havalarda səf çəkən
    Durnaların qatarında düzülürəm.
    Uçuruq uça bildikcə,
    Uçuruq diyar-diyar…
    Uçuruq – qəlbimizdə
    Torpaqdan aldığımız
    Ən şirin,
    Ən incə,
    Ən sevimli arzular.

    Uçuruq uça bildikcə…
    Bizə həsrət qalan ellərə
    Qanad salırıq,
    Uca-uca dağların başında
    Əylənib qonaq qalırıq.
    Torpağın ətrini aparırıq
    Ulduzların aləminə.
    Həyat səsi qatırıq
    Göydə soyuq-soyuq işıqlanan
    ayın yalqızlıq qəminə.
    Səhər
    şəfəqlər oyadır məni.
    Sevinə-sevinə durub
    Qalxıram ayağa:
    Sonra bütün günü
    Nə həvəsim olur,
    Nə macalım,
    Bir də yerdən üzülüb
    durna olmağa.

    HƏBİBƏYƏ

    Gənclik şəklimə baxdın
    – Nə gözəldin, nə incəydin, – dedin.
    Fikrə daldın. Gözlərin doldu.
    – Niyə ağlayırsan, – dedim.
    Şükür Allaha, ölməmişəm ki…
    Dinmədin. Gözlərinin inci yaşı
    Damla-damla töküldü
    yanağından…
    Anlayırdım, sən
    gözəlliyin, incəliyin,
    bir də əbədi olaraq
    ötüb-keçən gəncliyin
    ölümünə ağlayırdın…

    13 aprel, 1963

    DÜŞÜNCƏLƏR

    Ağır düşüncələr içindəyəm
    bu axşam,
    Bilmirəm,
    ömrümü düzmü,
    əyrimi yaşamışam.
    Ömür keçdi
    axıb gedən sular kimi.
    Əsib keçdi sevinclərim
    bir qanadsız rüzgar kimi.
    İndi ağır düşüncələr içindəyəm,
    Bilmirəm
    kiməm
    nəyəm?
    Ey mənim gəncliyimi xatırladan, təzə qız,
    bu sözləri səninçün
    yazır titrəyir əlim,
    Yazır ki, sən heç zaman,
    ey ağıllı gözəlim,
    Olmayasan mənimtək
    dünyada yapyalqız.
    Saçına dən düşəndə
    ömrünün budağından
    bir yarpaq salmayasan.
    Belə həzin axşamlar
    ağır-ağır fikirlər
    bəhrinə dalmayasan.

    BAHAR NƏĞMƏSİ

    Yaşıllanır çöllər, oyanır torpaq,
    Bəzənir gəlintək hər dərə, hər dağ,
    Ruhuma bir adət olur çırpınmaq.
    Məhəbbətim səndə, könlüm səndədir,
    Bahar nə nazəndə, nə nəzandədir.

    Gah yoluna çıxdım, gah yola saldım,
    Gah intizar çəkdim, həsrətdə qaldım.
    Qışda sorağını uzaqdan aldım,
    Dedim əmanətim, eşqim səndədir,
    Bahar nə nazəndə, nə nəzandədir.

    Xoş nəğmələr qoşdum sənin adına,
    Saf bir nəfəs kimi çatdın dadıma.
    Bir həzin axşamda düşsəm yadına
    Bil ki, məhəbbətim, könlüm səndədir,
    Bahar nə nazəndə, nə nəzandədir.

  • Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa VAHİD.Qəzəllər

    Dəlidir

    Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir
    Eşq olan yerdə bütün aqilü dana dəlidir.

    Saldı Yusif kimi öz sevgilisin zəncirə
    Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir.

    Eşq zincirinin iftadəsi bir mən degiləm
    Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.

    Sarılır çiğninə gah qoynuna, gah qamətinə
    Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir.

    Bir vəfasız gül üçün naləsi dünyanı tutur
    Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir.

    Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur
    Vadiyi eşqdə Varmiq dəli, Əzra delidir

    Əl götürməz bu qara gözlülərin zülfündən
    Hər yetən zənn eləyir Vahidi guya dəlidir.

    Gözəldir

    Hər aşiqə öz istədiyi yarı gözəldir,
    Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

    İlqarı gözəl olmayanı istəməz aşiq,
    Can ver elə cananə ki ilqarı gözəldir.

    Mən bir uca boylu gözəlin zülfünə bəndəm
    Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

    Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
    Amma bizim ölkə bütün – elcari gözəldir.

    Yar olsa mənimlə mənə biganə nə eylər?
    Uçmaz elə bir xanə ki memarı gözəldir.

    Mən istədiyimçün o gülü qeyri də sevdi
    Qiymətli o şeydir ki xiridarı gözəldir.

    Vahid, mənə insaf elə, sima ilə baxma,
    Əhsən elə bir şairə əşarı gözəldir.

    Bəs nə deyim?

    Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
    Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?

    Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
    Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

    Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
    Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

    Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
    Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?

    Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
    Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?

    Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
    Sənə güldən də mən əla deməyim, bəs nə deyim?

    Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
    Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?

    Dindir məni hərdən, gözəlim

    Dindir məni hərdən, gözəlim, fürsət olanda,
    Vəslin bizə bir an, nə olar, qismət olanda?

    Bax, gör, məni zülfün ne perişanliğa saldı
    Bir gün açaram dərdimi cəmiyyət olanda.

    Yüzlərlə cəfa etsən, unutmaz seni könlüm
    Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda

    Biganə əgər olmasa, tez vəslə yetərdik
    Kim xeyr görüb düşməni kəmfürsət olanda?

    Zülfün ki, tutub ruyini, çox qorxuram ondan
    Aləm toxunar bir-birinə zülmət olanda

    Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun
    Bülbül dayanarmı gülünə həsrət olanda?

    Vahid,hələ qarşında böyük bir gələcək var
    Dünya bizə ləzzət verəcək cənnət olanda!

    Nə dedin bəs?

    Məndən, könül , o nazlı nigarə nə dedin bəs?
    Çəkdin o güləndamı kenarə,nə dedin bəs?

    Əvvəl bunu bildim ki,dedin aşiqin öldü
    Ondan sora ol şuxə dübarə nə dedin bəs?

    Mən məst yıxıldım o dilaramı gorəntək,
    Evlər yıxan o çeşmi-xumarə nə dedin bəs?

    Meydənmi qızarmışdı onun arizi-ali,
    Ziynət vərən ol baği-baharə nə dedin bəs?

    Mən xəsteyi-eşq olduğumu sordumu səndən,
    Göstərdimi bimarinə çarə,nə dedin bəs?

    Dami-qəmi-hicranə nəhayət verəcəkmi,
    Bu barədə ol laləuzarə nə dedin bəs?

    Dərdindən ölən Vahidi heç bir soruşurmu,
    Ol bikəsi kim qoydu məzarə, nə dedin bəs?

    Yalvarma

    Könül, vəfasız olan nazlı yarə yalvarma!
    Nə e’tibar ona, bi’etibarə, yalvarma!

    Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
    Bu beş gün ömrə görə ruzgarə yalvarma!

    Sənin də bir gün olar novbaharın, ey bülbül,
    Xəzan cəfasına səbr eylə, xarə yalvarma!

    Faqirə, aciz, məzlumə ehtiram eylə,
    Əduyə, qaniçənə, zülmkarə yalvarma!

    Vətən uğrunda ölüm mərd üçün səadətdir,
    Həyat üçün fələki-kəcmədarə yalvarma!

    Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
    “Ənəlhəqq” üstə çəkilsən də darə yalvarma!

    Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
    Nə təcdarə, nə bir şəhriyarə yalvarma!

    Olsa

    Ölməzdim əgər sən kimi bir dilbərim olsa,
    Bir afəti-çan, şuxi-mələkmənzərim olsa.

    Hər gun dolanıb başına qurbanin olardım,
    Pərvanəsifət ucmağa balüərim olsa.

    Mən də sevilərdim bütün aşiqlər icində,
    Ahuləri Məçnun eləyən gözlərim olsa.

    Kuyində mənə qoy nə bilir eyləsin əqyar,
    Əlbəttə, çəzasın cəkər ALLAH kərim olsa.

    Biganəyə mən bir belə minnətmi edərdim,
    Könlüm kimi bir yari-vəfapərvərim olsa.

    Vahid demərəm dərdimi mən başqa nigarə,
    Yarım bilir eşgində nə dərdi-sərim olsa.

    Olmasa da

    Yanında dilbərimin etibarım olmasa da,
    Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.

    Bədəndə yarı canım qalmayıb, gedib yarım,
    Gərək dözəm qəmi – hicranə, yarım olmasa da.

    Günüm ki, tar olub o zülf əlindən, ey tari,
    Tərənnüm eylə, səni tari, tarım olmasa da.

    Üzün xəyali bəsimdir behişti – kuyində,
    Yüz il xəyalıma gəlməz, baharım olmasa da.

    Ləbinlə məst gözün hər düşəndə xatirimə,
    Şərabə rəğbətim artır, xumarım olmasa da.

    Mənim bir ahim ilə şəmlər yanır gecələr,
    Toxunma, şöleyi – eşqəm, şərarım olmasa da.

    Kəməndi – zülfilə, Vahid, özüm şikar oldum,
    Mənim o ahu baxışlı şikarım olmasa da.

  • Xalq şairi Məmməd RAHİM.Seçmə şeirlər

    Eylər

    Vətən oğlu öz canını
    El uğrunda qurban eylər.
    Aşıq coşar məclislərdə
    Bu şöhrəti dastan eylər.

    Gəlmə düşman, gəlmə düşman,
    Məndən sənə olmaz aman.
    Hər daşımda var bir aslan,
    O, qalxanda tufan eylər.

    Çala bilməz sər tərlanı,
    Bu elləri yaxşı tanı.
    Gəl başına gen dünyanı
    Məğrur ordum zindan eylər.

    Çox güvənmə, gəl özünə
    Mil salaram cüt gözünə.
    Bir damcı qan əvəzinə
    Qoç Koroğlum min qan eylər.

    Keçdi

    Yenə gülşəndən ötüb gözləri afət keçdi.
    Yenə şahanə xuram etdi, qiyamət keçdi.

    İzlədim sayə kimi yar baxıb güldü qəşəng,
    Göstərib aşıqinə xeyli nəzakət keçdi.

    Coşdu şaxlardakı bülbül onu gördükdə yenə,
    İlk baharım verərək bağə təravət keçdi.

    Unudub yar məni zənn eyləyəcək küsmüşdüm,
    Onu gördükdə sönüb cümlə ədavət keçdi.

    Ahu gözlüm yenə səyyad kimi gəlsin Rahim,
    Aşıqin günləri ol şux ilə şərbət keçdi.

  • Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər

    * * *

    Məhəbbət aşiyanımdır, ona sadiq qalar könlüm,
    Dəniz tək çağlayar, hərdən bulud tək dolar könlüm.

    Düşər tufanlara bəzən, əyilməz əssə də yellər,
    Çinar tək yollar üstündə durub sayə salar könlüm.

    Sənin sənsizliyin canan məni biixtiyar etdi,
    Sınır bir ney, qırıq bir saz tutub daim çalar könlüm.

    Uçar qartal kimi, dağlar başında yurd salar hərdən,
    Dəmadəm intizar gözlər kimi, fikrə dalar könlüm.

    Mənə min-min gözəllər də gəlib baş əysələr, billah,
    Yenə pak eşqinə, bir də sənə heyran olar könlüm.

    Deyirlər Gülgün and içmiş, yenə sadiqdir andına,
    Bu odlar yurduna fəxrim deyib, ilham alar könlüm.

    KİM DEYİR

    Kim deyir bitməmiş qalacaq nəğməm,
    Kim deyir sınacaq könül tarım da.
    Elə alovludur, odludur sinəm
    Qalmaz arzularım, qalmaz yarıda.

    Kim deyir bu günüm olacaq röya,
    Sabah unudulub gedəsiyəm mən?
    Qarışıb nə qədər şirin arzuya
    Yenə də, yenə də ötəsiyəm mən

    Kim deyir… inanma hər deyilənə,
    Mən böyük dənizin bir damlasıyam.
    Yazmağı öz xalqım öyrətdi mənə,
    Mən onun danışan, dinən sazıyam.

    Kim deyir bu gün var, sabah yoxuq biz,
    Hər deyilən sözə inanmayın ha.
    Həyat bir dalğalı, haraylı dəniz,
    Dalğalar gah enər, gah qalxar şaha.

    Ləpələr bir insan ömrünə bənzər,
    Ləpələr bitməmiş, ləpələr gələr.
    Sahil qumlarına səpildikcə zər
    Suların qoynundan nəğmə yüksələr.

    Bu səhər dünyaya ilkin göz açan
    Gör neçə oğul var, gör neçə qız var.
    Kim deyir qonaqdır dünyada insan
    Bizim sabahımız, sabahımız var.

    Həyatda daş üstə daş qoyan kəsin
    Ömrü qara daşa dönərmi deyin.
    Bu insan nəfəsli torpağın, ərzin,
    Odu, hərarəti sönərmi deyin.

    Kim deyir bitməmiş qalacaq nəğməm,
    İnanma, inanma hər deyilənə.
    Beşikdə qımışıb, ağlayan körpə
    Sanki şirin mahnı oxuyur mənə.

    Kim deyir bu günüm olacaq röya,
    Sabah unudulub gedəsiyəm mən.
    Qarışıb nə qədər şirin arzuya
    Yenə də, yenə də ötəsiyəm mən…

    CAVANLIQ

    Bir zaman başımın tacı olmuşdun,
    Ay məni tərk edib gedən cavanlıq.
    Əlimin, qolumun gücü olmuşdun,
    İndi tamaşa et, gendən, cavanlıq.

    Sən qanad üstündən qanadmı taxdın,
    Ya kükrəyən seltək məcradan çıxdın.
    Bəlkə taleyimdən bezib, darıxdın,
    Bir vida demədin nədən, cavanlıq?

    Getdin, gözlərimin nuru azaldı.
    Ömrümə bir xəzan fəsli yazıldı
    Əlim əllərindən yaman üzüldü,
    Könlümü halbahal edən cavanlıq.

    Sənə vəfasızmı deyim, nə deyim.
    Könül qıran sözmü deyim, nə deyim.
    Nə deyim, nə deyim, gəlmir ürəyim.
    Sən atlı, piyada mənəm, cavanlıq.

    1987

    OLMADI

    Gəl təzə bir şəkil dedin, çəkdirək,
    Qayğılar əlindən macal olmadı.
    Sonra yaşa dolduq, yoruldu ürək,
    O həvəs olmadı, o hal olmadı.

    Ömrümüz uzunu vaxt aradıq biz,
    Vaxtın karvanında keçdi ömrümüz.
    İndi kül altında sönməkdədir köz,
    Arzuya çatmağa vüsal olmadı.

    Göz işıqdan düşdü, ayaq taqətdən,
    Biz qaça bilmədik bu həqiqətdən.
    Bir körpü salındı bizə, həsrətdən,
    Bu həqiqət oldu, xəyal olmadı.

    Qocalıq bir yandan, həsrət bir yandan
    Bizi öldürmədi, elədi candan.
    Kədər könlümüzə qapı açandan
    Niskilimiz əmri-mahal olmadı.

    Taleyin yoluna yağış, qar düşdü,
    Nə rahatlıq düşdü, nə bahar düşdü.
    Başımıza göydən dolular düşdü,
    Bu qovqalı başa sığal olmadı.

    Elə bir-birinə təsəlli verdik,
    Bu boş təsəllidə nə əlac gördük?
    Ayları, illəri belə itirdik,
    O sahilə gedən bir yol olmadı

    Daha təsəlliyə ehtiyac da yox,
    Qocalıq dərdinə bir əlac da yox.
    Candan qüvvət də yox, qolda güc də yox,
    Bu yazı olmadı, iqbal olmadı.

    Gəl bir təzə şəkil dedin, çəkdirək,
    Bir körpə quş ötdü hey kövrək-kövrək.
    Heyif yaşa dolduq, yoruldu ürək,
    Nə həvəs olmadı, nə hal olmadı,
    O sahilə gedən bir yol olmadı.

    1989

  • Xalq şairi Balaş AZƏROĞLU.Seçmə şeirlər

    XƏZƏR, AY XƏZƏR…

    Sahili sarı qumlu,
    Dalğası ağ Xəzərim.
    Qum üstə bardaş qurub
    Gəl oturaq, Xəzərim.
    Mən balıqçı deyiləm,
    Qayığım yox, torum yox,
    Dalğalarla döyüşə
    Qollarımda zorum yox.
    Sən göy gözlü mələksən,
    Dumandan örpəyin var.
    Göyərçin ləpələrdən
    Qırçınlı köynəyin var.
    Nəğmən vüsal andırar,
    Ürəyimi yandırar.
    Sahili sarı qumlu,
    Dalğası ağ Xəzərim.
    Gəl uzanıb sübhədək
    Hey danışaq, Xəzərim.
    Sahilə axşam qonur,
    Ürəyimə qəm qonur.
    Ayrılığın yamandır.
    Bircə kəlmə, bircə söz
    Yadıgar de, amandı.
    Səhər günəş doğanda
    Aparar karvan məni,
    Kim bilir ki, bir də sən
    Görərsən haçan məni.
    Hələ əldə fürsət var,
    Hələ vaxt var, möhlət var,
    Hələ göylər yenicə
    Dumanlanır, qaralır,
    Hələ sübhə çox qalır.
    Qaziyanda otaqlar
    Ulduz-ulduz alışdı,
    Pəncərədən axan nur
    Dalğalara qarışdı.
    Gəl bu isti qum üstə
    Bir də verək baş-başa,
    Danış, danış Xəzərim.
    Uşaqlıq illərimə
    Sənsən tanış, Xəzərim…

    Pəhləvi şəhəri,1938

    KÖMÜRÇÜ QIZ

    Hələ şərq tərəfdə göyün rəngi qan,
    Yenicə boylanır üfüqdən səhər.
    Fəqət yavaş-yavaş söküldükcə dan
    Qırmızı boyanır yaşıl təpələr…
    Buludlar axışır səmada lay-lay,
    Sönür göy üzündə rəngi solmuş ay.

    Niyardan şəhərə uzanan yolu
    Odur, ağır-ağır bir nəfər gəlir.
    Əlində kisə var kömürlə dolu,
    O qız nə dayanır, nə də dincəlir,
    “Amandır görməsin məni pasiban” –
    Deyə nəfəs belə almır qorxudan.

    Bilir ki, zəhməti gedəcək heçə
    Şəhərə keçməsə o ehtiyatla…
    Bəlkə də yatmamış qız bütün gecə
    Hələ ilk axşamdan çıxmışdı yola.
    Kim bilir, kim bilir nə vaxtdan bəri
    O qız bu yollarda açır səhəri.

    Başında yaylıq yox, ayaqlar yalın,
    Dalında ən ağır kömür şələsi.
    Ehtiyac içində boğulanların
    Kəsibdir çiynini ömür şələsi…
    Bu yerdə insana ömür də yükdür,
    Həyatı, nəşəsi, eşqi sönükdür.

    Donub yanağında damla-damla tər,
    O yenə küçədə şələ gəzdirir.
    Kim bilir, yuxudan durub bir nəfər
    Bəlkə kömür ala, hələ gəzdirir,
    O hələ gəzdirir sata kömrünü
    Kömürdən qaradır özünün günü.

    Axıb yanağına gözünün yaşı,
    Ötürüb köksünü o qız dərindən.
    Bu haldan alışır qəlbinin başı.
    (Qəzəbim qaldırır daşı yerindən)
    Deyirəm nə üçün gecə sübhə tək
    Çalışan insanlar ac qalsın gərək?!

    Bu bir cəhənnəmdir odsuz, ocaqsız,
    Görür deməsəm də arif olanlar.
    Odur bu atəşdə odlanır bu qız.
    Fəqət nə tüstü var, nə də duman var.
    Ey ağa, deməyin həyatdır bu da.
    Bir gün düşəcəksən özün bu oda…

    Ərdəbil, 1941

  • Xalq şairi Söhrab TAHİR.Seçmə şeirlər

    Öləndə…

    Öləndə kəfənim ikiqat olsun,
    Mən həm o tayınam, həm də bu tayın.
    Qoy bütün dünyaya belə yayılsın,
    Öləndən sonra da birlik harayım.

    Öləndə kəfənim ikiqat olsun,
    Ruhum o taydadır, qəbrim bu tayda.
    Dözümlü xalqıma heykəl qoyulsun,
    Ortadan qurumuş bir dəli çayda.

    Bir gün xalqım üçün şairləşəndə,
    Şair torpağıma quylanacağam.
    Vətən birləşəndə,
    Xalq birləşəndə,
    Mən də öz qəbrimdən boylanacağam.

    Daha

    Dədi dərd olmuşdur elin də mənə,
    Ağladım, bir naşı güləndə mənə,
    Heç kəs ağlamasın öləndə mənə,
    Mən heç vaxt, heç zaman ölmərəm daha!

    Azad qardaşım var, onunla xoşam,
    mən gərək sahili sahilə qoşam,
    iki bölünməkdən elə qorxmuşam
    Çöpü də ikiyə bölmərəm daha!

    Dənizlər, dəryalar mənə dayazdır,
    Ən dərin bir çay var, o da Arazdır.
    Mənə görüş verin, azadlıq azdır,
    Görüşsəm ayrılmaq bilmərəm daha.

    Ömrümdən qürbətlər, yadlar qovulsun,
    Keçmişim yiyəsiz qaldı, qoy olsun!…
    Ancaq gələcəyim mənimki olsun,
    Mən onu ömrümdən silmərəm daha!

    Mənim səadətim hardasa itdi,
    O asan gəlmişdi, asan da getdi,
    Mənə nə etdisə səadət etdi,
    Bədbaxt səadətə gülmərəm daha!

    Qorxaqlar önümdə çöküb əyilsin,
    Vətənsiz vüqarım göyə dikəlsin;
    Deyin azadlığa ardımca gəlsin,
    Mən onun ardınca gəlmərəm daha.

    Tərif

    Tərifin qəribə hörməti vardır,
    Tərifin neçə cür sifəti vardır.
    Vardır başqasını pisləyən tərif,
    Bir söyüş tərif var, bir ögey tərif,
    Borc tərif, bəy tərif, həm giley tərif.

    Bir az tərifinin vaxtı keçəndə
    Köhnə rezin kimi boşalır adam,
    Durub tərif üçün qapılar gəzir,
    Tərif naqqalını tapıb dincəlir,
    Köhnə rezin kimi boşalır adam.
    Acı xəmir kimi turşalır adam.

    Hansı iclasdasa dəliqanlını
    Dilucu təriflə cilovlayırlar,
    Neçə qarınqulu indi hardasa
    Nəsə tərifləyib pilovlayırlar.

    Olanı deyəndə ləzzəti olmur,
    Olanı deyəndə bu tərif olmur,
    İstəyir ver ona olan dünyanı,
    Ləzzət vermək üçün gərək deyəsən
    Onun qalmayanla, olmayanını.

    Bəzən özləri də utanıb qalır
    Başsızı başlıca tərifləyənlər.
    Bir yaxşı adamı pisləmək üçün
    Bir pisi yaxşıca tərifləyənlər.

    Tərifin nə yaman hörməti vardır,
    Tərifin neçə cür sifəti vardır,
    Ancaq tərif yoxdur,
    Var düz, var yalan,
    Tərifdir-yalandır nə varsa qalan.

    Ürək

    Demişdi bir daha sevməyəcəyəm,
    Bəs niyə bir daha səhv etdi erək.
    Bu səhvin qızaran gün batımında
    Məni quzu kimi mələtdi ürək.

    Necə də ağırdır bu sevgi-sovqat,
    haraya çapırsan, ey yəhərsiz at,
    Məni kitab kimi büküb ikiqat
    Səhifə-səhifəseyrəltdi ürək.

    Tap onu, tap onu mehriban falçı,
    Nədir dağ sinəmi yaxan bu sacı,
    O bir nağıl oldu, mən bir nağılçı,
    Danışıb hamını kövrəltdi ürək.

    Ona öyüd verdim, sözümü kəsdi,
    Bu mənə birinci, sonuncu dərsdir,
    Dedim ki, dünyadan yapışaq, bəsdir,
    Başıma dünyanı hərlətdi ürək.

    Yandı özü yanmış dünya halıma,
    Düşdü sınıq səslər ömür valıma,
    Bulud gözlərini sıxdı yoluma,
    Mənə ağlamağı öyrətdi ürək.

    Ucalıq yolunu sevgidə gördü,
    Axdı gözlərimə Füzuli dərdi,
    Hər şeyi sevgiyə sədəqə verdi,
    gözünü dünyaya bərəltdi ürək.

    Anamın əlləri

    Anamın əlləri yadıma düşüb,
    Öpüb gözüm üstə qoymaq istərəm.
    Əlinin kötəyi necə şirindir,
    Şirin kötəyindən doymaq istərəm.

    Alın qırışının dərinliyində,
    Bu gün fikir-fikir olub itmişəm.
    Ana kötəyinin şirinliyində
    Məst olub,
    Məst olub, huşa gedmişəm.

    Hirslənib o məni hərdən döyəndə,
    Yaşlı gözlərini qırpıb yumardı.
    Xırda əllərinin titrəyişindən
    Nəsihət tökülər,
    Öyüd damardı.

    Bir az “qudurmuşam”,
    Dəcəlləşmişəm,
    Anam cızığıma salaydı məni.
    Özünü kötəyin altına atıb
    Atamın əlindən alaydı məni!

    Niyə öpməmişəm ana əlindən,
    Ovcunda naz gülü əkməmişəm heç?!
    Hamının nazını çəksəm də bəzən
    Anamın nazını çəkməmişəm heç.

  • Xalq şairi Fikrət QOCA.Seçmə şeirlər

    NECƏSƏN

    Allahım, neyləyim ki, bu qanmazlar qansın.
    Barı bir dəfə ağıllı söz deyəydilər;
    Deyəydim: Necəsiniz, qanmayın, atamız yansın.

    GÜNAH

    Ağıllı: Gözələ baxmaq savabdı – dedi,
    günaha batdı.
    Bəziləri o saat çadraya əl atdı.

    QAYDASI VAR

    Çalmağın da, oynamağın da qaydası var.
    Qaydasız yerdə
    kar-kor olmağın da faydası var.

    YAZIĞIM GƏLİR

    Nələr görməyir gözüm,
    Həm görüm, həm də dözüm…
    Gözə hayıfım gəlir.
    Bu nadan adamlara
    Acı sözlər yazardım.
    Sözə hayıfım gəlir.

    SEVGİ

    Sevgi ən şirin nemət,
    Həm də ən ağır işdi.
    Leyli-Məcnuna qalsa,
    Kökümüz kəsilmişdi.

    DÜNYA

    Dünya qəliz dünyadı,
    Sən yaşa, döz, dünyadı.
    Dünya haqlı olacaq,
    Əyri ya düz dünyadı.

    HƏKİM VƏ XƏSTƏ

    Dedilər: ağır xəstədir.
    Xəstə lap can üstədir.
    Həkim işə girişdi.
    Dedi: çox ağır işdir.
    Vaxt əridi, gün keçdi,
    Həkim lap əldən düşdü.
    Xəstə də durub baxır,
    Nə ağlamır, nə gülmür.
    Həkim yazıq neyləsin?
    Xəstə dirənib durub,
    Xəstə ölmür ki… ölmür!

  • Xalq şairi Qabil.Seçmə şeirlər

    * * *

    … Nə xıltın var, nə ləkən,
    Nə qorxun, nə səksəkən,
    İsmətin, şəxsiyyətin,
    Gül kimi təbiətin.
    Özü elə əsərdir.
    Özü əla əsərdir!
    Adam adam deyilsə,
    Yazdığı da hədərdir!

    * * *

    Toxucu olmaq istəsən,
    Millə zarafat eləmə!
    … Yazıçı olmaq istəsən,
    Dillə zarafat eləmə!

    * * *

    Çaxmağı çək,
    Yansın ürəklərin qurdu,
    Qaradan-quradan
    Təmizləyək ana yurdu!

  • Xalq şairi Xəlil Rza ULUTÜRK.Seçmə şeirlər

    Yurdum, sənin sağlığına
    Bir məclisdə unuduldum,
    Mey içdilər hər gələnin sağlığına,
    Hər gedənin sağlığına.
    Yaxasına qonduğumuz mavi gölün sağlığına,
    Mey gətirən şux gözəlin sağlığına.
    Güldandakı qızıl gülün sağlığına,
    Xoş qədəmli ayın, ilin sağlığına

    Unuduldum.Nə tutuldum, nə pərt oldum,
    Pıçıldadım öz-özümə – Xəlil, sənin sağlığına!
    Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!
    Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!
    Qibtə etsin qoy dan yeri saçlarının
    təkəm-seyrək ağlığına,
    Ey dost, sənin sağlığına!
    Otuz illik döyüşündə bir əsrlik yol keçdin sən,
    Basılmadın, sarsılmadın.
    Heç bir zaman qoltuqlara qısılmadın.
    Şax yeridin öz yolunla, düz yolunla!
    Mən heyranam sənin qaya dözümünə, dağlığına.
    Dodağıma sıxa-sıxa piyaləni,
    İçirəm bu şəlaləni, könlüm, sənin sağlığına!

    Dost, ya düşmən görüşünə bircə an da gecikməyən,
    Heç bir zaman xəstələnməz,
    Ruhu enməz, əhdə sadiq, beyni yanar, qəlbi qaynar
    Bir oğul var – Xəlil, sənin sağlığına!
    Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.
    Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.

    Sən elə bir yolçusan ki , məsləkindən dönməyin yox,
    Tərif, çələng paylananda susmağın var, dinməyin yox.
    Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,
    Cahanda beş oğul varsa, sənsən biri, Xəlil Rza!
    Şerimizin xoş taleyi, ağ baxtısan,
    Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!
    Heç bilmirəm əfv elərmi dostlar məni?
    Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.
    Elim-günüm, səsim-ünüm,
    Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
    Öz sağlığım bəhanədir, yurdum, sənin sağlığına!

    İlham üstündə

    Kameram – qızıl saray, barmaqlığım – bağça, lək,
    Əyləşdim şah taxtımda şerin hökmdarı tək.
    Ərzin hökmdarı tək!
    Qarşımda ağ vərəqlər… büllur bahar səhəri,
    Qələmimdə sıyrılmış Misri qılınc kəsəri.
    Mürəkkəbim – Göygölüm bir cüt mavi damlası,
    İlhamım – əzəmətli bir Xəzər qasırğası.
    Köksüm – alov kürəsi, üzüm-gözüm dan yeri,
    Barmaqlarım – günəşin şüa-şüa telləri.
    Addımlarım – toprakdan bir azca hündür, uca
    Hazıram varıb keçim xəttüstüva boyunca.
    Gülüm qaima nigaran obadayam, eldəyəm,
    Rövşənəm, zindanda yox, doğma Çənlibeldəyəm.

  • Xalq şairi Cabir NOVRUZ.Seçmə şeirlər

    Gecikmiş məhəbbət

    Sən gizli gəlmisən ömrümə, inan
    Bu gizli eşq ilə yaşayacağam.
    Dünyanın ən böyük yükü sayılan,
    Gecikmiş məhəbbət daşıyacağam.

    Sən mənim ömrümdə açan çiçəksən
    Onu ürəyimdə bəsləyəcəyəm
    Sən məni heç zaman görməyəcəksən,
    Mən səni hər zaman gözləyəcəyəm.

    Uzaqdan göz qoyub gözünə sənin,
    Sanki görəcəyam Allahımı mən.
    Düşüb qarış-qarış izinə sənin
    Əzbərləyəcəyəm yollarını mən.

    Səni zərrə-zərrə kəşf edəcəyəm
    Səni milyon kərə kəşf edəcəyəm
    Ərini, oğlunu öyrənəcəyəm,
    Rəngini, qoxunu öyrənəcəyəm.

    Hər günü adınla başlayacağam,
    Hər günü adınla bitirəcəyəm.
    Səni röyalarda axtaracağam
    Səni xəyallarda itirəcəyəm.

    Sən məni heç zaman duymayacaqsan
    Mən bütün ömrünü izləyəcəyəm.
    Sən mənə məhəl də qoymayacaqsan,
    Mən səni həmişə səsləyəcəyəm.

    Hər gün mənim üçün doğulacaqsan…
    Hər gün mənim üçün yox olacaqsan.
    Mənim sevincim də sən olacaqsan,
    Mənim kədərim də sən olacaqsan.

    Mən sənin adına hər saat, hər an
    Qəlbimdə məktublar yollayacağam.
    Sən heç vaxt fikrimdən çıxmayacaqsan
    Mən heç vaxt yadında qalmayacağam.

    Beləcə…həsrətlə qocalacağam,
    Belə enəcəyəm, ucalacağam.

    Keçib hər alovdan, keçib hər oddan,
    Böyük əzabımdan şad olacağam.
    Sən mənə həyatda ən doğma adam
    Mən sənə yaddan da yad olacağam.

    Sən ömr edəcəksən ayrı adamla
    Mən kiməm, nəçiyəm bilməyəcəksən.
    Bir gün bu dünyadan sənin adınla
    Köçüb gedəcəyəm, bilməyəcəksən.

    Mənim ölməz şeirlərim

    Xoş gəlmisiz bu dünyaya, balalarım,
    Sevinclərim, əzablarım, bəlalarım.
    Siz gəldiniz, bilirsiniz neylədiniz?
    Oğul idim, məni ata eylədiniz.
    Qəşənglərim, kifirlərim, keçəllərim,
    Fərman verib
    Anama da nənə adı
    bəxş eyləyən dəcəllərim.
    Aşıb-daşdı evimizdə gülüşünüz,
    Bilirsizmi nələr etdi gəlişiniz?
    Gəlişiniz qələm çəkdi dincliyimə,
    Gəlişiniz nöqtə qoydu gəncliyimə.
    Siz gəldiniz, öz-özümü unutdum mən,
    Siz gəldiniz, “mən” sözünü unutdum mən.
    Hara getsəm indi sizi düşünürəm,
    Hələ xırda, hələ qısa ömrünüzü düşünürəm.
    Hara getsəm sizin üçün dən yığıram,
    Nə dən yığsam üçünüzə tən yığıram.
    Düşünürəm bu Müşfiqin, bu Vüqarın, bu
    Mirzənin,
    Bircə kərə demirəm ki, bu da mənim.
    Anam deyir: -Heç özünə baxmayırsan, oğul,
    tamam,
    Vallah, sənə özüm paltar alasıyam.
    Nə eləsin axı anam,
    Onlar mənim balamdırsa,
    Mən də onun balasıyam.
    Çiçəksiniz, həyatımla bitirmişəm,
    Bu dünyaya mən üç insan gətirmişəm,
    Milyonların qabağında cavabdehəm
    onlar üçün,
    İstəyirəm şer deyəm onlar üçün.
    Oxusunlar ağılları kəsən zaman,
    Öz oğlundan, öz qızından küsən zaman.
    Salam mənim Mirzələrim, Vüqarlarım,
    Müşfiqlərim,
    Evimizin çıraqları – işıqlarım.
    Siz ölməzlik abidəsi,
    Əsrlərə gedib çatan ata səsi.
    Sizin üçün gündüz əsib, gecə əsib,
    Soyuqları, istiləri dilim ilə yalamışam.
    Sözlərimin mən boyundan min yol kəsib,
    Sizin xırda boyunuza calamışam.
    Arzularım, əməllərim,
    Mənə oxşar diri sözlü, diri gözlü
    heykəllərim.
    Yuxunuzdan duran zaman gecələri
    İtirirəm sətirləri, hecaları,
    dil-dil ötən ilhamım da dildən düşür,
    Qoca nənə, cavan ana əldən düşür.
    Mirzə, Vüqar qoymur məni ürəyimə qulaq
    asam,
    Kiçik Müşfiq istəmir ki, şer yazam,
    Kim deyim bu dərdimi,
    Böyük Müşfiq sağ olsaydı bu halıma
    dözərdimi?!
    Sizin üçün qənd alaram, bal alaram,
    Min arzumu, istəyimi qanadaram.
    Sizi, əziz balalarım,
    Sətir-sətir böyüdürəm,
    Misra-misra yaradıram.
    Sevinclərim, əzablarım,
    Yüz-yüz susan, yazılmayan şerlərə
    cavablarım.
    Vaxt olub ki, dediyimdən dönməmişəm –
    sizin üçün!
    Vaxt olub ki, vəzifəli bir alçağın
    Qabağında dinməmişəm sizin üçün!
    Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm,
    Bu dünyaya verib sizi,
    Sonra sakit,
    Sonra rahat, bu dünyadan gedəcəyəm.
    Belə ömür mənə xoşdur.
    Öz səhvini görməyənlər,
    Heç nə yaza bilməyənlər
    Məndən sonra desələr ki, az yazmışdır,
    Onda çıxın ortalığa,
    Ömrüm boyu yaratdığım şerlərim –
    işıqlarım.
    Onda çıxın ortalığa,
    Mirzələrim, Vüqarlarım, Müşfiqlərim!

    1965

  • Xalq şairi Nəbi XƏZRİ.Seçmə şeirlər

    Mənim ürəyim

    Hər payız dərdimi pıçıldayaraq,
    Tökülür ağacdan sapsarı yarpaq.
    Dinlə, o həsrətlə səslənən qovaq,
    Mənim ürəyimdir, mənim ürəyim.

    Məhəbbət sonsuzdur, ömürsə qısa,
    Nə olar, sədaqət əbədi qalsa!
    Kimin ürəyində bir tel qırılsa,
    Mənim ürəyimdir, mənim ürəyim.

    Üzlərdə, gözlərdə sevgi oxunur,
    Məhəbbət ürəkdən-ürəyə qonur.
    Gözəllər gözündə o atəş, o nur
    Mənim ürəyimdir, mənim ürəyim.

    Bulağam, suyumdan doyunca için!
    Çəmənəm, mehriban-mehriban keçin!
    Min çiçək içindən bir lalə seçin-
    Mənim ürəyimdir, mənim ürəyim.

    Şairin qəlbində min bir dilək var,
    Çələng toxumağa gül var, çiçək var.
    Nə qədər dünyada sevən ürək var,
    Mənim ürəyimdir, mənim ürəyim.

    * * *

    İllər gəldi, təzə – təzə
    İşıq verdi qəlbə, gözə
    Düşdu bizim bəxtimizə,
    Məşəl kimi, yanan ürək.

    Xalqın, elin, diləyidir,
    Vaxtın, əsrin, gərəyidir.
    Ürəklərin, ürəyidir.
    Məşəl kimi yanan ürək..

    Sözü doğma, özü əziz,
    Göylər işıq, səma təmiz.
    Oldu nurlu talleyimiz.
    Məşəl kimi yanan ürək.

    İllər gəlib, parlaq – parlaq
    Çiçəklənib ana torpaq
    Sabahlara yol açacaq
    Məşəl kimi yanan ürək.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ürək”

    Qələm əlimdədir, danışmır ürək,
    Bu nədir, elə bil heç mən deyiləm.
    Görəsən nə üçün alışmır ürək,
    Yoxsa şairliyə vida deyirəm?

    Gözlərim görməsin bircə o günü,
    Dəftəri açmamış, sinəmi açım.
    Bilsəm susdugumu, ya söndüyümü
    Sətrim qəbrim olar, nidam baş daşım!

    Elə oturmuşam, deyərsən buzam,
    Bir soyuq meh dəyir üzümə hərdən.
    Düzü nə yorğunam, nə yuxusuzam
    Nə oldu, bəs mənə nə oldu birdən?

    Ağardı saçlarım başımda tək-tək,
    Görünən dağlara çatıb aşıram.
    Bundan tutulmusan bəlkə, ay ürək?
    Bəlkə görübsən ki, başqalaşıram?

    Ağ güllər bitirir bu qara torpaq,
    Hələ ki, qaradır yal-yamacları.
    Əvvəl ağ saçları sayırdım, ancaq
    İndi də sayıram qara saçları.

    Qoy başım ağarsın, qınamaz heç kim,
    Təki deməsinlər əsərsiz oldu.
    Bədənim od tutub, yanır ürəyim,
    De, niyə sən bundan xəbərsiz oldun?

    Səni gözləmişəm əlimdə qələm,
    Əsibdi ruhuma sərin bir külək.
    Sən gizli yanmısan, mən bilməmişəm,
    Qələmi götürdən sənmişsən demək.
    Nə yaman qorxuzdun məni ay ürək…