“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Yetim xoşbəxtlik

Yetim xoşbəxtliyə ögey anayam,
Ona balam dedim, bəlama döndü.
Hər yetən verməyə can atır sanki,
Xoşbəxtlik mənimçün salama döndü.

Salamtək verdilər, aldılar məndən,
Bir Allah bəndəsi qıymadı mənə.
Dedim, çox sevəcəm səni balamtək,
O bədbəxt xoşbəxtlik uymadı mənə.

Bircə şans vermədi, vermədi ki o,
Mən də qismətimi bir də sınayam.
Mənə möhtac qaldı anası ölmüş,
Yetim xoşbəxtliyə ögey anayam.

Gəlmişəm

Əlindən tutmağa əlim gəlmədi,
Ayrılaq!- deməyə dilə gəlmişəm.
Sənə od qoymuşam… Od da müqəddəs,
İndi də əlimdə tələ gəlmişəm.

Bilmirəm, sən hansı tora düşəcən,
Sevsən də, ikinci tura düşəcən,
Nə bilim ordan da hara düşəcən,
Haradı bilmirəm, hələ, gəlmişəm.

Gəl burdan ayrılıq tərəfə gedək,
Ömürlük həsrətin xeyrini güdək.
Onsuz da bilirsən ömrü çox gödək,
O qəlbinə düşən xala gəlmişəm.

Günlərin bir günü

Sən mənim ömrümə gələndən bəri,
Mən sənin ömründən günündən keçdim.
Sən mənim qarşıma çıxandan bəri,
Görmədin, mən sənin önündən keçdim.

Keçdim günah kimi ömründən sənin,
Keçmə günahımdan, önə keçmə sən.
Mən sənin günahın olmaqdan qaçdım,
Qaçma günahımdan, önə qaçma sən.

Nəyimiz vardı ki, arxada qoyaq,
Ayrılıq gələndə qabağa düşdük.
Biz necə bir ömrə sahib olmuşuq,
Günlərin bir günü özümüz çaşdıq…