Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

GƏLMƏ GÖRÜŞÜMƏ

Gəlmə görüşümə, gəlmə,
Heç zəng də eləmə…
Unut olub keçənləri,
O mənli xatirələri…
Heç olmamış kimi
Qara bir örtüyə bük, bərk-bərk!
Üstündən qara bir xətt çək!
Hicranımın əli elə qanlıdı,
Səni yenidən ağuşuna alacaq,
Bakirə hisslərimi oyadacaq..
Yox .. istəmirəm, gəlmə.
Könlümün yuvasında sənin üçün
üşüyən günlərimi qoruyuram..
Yana-yana sevgi ilmələrimi toxuyuram.
Həsrətimin üzü elə soyuqdu,
Lap Sibirin uzaqları kimi…
Əllərim yanır, sənin üçün alışan
dodaqlarım kimi.
Sökəyirəm dodaqlarımı
həsrətimin buz aynasına,
Soyuq nəfəsində çırpınıram,
Özümü məhbəsdə sanıram.
Gəlmə görüşümə, gəlmə
Gəlsən də danışma, dinmə…
Get.. bütün ümidlərim sənin olsun,
Təkcə sənsizliyimi aparma…

Söz eləmisən

Səndə nə günah var, gedən ruhumu,
Qaytarıb yenidən təzələmisən.
Bir az alovunla, bir az odunla
Eşqimin bağına köz ələmisən.

Sev məni, beləcə sevdiyin kimi,
Olmuşam qəlbimin qəddar hakimi,
Hər nə edirəmsə kötür ərkimi,
Demə hər sözümü söz eləmisən.

Dəliyəm, gözümdən uzaqlaşanda,
Yaman kövrək ollam bir az coşanda,
Sənə vurulmuşam desəm son anda,
Axı, qış ömrümü yaz eləmisən.