575949_448528385223558_1371442086_n

Xəstəlik səninlə qol-boyun olub,
Xoşbəxt eyləmisən bu çarpayını.
Gözün xəstəxana divarlarında,-
Axtarır bir ömrün ümid payını.

Səni görməmişdim belə pərişan,
Bu sinə dağımda qar uçqunu var.
Düşüb kəməndinə baxışlarının,-
Ürəyim ən rahat yastığın olar.

Cənnət bağçasısan bu nişanda sən,
Nəfəsin gül açıb,baxışın çiçək.
Belə soyuq dəyər sənə ,gözəlim,-
Sevən ürəyimi al üstünə çək.

Xəstəlik səninlə qol-boyun olub,
Cürətim çatmır ki sənə toxunam.
Ölmək öyrənirəm Qu quşlarından,-
Sənin də dilində bir az oxunam.

Son qoydun sən mənim rahatlığıma,
Dünyada ən gözəl qadına layıq.
“Dirilik suyu”nmuş bu göz yaşlarım,
Ağlatdın sən məni adına layiq.