İçindən parçalandın, dilim-dilim bölündün,
Sən ey mənim daxilim, içim, çölüm, bölündün,
Bölündün ana yurdum, doğma elim, bölündün,
Oğlun qızın uğrunda fədadır sənin hər an,
Canım yolunda qurban, ey anam, Azərbaycan!
Bir ömürlük sinəmdə, məni dağlayır dağım,
Xain düşmənlə dolu, qabağım, solum, sağım,
Neçə ildir yad əldə, ağlayır Qarabağım,
Qan ağlayır Fizuli, qan ağlayır Zəngilan,
Canım yolunda qurban, ey anam, Azərbaycan!
Gör haçandır oxuyur, qoca nənələr ağı,
Talan edib yurdumu alçaq, qaniçən yağı,
Neçə neçə şəhidin, nakam söndü çırağı,
Ürəyim yaralıdır, ruhum qalıb pərişan,
Canım yolunda qurban, ey anam, Azərbaycan.
Bu xalq bizə söyləyir, yatma ey oğul, ayıl,
Döyüşüb at belində Koroğlu, Şah İsmayıl,
İyirmi bir ildir ki, sızıldayır “Cəbrayıl”,
Tapdalayır torpağın, erməni adlı nadan,
Canım yolunda qurban, ey anam, Azərbaycan.
Dözmür artıq ürəyim bu yaraya, dərd-sərə,
Torpağa səcdə edim, alın qoyum min kərə,
Döyünən ürəyimiz – Şuşa, Laçın, Ağdərə,
Başdan-başa olubdur, Qubadlı, Ağdam talan,
Canım yolunda qurban, ey anam, Azərbaycan.
Aralıdır yanımdan, Göyçəm, Vedim aralı,
Düşmən tapdağındadır o Kəlbəcər mahalı,
Alarıq intiqamın, ey Xocavənd, Xocalı,
Düşmənlərin önündə, əyilmə, məğrur dayan!
Canım yolunda qurban, ey anam, Azərbaycan.
Vətənim dar ayaqda…rahat deyil vicdanım,
“Azərbaycan” deyəndə, ucalar şərəf, şanım,
Vuruşacam axınca, inan son damla qanım,
Döyüşəcəm yolunda yurd azad olanacan,
Canım yolunda qurban, ey anam, Azərbaycan.