Mehman Rasimoğlu (Rzayev) 1983-cü il 27 martda Tovuz rayonunda ziyalı ailəsində, aşıq Əsəd Rzayev ocağında anadan olub. Orta məktəbi Tovuz rayonu Elxan Məmmmədov adına orta məktəbdə bitirib. 2004-cü ildə BDU-nun jurnalistika fakultəsinin məzunu olub.
Mehman Rasimoğlu tələbəlik illərindən dövrü mətbuatda dərc olunur. “İlk məhəbbətim” adlı şeirlər kitabının müəllifi, Tovuzda fəaliyyət göstərən aşıq Hüseyn Bozalqanlı adına “Varislər” Ədəbi Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
AĞACINDAN
Kimsəyə güvənim, etibarım yox
Alıb asıbdılar dar ağacından.
Şərəfi, isməti, xasiyyətini
Töküblər zamanla ar ağacından.
Bu gün bir səs, sabah bir səs duyulur,
Yalanlar içində içim oyulur.
Ümidlərim ürəyimdən soyulur-
Güllə bağlayırlar xar ağacından.
Zamanımı, gənc çağımı aldılar,
Şeytan kimi xəyalıma daldılar.
Arzularmı yarı yolda saldılar,
Məni ayırdılar yar ağacından.
Bəxtim əzrayılın əlinə keçib,
Dünyanın nahaqqı səbrimi biçib.
Sevdiyim sandığım qanımı içib,
Yıxıb baş-aşağı bar ağacından.
MƏHƏBBƏT
Eşqə, məhəbbətə əsir düşmüşəm
Ağıldan, kamaldan didərginəm mən.
Bütün varlığımla yanıb-bişmişəm
Məni boran-qar da soyutmur, nədən?
Ilahi, ürəyim necə can çəkir!
Zalım rəssam gözlərimə qan çəkir.
Sevincdən, nəşədən məni yan çəkir,
Vüsalın ruhunu unudub bədən.
Ülviyyətin, səadətin yoxdusa,
Kimə gərək, ədalətin yoxdusa?
Sevənlərə məhəbbətin yoxdusa
Məhəbbət, özünü harda gəzərsən?!
AĞLADI
Səni andım, ruhum səni səslədi,
Könlüm yorğun düşdü, gözüm ağladı.
Hicranı qəlbimdən şeirlə aldım
Sevən könüllərdə sözüm ağladı.
Vüsalı gözlədim yol qırağında,
Ayrılıq dən oldu eşq darağında.
Çökdüm dizim üstə yar sorağında
Yollar susqun qaldı, dizim ağladı.
Gəzdim bağça-bağı, çölü-çəməni,
Soruşdum daşlardan, çiçəkdən səni.
Yordu sənsizliyin kədəri məni
Geridə qoyduğum izim ağladı.
GƏL GÖRÜŞƏK
Gəl görüşək, ay bənizlim,
Bu dünyanın o üzündə.
Adət etsin bizi gəzsin,
El məhəbbət dənizində.
Burda sevib sevilən yox,
Sol kürəkdən çırpılır ox.
Sevilməyi istəyən çox,
Amma sevgi yox gözündə.
Bir yurd salaq burdan uzaq,
Sevgimizə dastan yozaq,
Nəğmə qoşaq, şeir yazaq
Qalsın bizdən eşq izində.