Ürəyimə yağış yağır bu gecə
Gözlərindən baxışların tökülür,
Od nəfəsim sənlə dara çəkilir…
Varlığımda eşq sarayı tikilir,
Bir xəbərsiz eşq yaranır gizlicə,
Ürəyimə yağış yağır bu gecə..
Bəxtim sənə nə göz yaşı ol deyir,
Nə tökülən göylər daşı ol deyir..
Bir ürəyin gəl sirdaşı ol deyir,
Arzularla ötüb gedir gün necə,
Ürəyimə yağış yağır bu gecə..
Baxışınla gözlərimə dolanda,
Ta qayıtma… Sığın onda qal onda…
Adın qəlbdə, taleyinsə alında,
Sənsiz günüm nə yaşana, nə keçə,
Ürəyimə yağış yağır bu gecə..
Allahım sən alma bu gözəlliyi
Düşüb yer üzünə Tanrıdan gəlir,
Torpaq gözəlliyi, su gözəlliyi.
Hələ qoy yaşayaq günlər içində
Allahım sən alma bu gözəlliyi..
Bir üzü qaranlıq bir üzü işıq ,
Elə başdan-başa dünya yaraşıq.
Hələ gözəllikdən heç doymamışıq,
Allahım sən alma bu gözəlliyi..
Haqq ilə nahaqqı ayırır insan,
Ruhunu söz ilə doyurur insan..
Qəlbini içindən sıyırır insan,
Allahım sən alma bu gözəlliyi..
Hər xeyir tapılar bir itən şərdə,
Nə deyim sonumda gizlənən dərdə..
Gözəllik eşqiylə gəzir bəşər də,
Allahım sən alma bu gözəlliyi..
Gecə
Gəl bağrıma daş tək basıl,
Uyu qoynumda gecə…
Uşaq nağıllardan bezib,
Böyüklər ağılardan.
Dərdlərim salxım kimi,
Asılıbdır tənəkdən,
Min bir dərdi ələrəm
Biri keçməz ələkdən.
Dünya da bir ələkdir..
Keçən heç vaxt
Diri keçməz ələkdən..
Dünyanın işinə matam doğrusu,
Canavar gözünü çıraq eləyir.
Qanun keşiyində milyon oğrusu,
Qəpik oğrusunu dustaq eləyir..