Verin
Demirəm ki, qızıldan
siz mənə taxt-tac verin.
Qaytararam yenə də,
Yaxşılığı borc verin.
Sevən qəlbi sıxmayın,
Yandırmayın, yaxmayın.
Şairləri yıxmayın,
Həvəs verin, güc verin!
…Sözdən başqa işim yox,
Ayrı bir vərdişim yox,
Sağlığımda ,,beş”im yox.
Heç olmasa öləndə,
Sağlığıma üç verin!!
22.03.2015
Dərdimin
Nəşəm qəmdən aşağıdır,
Üzümdəki yaş, ağıdır.
Gözlərimdən yaş axıdır,
Yoxdur həyası- dərdimin.
Tükənməyir, yetmir sona,
Vərdiş edib, qəlbə qona.
Gündə girir dondan-dona,
Mindi boyası,-dərdimin.
Hay verən yoxdur səsimə,
Nə zilimə, nə pəsimə.
Necə qıyım özgəsinə,
Özüm geyəsi dərdimi?
Pəl qatır, xoş diləyimə,
Hopub qana, iliyimə.
Neştər olub ürəyimə
Batır tiyəsi dərdimin.
Könül sızlar, hər gün, hər ay,
Bir kimsədən gəlməz haray.
Ürəklərdə qurub saray,
Üzdə dəyəsi*- dərdimin.
Andıra qalmış birdimi?
Dərdim açılmaz sirdimi?
Mən belə dərd istəmirəm,
Gəlib aparsın dərdini,
Kimdi yiyəsi- DƏRDİMin!!!