sefa1-450x300

AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bir gün gələcəm sizə

bir gün gələcəm sizə,
elə-belə… təsadüf…
qonşu qoyacaq sözə,
-arsızdı, özü gəlib…

keçəcəyəm mətbəxə,
qaynayacaq çaydanın…
dadı qalıb deyirlər,
damağında dolmanın…

eyninə alma, gülüm,
çox dolmalar bişəcək…
bizim toyun apreli
hər təqvim bəzənəcək…

Bakıda ayrı olur
İlin dördüncü ayı…
Gəncədə bir qız solur,
Əynində həsrət payın…

səndən küsən bu qıza
bu gün dərdin də çoxdur…
bir gün gələcəm sizə…
o gün təqvimdə yoxdur…

“Apardı sellər Saranı”

Bir gün qapın döyüləcək,
Sənə bir söz deyiləcək
Ruhun yaman üşüyəcək…
“Apardı sellər Saranı”…

Hardan düşdü yada? Hardan?
Axı unutmuşdun çoxdan…
Günahkarı ölən sevdan
Qınadı ellər Saranı…

Qorumağa söz vermişdin…
Elin dilindən demişdin…
Təkcə özün bilməmişdin,
Söylədi dillər Saranı…

Yatdın, Xançoban, yatdın…
Ömrü ucuzuna satdın…
İllərin o üzünə atdın…
Atmadı illər Saranı…

Demə ki, ürəyi daşdı,
Dərd çağladı, aşdı-daşdı…
Bəxtin kirinə bulaşdı
Yumadı sellər Saranı…

Bir gün qapın döyüləcək,
Sənə bir söz deyiləcək
Ruhun yaman üşüyəcək…
“Apardı sellər Saranı”…