10646868_273655359498567_6620189188081019440_n

Deyirsən: ,, Yox, tanımıram,”
Sən tanımasan da, olar.
Səni heç də qınamıram,
Sən tanımasan da , olar.

Qartal gəzən dağda varam,
Bülbül uçan bağda varam,
Budaqda, yarpaqda varam,
Sən tanımasan da , olar…

Həm bəmdənəm, həm zildənəm,
Dörd hikmətdən.. fəsildənəm.
Halal əsil-nəsildənəm,
Sən tanımasan da, olar.

Sufi, dərviş, abid mənəm,
Görünməzə şahid mənəm.
Vətən bilir, şəhid mənəm,
Sən tanımasan da , olar!

Xoş arzuda, diləkdəyəm,
Həzin əsən küləkdəyəm,
Min-min güldə, çiçəkdəyəm,
Sən tanımasan da, olar!

Billur bulaq, dəli çayam,
Gündüz günəş, gecə ayam.
Tanrı verən bəxşiş, payam,
Sən tanımasan da, olar!

Çəməndə qızıl laləyəm,
Gül üstə düşən jaləyəm.
Dağdan axan şəlaləyəm,
Sən tanımasan da, olar.

İsrafilin surundayam,
Həzrət Musa Turundayam.
Məhəmmədin nurundayam,
Sən tanımasan da, olar.

Sevinc dolu gözdə yaşam,
Fərəhimdən gərək coşam.
Yaz müjdəli qaranquşam,
Sən tanımasan da, olar.

Həm xeyirəm, həm də ,, şər”əm,
Haldan-hala tez düşərəm.
Mən qəribə bir bəşərəm,
Sən tanımasan da, olar!

Neçə oğrun baxışdayam,
Yüz ilməli naxışdayam,
Enişdəyəm, yoxuşdayam,
Sən tanımasan da, olar!

Xoş amalam, saf niyyətəm,
Şölələnən ülviyyətəm.
Ecazkar bir təbiətəm,
Sən tanımasan da, olar.

Yaşıl meşə, göy çəmənəm,
İşıq saçan-göycə, mənəm.
Zəngəzuram, Göyçə mənəm,
Sən tanımasan da, olar!

Ələsgərəm, mən Alıyam,
Sözümün şəkər-balıyam.
İrəvanam, Borçalıyam,
Sən tanımasan da, olar!

Yurdun şəhəri, kəndiyəm,
Dağı, bərəsi-bəndiyəm.
Qoşa-qala Dərbəndiyəm,
Sən tanımasan da, olar!

Təbriz, Zəncan, Xoy da mənəm,
Bir kökdə min soy da mənəm.
Bütün VƏTƏN boyda mənəm,
Sən tanımasan da, olar!

Çəkdiyim ağrı, ahdayam,
Dünən, bu gün, sabahdayam.
Allah məndə, Allahdayam,
Sən tanımasan da, olar!
Sən tanımasan da…Olar!!