me

Məhəmməd Nərimanoğlu (Sadıqzadə) 1957-ci il fevral ayının 18-də Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olmuşdur. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini, 1982-ci ildə Gəncə Politexnik Texnikumunu, 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu, 1993-cü ildə Jurnalist Peşəkarlığı İnstitutunu bitirmiş, ixtisasca rejissor-jurnalistdir. Azərbaycan Elmlər Akademiyasının dissertantıdır.

 1980-1987-ci illərdə Kəlbəcər rayon mədəniyyət Şöbəsində və Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evində, 1993-cü ilin aprel ayınadək Kəlbəcərdə çıxan “Yenilik” qəzetində (korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri, məsul katib, 1993-95-ci illərdə “Respublika”, 1995-2002-ci illədə “Yeni Azərbaycan” qəzetlərində məsul katib, sonralar “Gələcək”, “7-ci qitə”, “Yeni bəşər”, “Ozan” qəzetlərinini redaktor və baş redaktor vəzifələrində çalışmış, 2002-ci ildən 2010-cu ilin aprel ayınadək “Vətən səsi” qəzetinin şöbə müdiri olmuşdur. Həmin tarixdən Milli Məclisin orqanı olan rəsmi dövlət qəzetində – “Azərbaycan”da çalışır.

Ədəbi yaradıcılığı hələ orta məktəb illərindən başlamış, dövri mətbuatda müxtəlif janrlarda çoxsaylı məqalələri dərc edilmişdir. 1994-cü ildə ilk kitabı “Dağların sinə dağı” (“Azərbaycan” nəşriyyatı), 1995-ci ildə “Yurd göynərtisi” (“Azərbaycan” nəşriyyatı), 1996-cı ildə “Ümid işığı” (“Səda” nəşriyyatı), 1998-ci ildə “Dədə ocağı”(“Gənclik” nəşriyyatı), “Qanlı köynəklər”, “Qiyamətə qalan qisas”, 2001-ci ildə “Kəlbəcər – Azərbaycanın qala qapısı”, “Şərəfli ömürlərin işıqlı yolları” (“Təfəkkür” nəşriyyatı),2005-ci ildə “Kəlbəcər dünyası- yüz şairin bir kitabı”, 2006-cı ildə “Kəlbəcər: sazın-sözün harayı”, 2008-ci ildə “Astara Azərbaycanın cənub mirvarisidir”, 2009-cu ildə “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası”, 2010-cu ildə “Kəlbəcər dünyası: folklor nümunələri”, “Ağdaban faciələri” (beş dildə -azərbaycan, rus, ingilis, ərəb və fransız), “Kəlbəcər – təbii sərvətlər və möcüzələr diyarı” (“Adiloğlu” nəşriyyatı, 2011-ci ildə “Kəbədə möcüzə” kitabları nəşr edilmiş, “Heydər Əliyev: Kəlbəcərin sərvətləri zəngin, insanları fədakardır” kitabı çapa hazırlanmışdır. Yüzlərlə kitabın naşiri və redaktorudur.

Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvüdür. Atası Sadıqov Nəriman Ələkbər oğlu 1924-cü ildə Kəlbəcərdə anadan olmuş, 1993-cü ildə erməni təcavüzünün qurbanı olmuşdur.

 1998-ci ildə “Qəriblər ağısın oxuyan durna” və 2006-cı bldə “Orda açıb, burda solan bir güləm” şeirlər kitabları nəşr edilmişdir.

Kəlbəcərin Ermənistan tərəfindən 1993-cü ilin aprel ayından işğal edildiyi üçün ailəsi Bakı şəhərində məskunlaşıb.

MƏNİM ÜÇRƏNGLİ BAYRAĞIM!

Dalğalan sən göylərimdə,
Obalar, həm ellərimdə,
Nəğməyə dön dillərimdə,
Sənsən zirvəm, sənsən dağım,
Mənim üçrəngli bayrağım!

Hünərim sən, qeyrətim sən,
Şöhrətim sən, hörmətim sən,
Namus, vicdan, mərfətim sən,
Sənli olsun hər bir çağım,
Mənim üçrəngli bayrağım!

Qanım, canım sənə halal!
Sənsiz çox olmuşuq məlal!
Sənindir bu ölkə, mahal,
Dəyişib tarix, növrağım,
Mənim üçrəngli bayrağım!