gunelxanim

Böyük bəstəkarımız Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” musiqili komediyasını yazmasaydı, biz indi, görəsən, neyləyərdik, ilahi?! 50-55 yaşlı qızlarla ailə quran kişiləri necə adlandırardıq?! Gözəl bəstəkarımız haradan biləydi ki, onun yaratdığı Məşədi İbad obrazı o dövrlə müqayisədə bu gün daha məşhur və aktual olacaq. Bəlkə də o, sağ olsaydı indiki Məşədi İbadları görüb təəccüb edərdi. Axı, indi meydan Məşədi İbadlara verilib. Gülnazlar Sərvərlərə deyil, Məşədi İbadlara könüllü ərə gedirlər. Əgər ötən əsrlərdə qızları zorla Kərbəlayılara, Məşədilərə ərə verəndə onlar kişiyə baxıb “Xandostu, amandı qoyma gəldi, didarı yamandı, qoyma gəldi!” -deyib

ağlayırdılarsa, bu gün əksəriyyət “yaşın nə fərqi var ki, sevirəm səni”- deyərək özündən 25-30 yaş böyük kişilərlə evlənməyi özlərinə şərəf sayırlar. Əvvəlki dövrlərdə olduğu kimi bu gün də valideyn xeyir-duası bu işdə əsas rol oynayır. Bir çox valideynlər qızlarının gələcəyini bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmağa çalışırlar. Həm ziyarət, həm də ticarət. Boş yerə deməyiblər ki, “Anasına bax, qızını al”. Kim varlı yeznə istəməz ki….. Qızların və ya valideynlərin belə seçim etməsi, ola bilsin ki, onların keçmişimizə böyük “önəm” verməsi ilə əlaqədardır. Çoxları bunu cavan oğlanlarımızın Rusiyaya gedib Nataşalarla, Olyalarla, Annalarla evlənib geri qayıtmamaları və nəticədə oğlan qıtlığının yaranması ilə əlaqələndirirlər. “Qız evdə qalar qızıla dönər” atalar sözünün öz yerini “Qızın varsa ver qurtar”a verməsi də buna öz təsirini göstərir. Böyük Vətən müharibəsi illərində böyük əziyyətlər çəksək də, igid oğullarımız cəbhə meydanında həlak olsa da “kişi qıtlığı”olmayıb. Müasir dövrümüzdə isə firavanlıq və bolluq şəratində yaşayaraq “kişi azlığı”ndan yamanca əziyyət çəkirik. Xüsusən də, cavanlardan… Belə bir deyim var ki, “Cavana gedən yumruq yeyər, qocaya gedən …..” Qızlarımız böyüklərinə hörmət göstərərək fikirləşirlər ki, “böyüklərinin sözünə baxmayan axırda peşman olar”. Buna görə də gələcəklərini valideynlərinə, valideynlər də qızlarını Məşədi İbadlara etibar edirlər. Nə qədər Məşədi İbadlar var, o qədər də Gülnazlar olacaq. Allah pulun üzünü qara eləsin. O insanı nəyə desən sürükləyər. Cavanı qocaldar, Məşədi İbadı isə cavanlaşdırıb Sərvərə çevirər.

24.07.2008