Photo Kenan

Bu dünya şairin nəyinə gərək?!

Günahı duayla yuyub gəlibdi,
Ömrü şeir üçün qoyub gəlibdi,
Onsuz da dünyadan doyub gəlibdi,
Bu dünya şairin nəyinə gərək?!

Divara daş kimi vurulub qalan,
Bir göz qrpımında durulub qalan,
Yalan üzərində qurulub qalan,
Bu dünya şairin nəyinə gərək?!

Süleyman mülküdü qalan ha deyil,
Şairi yadına salan ha deyil.
Şairin könlünü alan ha deyil,
Bu dünya şairin nəyinə gərək?!

Əhd-peyman bağlamaz sonuna qədər,
Dağılmaz gözündən qəm ilə kədər.
İstər gündüz olsun, istərsə səhər,
Bu dünya şairin nəyinə gərək?!

Sevinib, şadlanıb, gülən deyil ki,
Ömrü başa vurub ölən deyil ki,
Sevinci, kədəri bölən deyil ki,
Bu dünya şairin nəyinə gərək?!