hesret

Həsrət Əli Zülfüdağlı (Kərimov Həsrət Əli oğlu) 1955-ci il iyun ayının 10-da Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1972-ci ildə Şiştəpə kənd orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına AzPİ daxil olmuş və 1978-ci ildə Mühəndis-mexanik ixtisası ilə həmin insitutu bitirmişdir.İlk şeirlərini orta məktəb illərində yazmağa başlamışdır.
1980-ci ildən başlayaraq dövri mətbuatda mütamadi olaraq dərc edilən şairin ilk kitabı “Ocaq daşı” 5000 tirajla (Gənclik nəş.)işıq üzü görmüşdür. indiyə kimi şairin “Şam ömrü”, “Anaların laylasında”, “Bir çiçək eşqi”, “Mələklər”,”Elə sevirdim ki”, kiçik yaşlı uşaqlar üçün “Almalı nağıllar” və “Şur” nəşriyyatında nəşr olunan ” Nə susmusan” adlı təcnislər kitabı oxucuların diqqətinə çatdırılmışdır. Hal-hazırda “Ömür üçün ayrılan vaxt” və “Altı an” adlı kitabları çap ərəfəsindədir. 1995-ci ildən AYB-nin üzvüdür. Ailəlidir, dörd uşağı, doqquz nəvəsi var. Bakı şəhərində yaşayır.

YARISI BİZİK DÜNYANIN

Yarı isti, yarı soyuq,
Yarı torpaq, yarı suyuq,
Bu dünyanın yarısıyıq,
Yarısı bizik dünyanın.

Gecə sabah açılınca,
Zaman dönür bir qılınca,
Qaçırıq çörək dalınca,
Arısı bizik dünyanın.

Vaxtın zalım arabası,
Dəyirmana aparası
Dənlik buğdası, arpası,
Darısı bizik dünyanın.

Dərd önündə dönək dağa,
Sinəmiz verək qabağa,
Gəl qoymayaq dağılmağa,
Varisi bizik dünyanın

Sonunda ölüm qucası,
Həm alçağı, həm ucası,
Həm cavanı, həm qocası,
Qarısı bizik dünyanın.