Bəlkə mənə ərki var,
Dərdin boşu, bərki var.
Fələk verən dərd ki var:
Boğaza yığır məni.
Dad, bu dərddən, dad, ağa*,
Qoy bu dərdə qadağa.
Salıb dilə, dodağa.
Ağıza yığır məni.
Soruşmadan ismimi,
Oda yaxır cismimi.
Gündə çəkir rəsmimi,
Kağıza yığır məni.