1423889445_esmer

Bir həsrətim var mənim Qarabağ adlı
Düşmən əlində əsir, həm qara baxtlı
Qalmayıb taqətim, gör neçə vaxtdı?
Nisgilin qəlbimi hey didir, oyur,
Gözümün yaşından torpaq da doyur.

Hardadı o çəmən, o gülzar harda?
Əsirdir torpağım, qalıbdır darda,
O vaxtdan inləyir, kaman da, tar da,
Getmir vətən dərdi, ürəyə dolur.
Gözümün yaşından torpaq da doyur.

Qız-gəlin əsirdir düşmən əlində,
Qaçqınlıq damğası qalıb belimdə,
Bahaymış bizlərə ucuz ölüm də,
Hər nəfəs boynuma ağır yük qoyur.
Gözümün yaşından torpaq da doyur.

Nə zaman bitəcək bu kədər, bu qəm?
Naləmi nə zaman duyacaq aləm?
Kor olan vicdanlar, al qana bələn.
Yalançı qurumlar oyuncaq qurur,
Gözümün yaşından torpaq da doyur.

28.06.2015 02:30