1545553_10203040697648544_1046483349_n

Ümidsiz addımlarla gecədən günəşə doğru addımlayır, çox da uzaqdan gəlməyən qurd səslərindən qorxsa da yoluna davam edirdi. Hardan gəlir, hara gedirdi? Heç bir fikri yoxdu. Sadəcə addımlayır, ayaqları ilə beynini çürüdən düşüncələrə üsyan edirdi. Yağan ilk qar hələ yerə tam hopmadığından hərdən ayaqlarının altında xışıldayıb, ona ölüm anında olan bir bəstəkarın son bəstəsini xatırladırdı. Və ağaclar- gecənin ayazında qurdlar kimi ağzını göy üzünə tutub, ancaq canavarlardan fərqli olaraq səssizcə ulayan ağaclar. Bəzən bir xəyal kimi düşüncələr yaddaşını ziyarət edib, sürətlə uzaqlaşırdı. İnsan bir yerdə durmağa məhkum deyil, ancaq ağaclar ömür boyu- bəlkə yüz illərcə bir yerdə dayanır. Görəsən darıxırmı, onlar da uzaqlara- daha gözəl yerlərə getmək istəyirmi?! Qış olsa da, göyün üzü açıqdı. Ulduzlar və ay yoluna işıq saçır. Qara və soyuğa bələnmiş yarpaqlar ayaqlarına dolaşdıqca, hərdən rastına çıxan qar üzərinə enən ulduzlar gözlərini qamaşdırdıqca daha bərk gedir, daha tez uzaqlaşmaq istəyirdi.

Yaxınlarda səsini duyduğu canavarları arabir kölgə şəklində görür, ürəyindəki dəhşət dolu qorxuya əngəl olmaqda çətinlik çəkirdi. İndi o canavarlardan biri ona yaxınlaşsa, nə edə bilərdi ki? – heç nə. Sakitcə ona yaxınlaşar, yəqin elə ilk həmlədə boğazından yapışıb, şah damarını qoparardı. Bəs, görəsən çox acı duyardımı, həyat damarın bir yırtıcının dişlərindəikən insan nə hiss edər?! Bir an o hissi duymaq üçün canavara yem olmaq istədi, ancaq ürəyində olan ümid qırıntıları tezliklə onu fikrindən daşındırdı. İçində bir nifrət oyandı, bu an yırtıcı ilə qarşılaşsa düşünmədən onun boğazını dişləri ilə parçalayardı. Elə bu an yenə özündən qorxdu. Daha tanıya bilmirdi özünü. Bəzən bir balaca dovşanı incitsə günlərcə yata bilməz, özünə nifrət edərdi, bəzən də bir canavarı ağır işgəncələrlə öldürərdi, düşüncələrində. Bəlkə də haqsızlıqlara, əclaflıqlara olan üsyanı idi bu qaçış. İnsanlardan, yalanlardan qaçırdı, ancaq hara, hara qədər qaça biləcəkdi. Özü də bir insandı. Insan özündən duyqu və düşüncələrindən qaça bilərmi? Getdiyi hər yerə düşüncələrində insanları da aparacaqdı- o bezdiyi, nifrət etdiyi insanları. Əslində bayaq halına acıdığı ağaclardan elə də fərqlənmirdi. Bədəni dövr etsə də, ruhu aid olduğu yerdən bir addım uzaqlaşmağa qadir deyildi. İndi canavarları qısqandı. Bəzən onları pis insanlara oxşadıb nifrət etsə də, elə olmadığını yaxşı bilirdi. Necə azaddı bu canlılar. Azad və cəsur. Onların qorxduğunu heç eşitməmişdi. Azadlıqları üçün savaşmağı necə sevirlər. Onlarca itin arasına təkcə daxil olur, çox zaman da sağ çıxırdı bu canlılar. Özgə zamanları gecələr it səsləri obanı başına götürür, ancaq canavar ova gəldiyi gecə heç bir it səsi duya bilməzsiniz. Canavarlar obaya daxil olar, istədikləri qədər qoyun quzunu öldürüb gedərlər. İtlərsə qorxularından gizləndikləri deşikdən çıxa bilməz, titrəyə- titrəyə sabahın açılmasını gözləyər. Elə bu an yaxınlıqadkı qayalardan canavar səsi gəldi. Gecəni və ayazı boğaraq göyə yüksəlirdi ulamaq səsi və onun çıxardığı buğ. O an bəlkə də hər şeydən çox istədi bir canavar olmağı. Onlar kimi azad, qorxusuz bir şəkildə dolaşmağı, ulamağı. Sabaha qədər ulayardı indi, canavar olsaydı. Ürəyindəki bütün acıları, nifrəti, kini bu qaranlıqda göy üzünə doğru yola salardı. Di gəl ki, insandı- düşünən, qorxan və hissləri olan bir insan. Bu insandan xilas ola bilməzdi, nə qədər möhkəm getsə də, nə qədər uzağa yol alsa da xeyri yoxdu. Qurtuluş görsənmir bu insandan. Gecələr hava nədən bu qədər təmiz olur, nə üçün insan ruhu bu qədər dincəlir? Yəqin ki, cavab insanlar olmadığı üçündür. Bax bu meşə insanlardan çox uzaqda yerləşir, ancaq necə də təmizdir. İnsan yoxdu deyə bir dənə zibil yoxdu. Vəhşi, yırtıcı dediyimiz heyvanlar necə təmiz saxlayırlar evlərini….

Deyəsən səhərə yaxındı. Bunu ayazın artmağından anladı. Sabaha yaxın soyuq və qaranlıq şiddətini artırır, son həmlələrini edirdi. Onun üçün deyirdlər gecənin ən qaranlıq anı sabaha yaxın olan vaxtıdır. Günəşin doğmağını heç istəmirdi. İşıq ona görməkdən qorxduğu şeyləri də göstərəcək, yenə ruhundakı o boşluğa yuvarlanacaqdı…

Uzun illər dövləti üçün çalışmış, ən gizli və təhllükəli görəvləri başarı ilə yerinə yetirmişdi. Bu dəfəki yolculuğu da balaca bir kənddə məmur özbaşınalığını araşdırmaqdı. Kənddən olan çoxsaylı şikayətlərdən sonra dövlət onu, ora göndərirdi. Bütün bu qorxuları orada görəcəkləri idi. Nə qəribədir ki, insanlara xidmət üçün göndərilən məmurlardan bəziləri qısa zamanda özünü Tanrı hesab edir, heç kimlə hesablaşmır, daima o vəzifədə qalacaqlarını düşünürlər. Bu dəfə ki, “ tanrı” da kəndin kəndxudası İvan adlı bir məmurdu. Artıq kəndə yaxınlaşırdı. Dağların qoynunda olan bu kənd elə də yekə deyildi. Sanki dağların sinəsini yarıb, ora balaca- balaca evlər tikmişdilər. Hər evin yanında çoxlu ağaclar olduğundan ilk başda adama elə gəlirdi ki, bu kənd meşənin içində yerləşir, ancaq elə deyilldi. O görünən ağacların hər biri bar verən meyvə ağacları idi. Kəndin girəcəyində onu qarşılayan itlər oldu. Bir neçə it hürərək ona tərəf gəlirdi, ancaq gecə meşənin içində gəzən biri üçün bu çox da qorxulu bir mənzərə deyildi. İtlər canavarlar qədər cəsarətli ola bilməzdilər hər halda… Əhvalını pozamadan və addımlarını ləngitmədən kəndə daxil oldu. İtlər qaça- qaça ona tərəf gəlsələr də yaxınlaşmağa cəsarət etmədilər. Elə gəldikləri kimi də hürə– hürə oradan uzaqlaşdılar. İnsanlar təzə- təzə yuxudan oyanırdı. Sabahın bu vaxtında heç kimi narahat etmək istəmirdi, onun üçün də kəndi dolaşmaq qərarına gəldi. Kəndə daxil olarkən körpünün uçduğunu görmüşdü. Bayaqdan elə onu düşünürdü ki, camaat qışın bu vaxtında nə edir körpüsüz?! Gördüklərindən anlayırdı ki, kəndi mərkəzlə bağlayan əsas yolun üzərində yerləşir körpü. Insanlar hansısa iş üçün mərkəzə getmək istəsə maşından istifadə edə bilməyəcəkdi. Məsələn kiminsə xəstəsi olsa çiynində uça- uça bu dərədən keçirməli idi. Vəziyyəti gözünün qabağına gətirdikcə tükləri biz- biz olur, əsəbindən dodalarını çeynəyirdi. Haçandan uçmuşdu bu körpü, niyə indiyənəcən xəbər edilməmişdi. Axı dövləətin xəbəri olsaydı çoxdan təmir edilmişdi. Kəndi gəzərkən diqqətini çəkən başqa bir məqam isə evlərdən heç işığın gəlməməsi idi. Ilk öncə insanların hələ yatdığnı düşündü, ancaq kənd camaatı bu vaxta qədər yata bilməzdi. Tezdən oyanan zəhmətkeş kəndli özü çörək yemədən öncə heyvanlarının altını təmizləyir, ot- alafını verirdi. Burada insanların əsas gəlir mənbəyi heyvanları və yazda əkdikləri əkinləridi. Kəndi bir az daha gəzmək üçün addımlarını möhkəmləndirdi. Buradakı evlər çox böyük olmasa da səliqəli evlərdi. Bəlli ki, insanlar əllərinə döyə- döyə, alın tərləri hesablarına özlərinə yuva qurmuşdular. Bir qədər getdikdən sonra kənddəki evlərdən bir az aralıda böyük bir ev gördü. Hündür hasarlı, göz qamaşdıran böyük bir ev. Evin ətrafında isə üç- dörd it o tərəf bu tərəfə gəzir, evi ola biləcək təhlükələrdən qoruyurdu. Bir digər evlərə, bir də bu evə baxanda evin sahibinin kimliyi aydın olurdu. Kənddə bu şəkildə dolaşmaq insanları şübhələndirə bilərdi. Onun üçün gəzintini dayandırıb, bir evin qapısını döyməli- qonaq olmalıydı. Kənd insanı səhər tezdən, gecə qaranlıqda gələn qonağa da pis baxmırdı. Böyük ürəyi ilə qonağını qarşılayıb, evində olan ən dəyərli şeylərini ikram edirdi. Qonaq olmaq üçün kəndin ən kasıb, sadə evlərindən birinin qapısını döydü. Bir az sonra gülərüz, nurani bir qoca qapını açıb, onu içəri dəvət etdi. Içəri daxil olanda evin ortasında yanan soba ona çölün soyuğ olduğunu xatırlatı- soyuğu indi hiss etdi. Evin içinə xalça sərilmişdi. Xalçanın üzərində isə əyləşmək üçün rəngli- rəngli yastıqlar. Sobanın yanına əyləşdi. İki otaqlı bu balaca ev indi onu qarşılayan Murad baba və xanımı Liza nənəyə aiddi. Yaşı altmışı keçmiş bu insanlar onu böyük mehribanlıqla qarşıladılar. O, danışmadan heç bir sual verilməyəcəkdi. Onlara nəsə deməli olduğuna borclu hiss etdi bir an və “ şəhərdən gəzmək üçün gəldiyini, bir neçə gün bu kənddə qalmaq istədiyini” söylədi. Murad baba bu müddəti onlarda qala biləcəyini sevinclə bildirdi. Heç kimi olmayan bu qocalar onlara qonaq gəldiyinə, bir neçə gün də olsa yalnızlıqalarını unudacaqlarına çox sevinirdilər. Liza nənə öncə qonağa isti bir çay süzdü və payızda hazırlanmış mürəbbələrdən ikram etdi. O, çayı içərkən, sabah yeməyi üçün öz heyvanlarının məhsulu olan yağ, xama, qaymaq kimi təamlar da yer süfrəsinə qoyuldu. Uzun zamandır bu qədər gözəl bir yemək yeməmişdi. Sadə, ürəyi təmiz bu insanların halal süfrəsində ruhunun da doyduğunu hiss etdi. Fürsətdən istifadə edib, körpünün vəziyyətini soruşdu. Deməli körpü yayda yağan güclü leysanlardan sonra dağılıb və odu, budu düzəlmir. Kəndxudaya deyildikdə isə düzələcəyini deyir, narazılıq edən olsa o dəqiqə təhqir edərək bu kənddən didərgin salacağını, hətta həps etdirəcəyini deyir. Onun üçün kimsə qorxusundan dillənmir. Bəs işıqlar?- ışıqlar da bir gün yanır, beş gün yanmır. Işıq dirəkləri sıradan çıxıb. ən sadə təbiət hadisəsi belə günlərcə işıqların sönməsinə səbəb olur. Öz evinə böyük bir mator alıb, həmişə işığı yanır. Olansa bizə olur. Duyduqları ağzının dadını qaçırdı. Bir insan nə qədər qudura, öz həmvətənlərinə qarşı bu qədər laqeyid ola bilərdi. Bu uzaq dağ kəndinin unudulduğunu, ona tapşılıdığını sanıb, bu əbləh

Liza nənənin bişirdiyi təndir çörəyinin qoxusu ona çox uzaqlara- uzaq illərə aparırdı. Uşaqlığında – üç yaşı olardı bəlkə də, onun nənəsi də təndir çörəyi bişirərdi. Ailəsindən xatırladığı tək şey nənəsi və onun hazırladığı çörəklərin ətri idi. Sonrasına aid heç bir şey yoxdu ağlında. Uşaqlar evində keçən bir uşaqlıq, on beş yaşından sonra hərbi məktəblər və vəzifələr, vəzifələr…. yalnızlıq içində keçən ömründə heç vaxt bir qızın sevgisi fəth etməmişdi qəlbini, heç düşünməmişdi bir qadınla yaşlanmağı. Indi Murad baba və Liza nənəni görəndə ruhu qısa da olsa üsyan etdi bu yalnızlığa, ancaq buna izn verə bilməzdi. O, bu dünyaya yalnız yaşamaq üçün gəlmişdi. Eyni ilə bir yalquzaq kimi. Canavar sürüsündən ayrılan yalquzaq tək başına yaşayır, ovlanır və ölürdü. Görəsən onun ölümü necə olacaqdı?! Bu suallardan xilas olmaq üçün çölə çıxmaq istədiyini söylədi və çıxdı. Həyətdən axan buz kimi soyuq su ilə üzünü, əllərini doyunca yudu. Soyuq su onu özünə gətirdi. Rahata- ailə istiliyinə alışmayan Afiq buzlu su ilə əslinə döndü. Murad babadan izn alıb, bir az kəndi gəzmək istədiyini söylədi. Yaşlı adam ona tək başına gəzməməsini söylədi. “ bala burası kənd yeridi. Hər kəs bir- birini tanıyır. Birlikdə çıxaq gəzməyə kim olduğunu soruşan olsa, qohumumdu- uzaq qohumum şhərdən bir neçə günlüyünə bizə qonaq gəlib deyərəm. Sonra kiminsə nəyisə itər səndən bilərlər”- dedi Murad baba. Bu gözəl insanla razılaşmamaq gözəlliyə, həyata qarşı gəlmək olardı. Bir az sonra birlikdə kəndi gəzməyə başladılar. Indi saat on bir olardı təxminən. Həyətlərdə insanlar görsənir, toyuq- cücəni yemləyən qadınların səsi kəndin sükutunu pozurdu. Gəzinti sırasında Afiqin diqqətini çəkən şeylərdən biri də uşaqların küçələrdə gəzməsi idi. Elə bu düşüncəsini aydınlatmaq üçün, məktəbin yerini soruşdu Murad babadan. Bir az sonra elə də pis olmayan binanın qarşısında dayandılar. Qapıda böyük bir kilid vardı. Niyə, məktəbin bağlı olduğunu soruşanda “ kəndimiz balaca olduğu üçün məktəb ancaq dörd illikdi. Ondan sonra oxumaq istəyən qonşu kəndlərə və mərkəzə gedir. Ancaq indi müəllim yoxdu məktəbimizdə. Kimsə bu dağ kəndində gəlib işləmək istəmir. ən son Tina adında bir qız gəlmişdi işləmək üçün. Böyük qayğı ilə bütün uşaqları öyrətmə çalışırdı…”

– Bəs necə oldu Tina, indi hardadı, niyə işləmir?

– Bilirsən oğlum, bu çox uzun məsələdi. Burada danışmayım. Evə qayıdaq sənə hər şeyi deyəcəm.

O an ürəyində çox pis acı duydu. Ayaqları titrədi və onu saxlaya bilmədi bir an. Murad baba olmasaydı yerə yıxılardı. Yaşlı insan bir təhər onun qoluna girib, evə gətirdi. Yolda qarşılaşdıqları insanlara Afiqin kim olduğunu deyə- deyə təbii ki..

Nəhayət ki, evə çatıb içəri keçdilər. Liza nənə yenə o gülərüz çöhrəsi ilə qarşıladı onu. Sobanın yanında əyləşdi . Murad baba da onun yanında oturdu. Bir az sonra Liza nənənin süzdüyü çayları içərkən dayana bilməyib, Tinanın hekayəsini soruşdu.. Qoca dərin bir ah çəkib, danışmağa başladı. Oğlum – Tina çox gözəl bir qızdı. Uzun boylu, yaşıl gözlü və sarışın. Üzü qədər ürəyi də gözəl olan bu qızcığaz iki ilə yaxın məktəbimizdə işlədi. Tək yaşadığımız üçün dedik ki, elə bizim evdə qalsın. Həm o, yalnızlıq çəkməsin, həm də biz elə bilək bu qoca vaxtımızda bir qızımız var. Qısa zamanda hər kəsin sevgisini, hörmətini qazanmışdı. Uşaqlarımıza elə can yandırırdı ki, elə bil öz qardaşı, bacısıdı. Bizlərə də qulaq, ürək həyanı olmuşdu. Ata , ana deyə müraciət edərdi həmişə. Bu gözəlliyə kəndin cavan oğlanları biganə qala bilməzdi, bilmədi də… onunla evlənmək istəyənlərdən biri də İvanın ortancıl oğlu Oleqdi. Oleq Tinanı sevən digər gəncləri hədə- qorxu ilə ondan uzaqlaşdırsa da Tinanın ürəyini qazana bilmədi. Çox əlləşdi olmadı. İş o yerə çatdı ki, İvan qızı çağırıb təhdid etdi ki, burada işləmək istəyirsənsə, oğlumla evlənəcəksən. Yoxsa səni gecə ilə buradan itirərəm. O gün ağlaya- ağlaya evə gəldi Tina. Çox düşündük ki, nə edək?- və qərara gəldik ki, ən yaxşısı Tinanın öz ailəsinin yanına qayıtmasıdı. Yoxsa bunlar onu rahat buraxmayacaqlar. Belə alçaq insandansa hər cür əclaflıq gözləmək olardı. Sabahı günü Tinanı aparıb, mərkəzdən öz evlərinə yola saldım. Bax o gündən sonra bir daha məktəbimizə müəllim gəlmədi. Bu da bizim Tinanın hekayəsi…

Afiq göz yaşlarına əngəl ola bilmədi artıq. Bir az sonra isə bu dəmir iradəli gənc uşaq kimi hönkürə- hönkürə ağlayırdı. Həm Murad baba, həm də Liza nənə Afiqi sakitləşdirməyə çalışdılar. Və o, səhvini anlayıb, ayağa qalxdı və yenə həyətdən axan bulağa üz tutdu. Buzlu su onu özünə gətidi. Sudan bir xeyli beyninə çəkdi, qızaran gözlərini dəfələrlə yudu. Artıq özünə gəlmişdi. Içəri keçmək istəyəndə Murad babanın əlində iti bir bıçaqla çölə çıxdığını gördü. Bu gözəl insanlar öz qonaqları üçün həyətlərində minbir əziyyətlə saxladıqları quzulardan birini kəsməyi qərarlaşdırmışdılar. Etirazın mənasız olduğunu görüb, heç bir şey demədi. Murad baba ən kök quzunu qarların üzərində kəsdi və qısa zamanda dərisini soydu. Afiqə düşən isə manqalı hazırlamaq oldu. Payızdan gətirilmiş- çardağın altında quruyan odundan bir az kəsib, manqalı alışdırdı. Soyuq havada manqalın üzərindən göyə yüksələn ətin qoxusu xüsusi zövq verirdi. Kababı oturaraq yeməyi sevmirdi. Onun sevdiyi kabab bişərkən üzərində qanlı- qanlı yeməkdi. Bu zaman nə yedisə, yedi. Yenə öz verdişini pozmadı. Ev sahibləri də qonaq rahat olsun deyə ona yoldaşlıq etdilər. Üzü gülsə də indi Afiqin ürəyi o manaqaldakı ətdən bərk yanırdı. Ivanın elədikləri onu bərk sarsıtmışdı, Tinanı isə ağlından çıxara bilmirdi. Görəsən o, indi haradadır?! O, bu düşüncələrlə boğuşarkən Murad baba yoldan keçən on- onbeş yaşlarında bir uşağı yeməyə dəvət etdi. Uşaq utana- utana da olsa bu dəvəti geri çevirmədi. Birlikdə gülərək çörəklərini yedilər.

Yeməkdən sonra evdə əyləşib, çay içərkən Murad baba bayaqkı uşağın da hekayəsini danışmaq istədi. Afiqin ürəyi əsdi yenə, yeni bir acı daha gəlirdi. Deməli bu uşağın atası müharibədə həlak olub, anası ilə birlikdə dövlətin onlar üçün ayırdı torpağı əkib, becərməklə yaşayırdılar. Bir gün bu İvanın qohumlarından birinin gözü bunların torpağına düşdü. Uzun haqq- hesabdan sonra nə başını ağrıdım torpağın üçdə, ikisni bu qəriblərin əlindən alıb verdi öz qohumuna. Indi bu yazıqlar da yarı ac- yarı tox yaşayırlar. O an ayağa qalxıb, bir başa İvanın evinə getmək və onun başını elə oradaca kəsmək istədi, ancaq “ lənət şeytana” deyib, yerinə əyləşdi. Demək ki, İvan haqqında deyilənlərin hamsı həqiqət imiş. Burada daha artıq qalmaq, onun elədiklərini dinləmək mənasız idi. Bir an öncə geri dönməliydi ki, İvan da öz cəzasına çatsın. Ev sahiblərinə axşam yola çıxacağını dedi- gəldiyi kimi gecə kimsəyə görünmədən getməliydi. Murad babanın bütün etirazları mənasızdı.

Gecə olub, qaranlıq düşdüyü zaman o, yenidən yollara düşdü. Indi onun addımları daha möhkəm, daha iti idi. Bir an öncə mənzil başına çatmaq istəyirdi. Indi qulaqları nə canavar səsi eşidir, nə gözləri qaranlığı seçirdi. Bu an sanki ağacların da hərəkət etdiyini duydu. Bəli, yanılmırdı. Indi ağaclar da onunla birgə yol gedirdi. Deməli o, da xilas ola biləcəkdi bu yalnızlıqdan, indi getdiyi yerlərə ruhunu da özü ilə aparacaqdı. Və Tina nədənsə bu adı unuda bilmirdi. Ürəyi Tina… tina… tina… deyə vururdu. Qəribə bir hal içindəydi. Qarın üzərinə düşən ulduzlar gülümsəyərək ona göz vurdu.

Sabah tezdən İvan həps edildi. Kənd camaatı bu işin necə olduğunu anlamasa da, anlayan iki nəfər vardı- Murad baba və Liza nənə. Bir neçə gün sonra isə daha qəribə bir hadisə oldu. Tina kəndə qayıtdı və İvanın boş qalmış vəzifəsi ona verildi. Həm də o, məktəbə yeni müəllim gələnə qədər uşaqlarla məşğul olacaqdı.

Afiq sözü üfiq deməkmiş, daha doğrusu üfiqlər. Sonsuzluq, təklik , ucalıq deməkmiş adının mənası. Adının haqqını verməliydi.

Bəs Tina?!