…Hər bir işin arxasında böyük zəhmət, peşəkarlıq dayanır. Təbii ki, bu iş ədəbiyyatla bağlıdırsa, yəni, söz ədəbiyyatdan gedirsə, peşəkarlıqla yanaşı, məsuliyyət də ön planda olur. Bu zəhmətkeş insanlardan biri də istedadlı gənc xanım yazar, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, DGTYB üzvü Gülnarə İsrafilqızıdır. Onun bu almanax üçün noyabr ayından başlayaraq, hardasa bir ilə yaxındır ki necə əziyyət çəkdiyinin, bir ana öz balası üçün necə narahat olursa, onun da bu almanax üzərində aylardır necə narahatçılıq hissi keçirdiyinin vətəndən kənarda da olsa canlı şahidiyəm. Əgər söhbət fərdi olsaydı, yəni, Gülnarə xanımın öz şeirlər kitabı olsaydı, bəlkə də bu qədər narahatlıq hissi keçirməzdi. Burada isə işin əsas tərəfi toplumdur. “Zərrələr” layihəsi çərçivəsində Respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan 49 müxtəlif yaş qrupundan olan şairlər-yazarlar iştirak edir. Bunlardan qələminə yaxşı bələd olduqlarım da az deyil. Misal olaraq Aybəniz Qafarlı, Gülnarə İsrafilqızının özü, Sərvər Kamranlı, İradə Əlili, Zeynəb Dərbəndli, Humay Abbas, Şahanə Müşfiq, Zamiq Mehdisoy və daha neçə şəxsi göstərmək olar. Belə olduğu halda isə, yuxarıda qeyd etdiyim kimi, iş olduqca çox məsuliyyət tələb edir.
…Bilənlər bilir, bilməyənlərə də məlum olsun ki, Gülnarə xanım işinə can qoyan, həqiqətən də o işi çətinliyindən asılı olmayaraq özünə doğmalaşdıran xanımlardandır. Əlbəttə, bu da ədəbiyyatımıza, şeiriyyatımıza lazım olan bir gənclik nümunəsidir. Bütün çətinliklərə, narahatlıqlara baxmayaraq, şükürlər olsun ki, gözlədiyimiz kitab artıq əlimizdədir. Oxuculardan bəziləri səhvən anlaya bilərlər ki, mən burda layihə rəhbərini tərifləyirəm. Elə bu səbəbdən də bu yazını yazmışam. Əsla yox! Layihə rəhbərinə və məni tanıyan hər bir kəsə yaxşı məlumdur ki, yalançı tənqidlə və ya təriflə mənim işim olmaz. Ona görə də bu yazdığım fikirlərin hər biri nöqtəsinə, hərfinə, vergülünə qədər səmimiyyətlə dolu fikirlərimdir.
…Arzu edərdim ki, ədəbiyyatımız adına, poeziyamız adına düşünülmüş, sağlam düşüncənin məhsulu olan bu almanax ədəbiyyatımızın yeni uğurları siyahısında olsun, düşərli olsun, kitabxanalarda, oxucular arasında sayılıb seçilən kitablar arasında olsun və gənclərimizin tutduqları bu poetik yolda uğurlarına yol açan təkanverici kitablardan olsun! Təbrik edirəm! Digər layihələrdə, almanaxlarda görüşmək ümidiylə!…
Şair-Yazar
İlkin ABBAS,
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı