10847025_711689035604766_75158618_n

Yenə axşam düşdü. Öz ağırlığı ilə. Yatmaq vaxtıdır. Hər gecə eyni təlaş, əsəb, həyəcan. Ancaq özümüzü qorumağı bacarırıq artıq. Istəmədiyimiz nələrisə etmirik. Özümüzdə qəribə bir güc tapmışıq. Daha cəsur, daha qorxmaz olmuşuq. Çünki öz aləmimizdə güvəndiyimiz biri var. Ancaq öz aləmimizdə. Bir gün gecə evdən çıxsaq, güvənc yerimiz bizi darda qoymayacaq, bizə qucaq açacaq, qol-qanad gərəcək, bizi arxasınca arzuladığımız onlu gələcəyə aparacaq. Insan övladı nə qədər yanılarmış.Yanıldığını bilərək yalanlarla özünü ovudarmış. “O, məni tək qoymaz, arxamdı, dayağımdı, sabaha gedən yolumdu” deyər.
OXUCU, sən insanlara inanma, güvənmə də. Hər zaman səni yolda qoyacaqlarına əmin ol. Mütləq belə olacaq. Güvəncin sarsacaq, həyatdan küsəcəksən. Insanlar gözündə bir böcək qədər dəyərli olmayacaqlar. Iyrənəcəksən hamısından. Diksinəcəksən. Hər kəs eyni düşüncədədir. Demədi demə. Bütün insanlar eyni düşünüb, eynicür hərəkət edirlər. Fərqli görünsələr belə. Hər biri göstəricidir, inanma heç birinə. Özləri olmağı bacarmadılar heç vaxt. Yalan vədlər, göstərişlər qanlarındadır. Bütün bədənlərində damarlarla süzülür yalanlar.
OXUCU,bilirəm sən ona inanırsan. Sənə “ səni sevirəm” deyir- sevmir.”Sənsiz ölərəm” deyir -ölməyəcək sənsiz. Halbuki gözlərinin qarasına -fərq etməz hər harasına- çəkmişdi rəsmini.Hər yerdə sən vardın, sənsizlik yoxdu. Gələcəyə açılan böyük bir darvazadan əl- ələ tutub keçəcəkdiz. Elə demişdi, eləmi? Inanma, yalan deyir. Onun çiyinləri sənin kimi yükü daşıya bilməyəcək qədər zərifdi.
Indi sən gecədən sübhədək tavanda bir nöqtə tutarsan, içində bir boşluq yaradarsan, o boşluqda olar bütün onlu, onsuz həyatın. Yerin elə tez dolar ki. Sənin bir yalanını bağışlamayacaq. Ancaq özü rahatlığı üçün müqəddəs sandıqlarına yalan andlar içəcək. Inanma ona. Kimsəyə. Ürəyində boş yer saxla. Hər zaman unutmağa hazır ol. Və yeni qapılar aç ömür səhifəndə. Demədi demə.

Bəs o nə etdi? Mənim qəhrəmanım ŞƏHRA. Bu gündən bütün qadın qəhrəmanlarım ŞƏHRAdır. Adında da bir doğmalıq var. Bir anlaşma, bir birləşmə var. Adında bir yara var. Elə bu ad yaraladı onun həyatını. Yaraları açıldıqca açıldı, qanadıqca qanadı. Oldu qaysaqlanmamış açıq yara. Budur mənim qəhrəmanım. Hələ çox duyacaqsınız bu adı. Böyük- böyük əsərlərdə, kiçik hekayələrdə. Kimdir bu Şəhra? Tanımağa hazır olun. Həyat tərəfindən zorlanmış qadın.