Sənsiz dünyam daralıbdır,
Rəngi-ruhum saralıbdır.
Sən gedəli qaralıbdır,
Damarda qanım, necəsən!
Necəsən, canım, necəsən?
Dərdin-qəmin məni əzir,
Dada yetmir, qurban-nəzir.
Eşqimiz dillərdə gəzir,
Şöhrətim, şanım, necəsən?
Necəsən, canım, necəsən?
Çoxmu çəkər bu dərd-qəhər?
Ovut məni gəl, birtəhər.
Ay üzümə doğan səhər,
İşıqlı danım, necəsən?
Necəsən, canım, necəsən?
Aləmi yandırır ahım,
Mən qul olum, sən də şahım.
Üz tutduğum qibləgahım,
De, din-imanım, necəsən?
Necəsən, canım, necəsən?
Gəl qılma dostun tərkini,
Qəbul et onun ərkini.
Şad eylə, Mais Təmkini,
Xoş keçsin anım, necəsən?
Necəsən, canım, necəsən???