tt

Mən səni fikrimdən ata bilmirəm,
Gecə də, gündüz də xəyalımdasan.
Yediyim çörəkdə, içdiyim suda,
Hara gedirəmsə, sən yanımdasan.

Bu eşqin doyunca almadıq dadın,
Duyduq ayrılığın o qəddar səsin.
Dünyada iztirab, həsrət olan şey,
Nə tez üstümüzə saldı kölgəsin?!

Nömrəni yığıram min ümidlə mən,
Açmırsan, salırsan canıma əzab.
Mənə bu qədərmi nifrət edirsən?
Telefonuma da vermirsən cavab.

Ayrılıq elə bir ağır sözdü ki,
Nöqtəsi, vergülü, nidası da yox.
Həyatda məqsədim, amalım itib,
Sənsiz yaşamağın mənası da yox.

Mənə bu qısa vaxt il kimi gəldi,
Başımı qoymuram balınca hələ.
Ağlayıb gözümdən su da atmışam,
Gedən sevgimizin dalınca hələ.

İçimdə ağrılı hisslər dolaşır,
Bəlkə bu qəlbimin üsyan səsidir?
Burnumda qalıbdır telinin ətri,
Bu – eşqin ən gözəl xatirəsidir.

Gedişin qəlbimə min yara vurdu,
Yaratdın ürəkdə həsrət dağını.
Amma qoruyacam göz bəbəyimtək,
Boynumdan asdığın boyunbağını.

Görən sevgi dolu o dəqiqələr,
Qayıdıb gələrmi bir daha geri?
İnan ki ölüyəm, yaşamıram mən,
Səndən ayrıldığım o gündən bəri…