qiz

İstəmirəm…

Məni ondan ayırmayın,
Onsuz həyat istəmirəm.
Qoy tərk etsin hamı məni,
Onsuz həyat istəmirəm.

Çətin olsun hər şey mənə,
Düşüm lap dumana, çənə,
Gələcəyəm bir gün yenə,
Onsuz həyat istəmirəm.

Acılarım çoxalsa da,
Qəlbimə bir ox olsa da,
Ömrüm bitib yox olsa da,
Onsuz həyat istəmirəm…

12.11.2014

Aramadım ki?

Sənə deyiləsi vardır çox sözüm,
Yolunu gözlədim, qalmadı dözüm.
Gəlməsən arxanca gələrəm özüm,
Deyirsən mən səni aramadım ki?

Səninlə ağladım, səninlə güldüm,
Həsrət, hicran nədir səninlə bildim.
Hər məndən küsəndə yanına gəldim,
Deyirsən mən səni aramadım ki?

Həmdəmim də sənsən, gərəyim də sən,
Gözümün nuru da, ürəyim də sən,
Harda olursan ol, ürəyimdəsən,
Deyirsən mən səni aramadım ki?

25.01.15

“Sevən ürək”

Hər anımda yanımda ol,
Həsrət məni tapmasın.
Mənimlə sən gəl yaşa dol,
Vüsal hicran dadmasın.

Nağıllara apar məni,
Xatirəmdən getməsin.
Sən məni sev, mən də səni,
Eşqimiz heç bitməsin.

Qoy döyünsün sevən ürək,
O, sevgisiz qalmasın.
Sən olmusan mənə gərək,
Sənsiz günüm olmasın!

15.12.2013