Meysiz, məzəsiz can ilə canan ola bilməz!
Sevda dediyin hər kəsə meydan ola bilməz!
Arifləri dindir ki, nədir şer ilə sənət?
Şair yaranan ömrə peşiman ola bilməz!
Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
Min badi – xəzan əssə də viran ola bilməz!
Qəlbin, ürəyin odlarına yanmasa bir söz
Dillərdə, ağızlarda o dastan ola bilməz!
Girdim günəşin qoynuna, minbir səhərim var,
Bülbül də mənim, gül də , zimistan ola bilməz.
Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar
Dünyada bir ad qoysa da, insan ola bilməz!
Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir daha dövran ola bilməz!
Anam gəlini
Başına döndüyüm, anam gəlini!
Sən ilk qönçəsisən bizim gülşənin.
Hər səhər günəşə uzat əlini,
İşıqda, qüvvətdə adın var sənin…
Sən ilk qönçəsisən bizim gülşənin.
Öpsün ayağını çöldə çiçəklər,
Quşların avazı bir toya dönsün.
Tökülsün sinənə qara birçəklər,
Gözəllik dünyada açıq görünsün
Quşların avazı bir toya dönsün.
Sən ilk pərisisən şеrin, sənətin,
Adın tarixlərdə bir yadigardır.
Günəşdən rəng alan bir məhəbbətin
O açıq alnında işığı vardır,
Adın tarixlərdə bir yadigardır.
Hüsnünü örtməsin nə pərdə, nə rəng,
Ay kibi saf dolan, gün kibi açıq,
Kеçmişin üstünə qələm çəkərək,
Vuruş mеydanında vuruşmağa çıx,
Ay kibi saf dolan, gün kibi açıq.
Könlümdə sirri var, tərlan sonamın
Bütün gözəlliyin gözüdür insan,
Zülmətdə şam kibi sönmüş anamın
Ölüm qisasını alaq dünyadan
Bütün gözəlliyin gözüdür insan.
Bеşikdən başlamış ölümə qədər,
Tarixlər yazılır sənin əlinlə.
Səndədir yaraşıq səndədir hünər,
Şеirim qanad çalır hər əməlinlə
Tarixlər yazılır sənin əlinlə.
Başına döndüyüm, anam gəlini!
Sən ilk qönçəsisən bizim gülşənin.
Hər səhər günəşə uzat əlini,
İşıqda, qüvvətdə adın var sənin…
Sən ilk qönçəsisən bizim gülşənin.