* * *

Azadlıq həsrəti var
Yenə titrək səsində.
Neçə quş dustaq qalıb
Köksünün qəfəsində,

Burda yurd salma, gülüm,
Bura vətən yeridir.
Üfüqə gedənlərin,
Gözdən itən yeridir…

1991.

* * *

Sal qayadan daman su,
aləm duman,
hər yan duman,
gəlib-gedir zaman-zaman
bu yerlərdən dümağ duman…

Günəş çıxır lap kəlləyə,
dözmür duman sərt küləyə,
seyrəlir, dağılır duman ,
ağlama, ağlama, dayan,
ey bu yolların yolçusu,
ey yetim doğulan insan,
bir ora bax,
sırğa kimi düşür yerə
kar baxtının qulağından,
sal qayadan daman duman…

1991.

* * *

Gün doğanda ceyran gözü
gün batanda tülkü gözü,
gün kəllədə olanda
gözəl qadın gözü işıldar, yanar…
Ay doğanda bayquş gözü,
Ay batanda oğru gözü,
zil qaranlıq düşəndə
gözəl qadın
gözü işıldar, yanar…

1991.