ramiqbey

Cəmiyyətin rifahı üçün – Güclü dövlət

Dövlət – ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifah təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur.
Dövlət, tarixin məlum olan ən qədim cəmiyyətlərindən indiyə kimi həmişə var olmuşdur. Marksistlər ortaya atdıqları xəyali “mədəni təkamül” ssenarisi daxilində dövlətin sonradan ortaya çıxan bir mexanizm olduğunu iddia edirlər. İlk cəmiyyətlərdə dövlət və ya dövlətə bənzər bir qurumun olmadığını, “kommunal” həyat tərzinin mövcudluğunu irəli sürürlər. Halbuki, heç bir tarixi və ya arxeoloji tapıntı bu iddianı təsdiq etmir. Əksinə, haqqında məlumatımız olan ən qədim mədəniyyətlərin hamısında güclü dövlət mexanizmlərinin mövcud olduğu məlumdur. Buna görə də dövlət quruluşunun insanlıq tarixi ilə bir yaşda olduğunu söyləmək mümkündür.
Bu, əslində insanın yaradılışının təbii nəticəsidir. İnsan, yaradılışının tələbi olaraq “doğru” və “yanlış” anlayışlarına malik olmaqla doğrunu öyrənmək və bu doğruya uyğun şəkildə yaşamaq istəyir. Yanlışı tətbiq edənlərin isə dayandırılmasını, onlara mane olmağı arzu edir. Buna görə də insanlara doğrunu göstərən bəzi qanunlar qəbul edən və bu qanunlara tabe olmağı təmin edən bir nüfuzun varlığı zəruridir.

Belə ki, cəmiyyətlərin quruluşu düşünüldüyündə dövlətin nə qədər əhəmiyyətli olduğu asanlıqla görünür. Bir cəmiyyətdə sülh və əsayişi təmin edən, zərərli davranışları qanunla qadağan edən, bu qanunlara da tabe olmağı məcbur edən yeganə güc dövlətdir. Buna paralel olaraq dövrümüzdəki cəmiyyətlərin sağlamlıq, təhsil, milli təhlükəsizlik, infrastruktur kimi xidmətlərin də yalnız dövlət tərəfindən qarşılana biləcəyi aydındır.
Dövlətin ortadan qaldırılmasını müdafiə edən anarxizm isə böyük yanlışlıqdır. “Ən yaxşı dövlət, ən az idarə edən dövlətdir” deyən 19-cu əsr liberalizmi yanılmış və dövlətin müdaxiləsinin lazım olduğunu qavraya bilməmişdir.
Dövlətin hər şeydən uzaqlaşdırılması bir tərəfə qalsın, dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir cəmiyyəti böyük problemlərlə qarşı-qarşıya qoyur. Dövlət nüfuzundakı ən kiçik bir boşluq bu boşluğun bəzi qeyri-qanuni qurumlar tərəfindən doldurulması ilə nəticələnər ki, bundan da hamı zərər çəkər. Zəif dövlət, cəmiyyətdəki bəzi mənfəət güdən çevrələrin təsiri altında qalar və yenə bütün cəmiyyət bundan zərər görər.
Dolayısilə, cəmiyyətin hər bir üzvü güclü dövlət mexanizminə tərəfdar olmalıdır. Dövlətin güclənməsi üçün səy göstərməli və dövlətin zəifləməsinə yönələn hərəkətlərə qarşı çıxmalıdır. Qısacası, dövlətinə sahib çıxmalıdır.

Ramiq Vəliyev
Gənclərin Mənəvi İnkişafi İctimai Birliyinin sədri