Ayrılıq yerindən qırıldı bu eşq
Sənin dodağında çiçəkləmişdi,
Bir zalım əliylə dərildi bu eşq.
Gözlərim yolunu elə çəkdi ki,-
Ayrılıq yerindən qırıldı bu eşq.
Qərib fəryadıydı,aşiq halıydı,
Divanə ruhların qeylü-qalıydı.
Bağrımın başında lalə xalıydı,
Keçib göz yaşından duruldu bu eşq.
Yenə pəncərəndə yellənir pərdən,
Xatirən şam tutub ən xoş xəbərdən.
Hər gün mən ölmüşü qaldırıb yerdən,-
Sənin ayağına sərildi bu eşq.
AŞIQ QIZ
(Saz İlahəsi Aşıq ZÜLFİYYƏ üçün)
Xəyal dərin,tel pərişan göz ala,
Dodağında sanki batıb söz bala.
Aşiq olan tablamazdı bu hala,-
Saza,sözə meydan verdi Zülfiyyə.
Ürəyimdən gündə bir tel kəs onda,
Görək nədir belə hikmət bəs onda?!
İlham onda,sevgi onda,səs onda,-
İlahidən elə birdi Zülfiyyə.
Yaraşıqdır bizim elə,oymağa,
Vaxt hardaydı gözəllikdən doymağa?
Dərgahında ürək nəzir qoymağa,-
Ay Əlirza,əcəb pirdi Zülfiyyə.