Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru
Yağış yağır, damcı-damcı,
Ürəklərə qəm ələnir,
Acı-acı.
Həm də zülmətə bürünmüş bu gecəyə
Kədər verir, yağan yağış,
Damlaları naxış-naxış.
Amma mənə elə gəlir, vallah bu heç
Yağış deyil,
Səma adlı bir gözəlin,o mənalı gözlərindən
Axan yaşdı!
İtirdiyi sevgisinə sadiq qalıb, saxladığı
Qara yasdı!
Yəqin səma itirdiyi günəşiyçin
Yas saxlayır,
Görən hara getdi günəş?
Bəs nə üçün itdi günəş?
Görən nə vaxt qayıdacaq səmasına?
Nə vaxt qovuşacaq səma,
Günəş adlı isti, qaynar, həzin
Sevgi dünyasına?
Görən səma dözəcəkmi günəşinə
Qovuşmaqçın?
Yoxsa elə sübhə kimi ağlayacaq?
Ağlayacaq həzin-həzin, kövrək-kövrək,
Ürəyini dağlayacaq?
Ulduzlar dilə gəldilər, dedilər ki, bu nisgilli
İncə qəlbli səmamıza,
Ürəyini ağrıtmasın, gözdən leysan yağdırmasın!
Fırtınalar qoparmasın!
Zaman gələr, vaxt yetişər,
Yəqin sənin də haqqın var,
Bir səhər günəşin gələr!
Ağlamaqdan solan çöhrən bil ki, gülər!
Arzum budur bir kimsənin səmasından
Al günəşi itməsin,
Qəlbində həsrət kölgəsi bitməsin!