Ana
Nə olar, aç gözünü dur da, ana
Anasız qoyma bizi burda ana
Ayağa dur de, “işim çoxdu bu gün”,
Kredit borcunu dərd eylə düşün,
Namaza bizləri qalxıtmaq üçün,
Saatı beş otuza(05:30) qur da ana
Nə olar, aç gözünü dur da, ana
Anasız qoyma bizi burda ana
Yenə də dur evinin çək yükünü,
Yenə dur yu qabını, nəlbəkini,
Yenə qardaşlarımın söy kökünü,
Yenə oxlovla bizi vur da ana
Nə olar, aç gözünü dur da, ana
Anasız qoyma bizi burda ana
Atamız qoyma yetim qalsın, anam
Bəs onun qeydinə kim qalsın, anam?
Aman Allah, nə edim qalsın anam?
Axı, lazımdır ana yurda ana
Nə olar, aç gözünü dur da, ana
Anasız qoyma bizi burda ana
Çalışıb, pul qazanıb zəhmət ilə,
Böyüdübsən bizi sən ismət ilə,
Yaşadın namus ilə, qeyrət ilə,
Bizi əzdirmədin it-qurda ana
Nə olar, aç gözünü dur da, ana
Anasız qoyma bizi burda ana
Gecələr gəl de:”yıxıl yat, a bala,
Başını bir belə az qat, a bala”
Demə ki,”ağlama, Mirat a bala”
Düzü kövrəlməmək olmur da ana
Nə olar, aç gözünü dur da, ana
Anasız qoyma bizi burda ana.
Bakı – 06.05.2015
Anasızlar
Qaldım anasız, ey anasızlar
Qəlbim anasız hey “ana” sızlar
Yoxdur dedi, bir çarəsi “doxdur”,
“Doxdur”, dedim, “eyvah, demə yox, dur!”,
Artıq evimin varlığı yoxdur,
Mənzildəki hər şey “ana” sızlar
Qaldım anasız, ey anasızlar
Qəlbim anasız hey “ana” sızlar
Çox çarəsizəm mən yetim indi,
İstərdim ona mən yetim indi,
Ölmüş bu ana mən yetimindi,
Olmuş bədənim key “ana” sızlar
Qaldım anasız, ey anasızlar
Qəlbim anasız hey “ana” sızlar
Bükdük onu düz beş metr ağla,
Qandıq geri dönməz ki, ha ağla,
Tez getsin o, gəlməzdi heç ağla,
İçdən dedi “şaxsey” anasızlar
Qaldım anasız, ey anasızlar
Qəlbim anasız hey “ana” sızlar
Dünyam anasız heç nəyə bənzər,
El yaxşı bilir köç nəyə bənzər,
Mirat, yana bir iç neyə bənzər,
Ağlar necə ki(m) ney “ana” sızlar
Qaldım anasız, ey anasızlar
Qəlbim anasız hey “ana” sızlar.
Bakı – 01.06.2015.