XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, o taylı, bu taylı şair Ustad Məhəmmədhüseyn Şəhriyara sevgi və sayqılarla!
Tabloda rəqəmlər dəyişir, Ustad!
Halım da dəyişir qoca dünyaya,
Baxdıqca hər dəfə öz pəncərəmdən.
Müəllif
Əzəldən dünyayla sözüm çəp gəldi,
Gəl mənim halımı sorma, ay Ustad!
Bu dünya onsuz da düzələn deyil,
Çox da öz-özünü yorma, ay Ustad!
Hər dəfə yurduma qış gələn günü,
Mən ki öz sözümlə Səni anmışam.
Rəsmini tabloda gördüyüm gündən,
Eşqinlə, ey Ustad, alovlanmışam.
Şimalın Cənubla görüş anı tək,
Gözümün yaşını töküb ağladım.
İnandım bir zaman görüşəcəyik,
Yenə Haqq Allaha ümid bağladım.
Şükürlər olsun ki, Uca Allaha,
Ümidim yenə puç olmadı heç.
Ustadsan, şagirdəm həyatım boyu,
Bir suçum var isə gəl suçumdan keç.
Vahid Azərbaycan övladlarıyıq,
Səngərdə əsgərlər döyüşür, Ustad!
Yeni il gəldikdəkcə hər dəfə, düzü,
Tabloda rəqəmlər dəyişir, Ustad!