Bu gün çoxdan yolunu gözlədiyim, qələminə və qəlbinə dəyər verdiyim çox sadə görünüşlü qavim qardaşım, ” Başkənd Platform” nun Genəl Başkanı Mustafa Kurt bəy və məşhur jurnalist, yazıçı Zülfü Canpolad bəylə görüşümüz baş tutdu. Atalarımızın misallarında hər zaman bir hikmət olduğuna inanıram ” Sadəlik gözəllikdir” misalını da bu dəyərli insana və belə dəyərlərə şamil etdiklərini düşünürəm. Dünyanı gəzib dolanan türk dünyasında sevgi, barış, insanlıq, birlik carçısı olan, Mustafa Kurt bəy, mənim hər kəliməmi diqqət və hörmətlə dinləyib dünyanı mənim baxışımdan səbirlə, təmkinlə seyr etdi. İnsanlıq və humanistliyin ən uca zirvəsini gördüm baxışlarında və sayğılarında. Demək ki, dünyanın hansı bucağında olmağından asılı olmayaraq, ruhuna uyğun bəlkə də bir parçası olan insalarla mütləq görüşəcəksən. Onları zaman-zaman yaxından tanıyıb sevəcəksən. Onda insanlıq əsarət altından xilas olacaq. Onda qəlblər birləşib, könüllər çiçəkləyəcək. Elə eyni gözəlliklərdən bir pay da Zülfü bəyə düşürdü. İki saatlıq görüş müddətində dünyada və dünyamızda baş verən ən dəyərli mövzuları müzakirə etdik. Ruhumuzun barmaqları ilə tarixin ən zərif səhifəsinə imza atdıq. Bəlkə də əsirlərdən bəri ruhumuzun çəkdiyi həsrəti dağıtdıq. İnsanlıq halını yaşamaq və yaşatmaq müdrik insanların payına düşər deyirlər. Biz də müdrikləşdik, sadələşib rəsmiyyətdən qoparaq özümüzü tanıdıq. İnsanlarımızı sevdik.Və insan olduğmuzun fərqinə vararaq, üzərimizə düşən misyamızı yerinə yetirəcəyimizi planlaşdırdıq. Axı insan yer üzünə sadəcə yeyib-içib, yatıb eyni günü təkrarlamaq üçün gəlmədi. Söhbətimizin ən dəyərli yerində bir neçə ay əvvəl işıq üzü görən “Zərrələr” mizi Mustafa bəy, qardaşıma və onun təmsil etdiyi “Başkənd Platform” na hədiyyə etdim. Mustafa bəydə həmin “Platform” un fəaliyyət kitabını hədiyyə etdi. Bax beləcə ruhumuz təzələndi. Qəlbimiz birləşdi. İnşallah ki, yolumuz haçalanmadı. Yolun sonunda bəlkə də, min ümidin çırağı var… Milyonlarla insanların qurtuluşu. Dünyanın xarabalıqlarından keçmək çətin olsa da, abad olan könüllər yolumuzu gözləyir. Xoş gəldiniz qavim qardaşım. Xoş gəldiniz ömrümə. Allahın nuru və salamı olsun üzərinizə.
Sevgi və sayğılarımla Gülnarə İsrafilqızı.