Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru
BU GÜN
bu gün bir dilənçi mənə əl açdı,
cibimdə verməyə pulum olmadı,
vicdanım sızladı,qəlbim dil açdı,
dinib, danışmağa halım olmadı.
zurna çalanların dövranı gəlib,
birinə acıdı, birinə xoşdu.
alçaqlıq, yaltaqlıq zamanı gəlib,
alimin, şairin cibləri boşdu.
manıslar alimə, şairə gülür,
haqqın bünövrəsi laxlayıb çoxdan.
oğru doğruları günahkar bilir,
haqqın ala bilmir ac indi toxdan.
indi lüt gəzənlər millətə tacdı,
itib kişiliyin qeyrət topları,
vətən tənsibini çəkənlər acdı,
tutub efirləri arvad gopları.
kişilər görürəm arvad ağızlı,
qeyrətdən, vicdandan danışa bilmir,
deyəsən xəyalım dumanda azdı,
susmaq qızıl imiş, ağlıma gəlmir.
AĞLASIN
Ay köçüb gedən durnalar,
Dərdimi deyin dağlara,
Deyin balan qürbətdədi,
Öyrənibdi ağılara.
Deyin yetim qalıb balan,
Yoxdu atası, anası,
Bağlanıb gələn yolları,
Yoxdu dərdinə yanası.
Yatmır uzun gecələri,
Gündüzləri ah-nalədi,
Vətən deyib sızıldayır,
Sizdən ötrü divanədi.
Ömrünün payızı gəlib,
Açılan səhər umuddu,
Daha yaza yox gümanı,
Hər günü, yağış, buluddu.
Bəlkə görüçə bilmədik,
Bir dəstə çiçək saxlasın,
Mən öləndə burda bacım,
Orda çeşmələr ağlasın.