187b19a53b61

Ömür yolu yoxuşa qul,
Alqışı az, baxışı bol.
Çat verərmiş naxışlı yol,
Gözə soxula-soxula.

Ətəyimdə öz əlimdi,
Ocağımda köz əlimdi…
Hanı dərdsiz gözəl indi,
Dönə şəkərə, noğula?!

Sel gəlib, bulanıb suyum,
Yasıma calanıb toyum.
Göz yaşların necə yuyum?..
Çətin ki bu su durula.

Dərdi yumaz göz yağışı,
Yurdu tutsa qurd qarğışı…
Xeyir-bərəkət yığışıb
Az qalır göyə sovrula.

Qarışır – bu yurd qarışır,
Sürüsünə qurd daraşır.
Candan cana dərd daraşır,
Canda qovrula-qovrula.

Yad əllərdə daş olan-yurd,
Dərdimizdə baş olan-yurd.
Oymaq-oymaq boşalan yurd,
Qan ağlar şəhid oğula.

Dərdimiz dolub ərsəyə,
Kişisən-döz bu qussəyə!
Bölündük neçə hissəyə,
Bezdik soyula-soyula.

Azərbaycan. Quba.
26.08.1998.