uex

İslam birlik, bərabərlik, sevgi və qardaşlıq dinidir. Allah Quranda “… Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.” (Ənfal surəsi, 73) deyə bildirərək dünyada fitnənin sona çatması üçün iman gətirənlərin bir-birlərilə dost olmalarını, ittifaq qurmalarını, birlik və bərabərlik içində olmalarını bildirmişdir. Bu əmrə tabe olmaq bütün müsəlmanların borcudur. İslam dünyası müsəlmanların bir olmasını istəməlidir. Birlik istəməyən –Allah qorusun- ayrılıq istəyir dəməkdir və ayrılığın illərdən bəri şahid olduğumuz kimi, İslam dünyasına heç bir faydası yoxdur. Müsəlmanların gücü, qüvvəti və mənfəəti birlik olmaqdadır. Bundan başqa, möminlərin birlik olması Qurana görə fərzdir. Ayələrdə Allah bu şəkildə bildirir:

Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali İmran surəsi, 103)

Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız! (Hucurat surəsi, 10)

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir! (Ənfal surəsi, 46)

Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Saff surəsi, 4)
Ayələrdən açıq şəkildə göründüyü kimi, müsəlmanların bir olması, sevgi ilə bir-birlərinə bağlanması, münaqişə etməməsi, bir-birlərinin dostu olması, hər şəraitdə bir-birini qoruyub müdafiə etməsi, birlikdə inkara qarşı elmi mübarizə aparması fərzdir.
O halda bunun əksini etmək, yəni birləşdirən deyil, parçalayan olmaq, müsəlman qardaşlarına sevgi və şəfqətlə yanaşmamaq, əfvedici, qoruyucu olmamaq, inkara qarşı aparılan elmi mübarizədə bir-birinə dəstək olmamaq haramdır.
İslam Birliyinin olmaması, müsəlman ölkələr arasındakı ayrılıq və dağınıqlıq, müsəlmanların öz aralarındakı münaqişələr, İslam dünyasından vahid səs çıxmaması məzlum müsəlman xalqları da müdafiəsiz qoyur. Misirdə, Suriyada, Fələstində, Kəşmirdə, Şərqi Türkistanda, Patanidə, Moroda və daha bir çox yerdə qadınlar, uşaqlar və qocalar zülmdən xilas olmağı gözləyir. Bu məzlum insanların məsuliyyəti hər kəsdən öncə İslam dünyasının üzərindədir. Müsəlmanlar Peyğəmbərimizin (səv) “Müsəlman, müsəlmana zülm etməz və onu təhlükədə qoymaz” sözünü heç vaxt unutmamalıdır.
İslam dünyası ayrılıqları və fərqlilikləri bir kənara qoymalıdır. Bütün müsəlmanların “qardaş” olduğu gerçəyini xatırlamalı və bu mənəvi qardaşlığın gətirdiyi gözəl əxlaqla bütün dünyaya nümunə olmalıdırlar. İman gətirənlərin bir-birlərilə qardaşlığı Allahın lütfü və nemətidir. Səmimi müsəlmanlar bu nemət üçün Rəbbimizə şükür etməli və Allahın “dağılıb-ayrılmayın” əmrini unutmamalıdırlar.
Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın… (Ali İmran surəsi, 103)

Ülviyyə Əlizadə