M.Araza

Məmməd Araz, yenə könlüm xəzandı,
Hicran niyə bir bu qədər uzandı?
Yalan oldu bağça-bağın yaz andı,
Bağlar məni tanımadı, neyləyim?!

Kim veribdi Araza bu bəstəni,
Gecə-gündüz ürəyimdə səslənir.
Qınamıram vicdanları xəstəni,
Sağlar məni tanımadı, neyləyim?!

Bu qəm hardan ömrümüzə əkilmiş,
Hicran, nisgil qoşun-qoşun tökülmüş,
Sinəm üstə çalın-çarpaz çəkilmiş
Dağlar məni tanımadı, neyləyim?!

O nədir ki, varlıqları heç edən,
Min gümanı bircə anda puç edən,
Can evimdən karvan-karvan köç edən
Ahlar məni tanımadı, neyləyim?!

İstəyimiz cilovlanıb qanunda,
Qeyrətimiz oyalanır qınında,
Xınalanan dizlərimin qanından
Dağlar məni tanımadı, neyləyim?!