Vüsalın xoş gecəsi yar vədəsində gəlmədi,
Meydanım oldu mənim dar, vədəsində gəlmədi.
Ürəyim döndü közə, alışdı hicranı ilə,
Odu ram eyləməyə qar vədəsində gəlmədi.
Könlümdən seyr eləmək keçdi baği-behiştini,
Əl atdım, əllərimə nar vədəsində gəlmədi.
İstədim yar şəninə məclisi-toyxanə qurum,
Gecikdi məclisimə tar, vədəsində gəlmədi.
Gəlməliydi, ay Mais, görən nə üz verdi yara?
Sözünü eylədi inkar, vədəsində gəlmədi.