10304351_268609333324646_7910328543693681828_n

Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisini, Gündəlik İnformasiya Agentliyinin Baş redaktorunu, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!

Mətbuat xidməti

***

Kəsdirib daxmanızın kandarını dayə, gəlim?
Bəlkə bəhanə edim, bir gecəlik payə gəlim?!

Əgər Allahdan izn yoxdusa, minnət qoyma,
İzn olmazsa, çətin bir də bu dünyayə gəlim.

Quranı öpmək, əgər sevdayi-şiddətdirsə,
O zaman məscidə get, xətm elə bir ayə, gəlim…

Bir də zülm ilə, xəyanətlə məni sinsitsən,
Əcəl öpsün səni, mən də eşidim, vayə gəlim.

Yenə toz qalxıb, uzaq səmtlərə baxmaq olmur,
Sür, apar tər-qoxu basmış bu atı, çayə, gəlim.

Hikmət, əynindəki paltar niyə cır-cındırdır?
Yoxsa qızlar əl atıb? Qorxma, çağır, hayə gəlim.

***

İnsanı eşqə salan bir gecəlik həzmiş, qız,
Eşq də, cəllad kimi edam kötüyün əzmiş, qız…

Hər dəli aşiqə sən Qeys deyib, nazlanma,
Məcnunun Leylasına eşqi tükənməzmiş, qız.

Hər sevən qəlbdə iki ünvan olur, nöqsan tut,
Babəkin can yuvası – sirr qalası Bəzzmiş, qız.

Sevmək, əslində təcəlla yaradır insanda,
Bəlkə bunçun neçə aşiq doluda təzmiş, qız?!

Sanma, təklik səni tək atmış o sərt sevdayə,
Sən gəzən yerləri bir vaxlar anan gəzmiş, qız.

Tanrı insana vücud verməyi israr etmiş…
Bil ki, əynindəki, yoxdan toxunan xəzmiş, qız…

Sən dua eylə, dəxi, Hikmətə yetsin ruhun,
Bax, yazıq küncdə durub qəm eləyir, bezmiş, qız.

***

Ey gözəl, qoynunu aç, aşiqi salsın bəndə…
Bu tamah ilə qəti qız, həya qalmaz məndə.

Yenə bax, xəstədi xalxın uşağı, gen durma,
Sən suyu ağzına tut, barmağı dəysin qəndə.

Kəsdiriblər başının üstünü, – dinmə, lal ol,
Gündə yüz yol lal olur, Tanrı, bu fağır bəndə…

O qədər tapdalayıblar, şuma simsar düşmür,
Bir də bitmək üçün heç hövsələ qalmıb dəndə.

Kölgəmin halına bax, əl-ayağı tərpənmir,
Sevdiyi qız da köçübdür deyə, getmir kəndə.

Ruhu xəlvətdə susur, gözlərin haqdan çəkmir,
Sanki bir qız onu sevda ilə salmış fəndə.

Tale israr edir, eşqin odu candan keçmir,
Get, namaz qıl, dua et aşiqə, Hikmət, sən də.