rm

ŞAH DAMARISAN

Olmasan qəlbimin rəngi bilinmir,
Gəlməsən ürəyim dolur, qaralır.
Sən mənim könlümün şah damarısan,
Sənsiz mən yazığın qəlbi yaradır.

Nazlı baxışların alır canımı,
Az qalır ürəyim dayana mənim.
Hər gecə yuxuda kəsib yanımı,
Cismim əllərində oyana mənim.

Əlini əlimdən kənara çəkmə,
Gözüm yollarına dikilib, durar.
İncə gülüşünü gözündə bükmə,
Sənsizlik üstümə tökülər, qalar.

Neçə ki, canımda ruh daşıyıram,
Ölüncə qalacam qucağında mən.
Səninlə birlikdə şah yaşıyıram,
Közün olacağam ocağında mən.

11.11.2015

BU GÜN

Nə yollar hicranın bağrını dəldi,
Nə həsrət qismətin yanına gəldi.
Nə dərdi topladı, nə də ki, dərdi,
Nə də ki, qucaqda saxladı bu gün.

Nə əlin əlində saxlaya bildi,
Nə ürək oxuyla oxlaya bildi.
Nə qara telini oxşaya bildi,
Nə də ki, ətir tək qoxladı bu gün.

Nə duya bilmədi, isti nəfəsin.
Nə ürək almadı ürəkdən səsin.
Nə könül görmədi sevimli kəsin.
Nə də ki, tez gəlib yoxladı bu gün.

Nə baxa bilmədi qumral gözünə,
Nə xəyal yaratdı, özü özünə.
Nə cavab vermədi onun sözünə,
Nə də ki, yerindən laxladı bu gün.

10.11.2015