Dünyaya ilk dəfə gözümüzü açandan ölənə qədər sonsuz nemətlərlə qarşılaşırıq.
Dünyaya ilk dəfə gözümüzü açandan ölənə qədər sonsuz nemətlərlə qarşılaşırıq. Nəfəs aldığımız havadan tutmuş, üzərində yeridiyimiz torpaq, günəş, içdiyimiz su, yediyimiz yeməklər, fərqli rəng və qoxuda bitkilər, müxtəlif canlılara qədər hər şey insan üçün xidmət edir. Əlbəttə ki, bu saydıqlarım Allahın bizim üçün yaratdığı nemətlərin çox az qismidir. Nəinki təbiətdə, nəinki öz vücudumuzda, bir hüceyrəmizdə belə bizim üçün yaradılan nemətləri saymaq istəsək və bunları yazsaq bir kənara, yəqin ki, bunun üçün çox uzun zaman lazımdır. Ancaq bir çox insan var ki, sahib olduğu o qədər neməti görməzlikdən gəlir, dünyada “sıxıntı” kimi görünən bəzi problemləri gözündə böyüdür və uzun zaman da bu problemlərin içindən çıxa bilmir. Bu məqalədə dövrün ən böyük problemlərindən biri olan “depressiya” və onun çıxış yolları haqqında yazmaq istəyirəm.
Bir neçə gün bundan qabaq sosial şəbəkədə gənc bir oğlanın statusunu gördüm. Bu status çox pessimist ruhda yazılmışdı, həyatın çox boş və acımasız olduğunu, tək çıxış yolunun ölüm olduğunu qeyd etmişdi, yanına da qaranlıq rəsim yerləşdirmişdi. Xeyli insan da bəyənmiş və bu fikrə rəy yazmışdı. Çox təccübləndim, gənc bir oğlanın belə fikirlər paylaşmasından və bir çox gənc insanın da bunu dəstəkləməsindən. Bir daha başa düşdüm ki, belə pessimist ruh halı istər oğlanlar, istərsə də qızlar arasında çox geniş yayılıb və bu da çox normal qarşılanır.
Yuxarıda da verdiyim misal kimi, müasir dövrümüzdə depressiya çox adi hal kimi qarşılanır, sanki hər insan mütləq bunu yaşayır və yaşamalıdır. Məsələn, bir insan işə gedir, işdə bir az çətinliyi düşdü, o zaman depressiya halı başlamalıdır; isti havadan sərin havalara keçdik, depressiyaya düşmək üçün uyğun şərait yaranıb; sevgilindən, yaxud da işdən ayrıldın, kimsə sənə pis söz dedi və s … Yəni, bir çox insan depressiyaya düşmək üçün sanki uyğun şərait axtarır. Əslində, bu ruh halı həm fiziki, həm də mənəvi ciddi problemlərə səbəb ola bilər, ancaq bəzi insan belə halları normal qarşılayır, hətta xarakterinin ayrılmaz parçası kimi görür. Sanki bu hislər olmasa, həyatın “dadı-duzu” qalmayacaq. Bunu baxdığımız televiziya kinolarında, yaxud da dinlədiyimiz mahnılarda da görə bilərik. Bir çox kinolarda ağlamaq, dalaşmaq, küsüb-barışmaq, bir sözlə “romantik” münasibətlər o kinoların ayrılmaz hissəsidir və bu cür kino, klip, yaxud da əsərlər çox rəğbətlə qarşılanır.
Halbuki insanın fitrəti kədər deyil, sevinc və hüzur üzərində yaradılmışdır. Bu dünyanın yaradılmaq məqsədi imtahan olmaqdır. Əlbəttə, dünyada hər kəs imtahan olunur. Bu, Allahın dəyişməz qanunudur. Ancaq müsəlman özünə yaraşdırmaz depressiyaya düşməyi. Niyə də depressiyaya düşsün ki?! Allah bir ayədə belə bildirir:
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)
Ayədə də bildirildiyi kimi, bizi yaradan Allah imtahan etmək üçün həyatımızda fərqli hadisələr yaradır. Ancaq hər şeyin Allahın idarəsi altında olduğunu bilən mömin əsla hüznə qapılmaz, ağlamaz, kədərlənməz. Allaha güvənər, Allahın hər hadisəni xeyirlə yaratdığını bilər. Ən əsası isə bizim əsl yurdumuz axirətdir – imtahanların olmadığı, gözəlliklər və sevgi yurdu. Bir müsəlman var gücü ilə cənnət üçün çalışar, yaşadığı hadisələr həm əxlaqının gözəlləşməsinə, həm cənnətə layiq olmasına, ən əsası, Allahın rizasını qazanmasına vəsilə olar.
Digər tərəfdən, müsəlman ağıllı olar, əgər bir problem varsa, həmin problemi düşünər, ağılla həll etməyə çalışar və çıxış yolları tapar. Müsəlman güclü iradəyə sahibdir, hadisələrdən mənfi yöndə təsirlənməz, nümunəvi əxlaq sərgiləyər. Hislərinə qapılmaq, duyğularının əsiri olmaq müsəlmana yaraşmaz.
Nəticə etibarı ilə, depressiya halları cəmiyyətdə normal qarşılanan hal olsa da, bu, Quran əxlaqına əsla uymayan və Allahın bəyənmədiyi əxlaqdır. Allah bizim şən, sevincli, hüzurlu olmağımızı istəyir. Bu həm də cənnət əhlinin xüsusiyyətidir. Özünü Allahın yaratdığını bilən, sonsuz şəfqət, mərhəmət və ədalət sahibi olan Allahı tanıyan, gözəl əxaqı qarşılığında cənnətlə mükafatlandırılacağını bilən, hər şeyi Allahın xeyirlə yaratdığına əmin olan insan depressiyaya düşməz. Allahı şövqlə sevər; nə bu dünyadan bezər, nə də də ki bu dünyaya bağlanar. Yaşadığı hər anının Allahın onun üçün yaratdığı nemət olduğunu bilər, Allahın rizasını qazanmaq üçün cəhd edər və şükür edər. Sıxıntıdan qurtulmağın yolu da budur: Allahı zikr etmək və yalnız Onun üçün yaşamaq.
… Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)
Firuzə Həsənzadə