Onun haqqında düşünəndə həmişə ilk olaraq ağlıma gələn Həzrət Əlinin (s) bu mübarək kəlamları olur:
“Gözəl və aydın danışanlar sehr kimi əsrarəngizdir”. Ağalar Bayramov Allahın ona verdiyi ecazkar səsiylə insanları öz sehrinə sala bilir. Və mən bilərəkdən onun adının önündə titullarını yazmadım. Çünki onu hamı sadəcə Ağalar Bayramov kimi tanıyıb sevib – titulsuz-filansız. O da sadəliyi hər şeydən üstün tutub. Bu yerdə L.N.Tolstoyun bir fikrini xatırlamamaq olmur: “O yerdə ki, sadəlik, yaxşılıq və həqiqət yoxdur, orda böyüklük də yoxdur”.
Mən Ağalar müəllimi əvvəlcə səsiylə tanımışam. Səsinin sehrinə, ovsununa düşən yüz minlərin, milyonların biri də mənəm. O səsi dinləyəndə adamın dünyanın dərdi-səriylə baş-başa qaldığı anlar da olur, sevincdən aşıb-daşan, cavanlıq eşqiylə çağladığı vaxtlar da.
Mən onun səsini sadəcə eşitmirəm, həm də o səsin rəng çalarlarını görürəm, ətrini, dadını duyuram. Bu səs dərdin, kədərin, şəhidlərimizin qanının rənginə boyanıb Vətənimizin, millətimizin üzləşdiyi müsibətləri, faciələri, qaçqın və məcburi köçkünlərin ah-naləsini də çatdırır, şəhid analarının fəryadına da çevrilir. Tarix kitabına çevrilərək keçmişimizi vərəq-vərəq bizə bir də çatdırır, bu gün düşmən tapdağında olan torpaqlarımız da daxil olmaqla bütöv Azərbaycanımızın xəritəsini cızır, sərhədlərimizin toxunulmazlığı naminə mübarizəyə səsləyir. Sevgi şeirləri deyəndə məhəbbətin, gözəlliyin rəngində qəlbimizə yol tapır, bu səsin sehrinə düşüb cavanlığımıza qayıdırıq. Vətənpərlikdən danışanda ordunu döyüşə səfərbər edən sərkərdəyə dönür. Bayramlarda, elin-obanın şad günlərində, şənliklərdə sevincin, arzu-istəyin rənginə, ətrinə, dadına çevrilib evimizə-ocağımıza ayaq açır bu səs.
Bu səs Tanrının bizə payıdır. Digər sərvətlərimizlə yanaşı, Allah bu səsi də bizə verib ki, dərdlərimizi ovutsun, biganəlik buzunu əritsin. Amma təkcə faciələrimizə ağlamaq üçün verməyib bu səsi. Həm də ona görə verib ki, bizə qələbə sevincini də çatdırsın. Və onun səsinin hələ görmədiyimiz bir rəngi, dadmadığımız bir dadı da var – Qələbənin rəngi… Qələbənin dadı… O rəngi görmək, o dadı duymaq, daha doğrusu, Ağaların səsini o rəngdə görmək, Ağaların səsindən o tamı dadmaq hamımızın arzusudur. İnanıram ki, bunu bizlərə bəxş etmək qisməti də nəsib olar Ağalar müəllimə… İnşallah, o gün uzaqda deyil.
Bu gün onun 60 yaşı tamam olur. Bu 60 ildə sevincli günləri də çox olub, dərdlə baş-başa qaldığı anlar da. Sevincdən, uğurdan yersiz qürrələnməyib, kədər onu sındırmayıb. Dostoyevski bu kəlamları sanki onun üçün deyib: “Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə borcludurlar”.
60 yaş ömrün həm də bir anlığa nəfəs dərib arxada qoyduğun illərə nəzər salmaq, özün-özünə hesabat vermək zamanıdır. Bu yubiley isə Ağalar müəllimin təkcə özünə yox, həm də Vətənə, millətə hesabat məqamıdır. Şükürlər olsun ki, bu hesabatda üzqarası olacaq, dilgödəkliyi gətirəcək səhifələr yoxdur. Şərəfli hesabat məqamın mübarək olsun, qardaş!
60 il Ağalar Bayramovun fiziki ömrünün, cismani varlığının zaman ölçüsüdür. Onun sənətinin, ecazkar səsinin yaşı isə çox-çox qədimlərdən başlayır. Və hərdən mənə elə gəlir ki, o elə 30-40 il bundan əvvəl də 60 yaşındaydı – müdrikliyi və əzəmətiylə, səsindəki şirinlik və ağayanalıqla, dərdi dərdin dilində, sevinci, fərəhi şadlığın, arzu-istəyin dilində danışdırmasıyla, öyüd-nəsihətləriylə. Bu gün isə o mənim üçün də həm də 30 yaşındakı gəncdir – şuxluğu, gənclik təravəti və enerjisi, qurub-yaratmaq həvəsiylə.
Sənətkar ömrünə ölməzlik möhürünü çoxdan vurmuş Ağalar müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı və Tanrının qismətinə yazdığı ömür payını ağrı-acısız yaşamasını arzu edirəm.
Bu günlər onu təbrik edənlər saysız-hesabsızdır. Mən də öz təbrikimi sosial şəbəkələrin birində ona ünvanlanmış təbriklərdən bir cümlə ilə bitirmək istəyirəm: “Ağa, bu qədər yanırsan, görəsən biz sənə yana biləcəyikmi?”
Musa Nəbioğlu
Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru
Mənbə: https://525.az/