Q A R D A Ş
Ürəyi saf,təmiz,qəlbi dumduru.
Bacının güvənci,fəxri,qüruru,
Ağır günlərində ən mərhəm sirdaş-
Baciya arxadır,dayaqdır qardaş.
Bacını qarsanda fələyin yeli,
Bükülər qardaşın qüssədən beli.
Loğman,təbib üçün dolaşar eli,
Qurar yatağının başımnda bardaş-
Bacıya arxadır,dayaqdır qardaş.
Qardaşdır soy-kökün əsil varisi,
Qardaşdır ailədə ata yarısı.
Qardaş pətəkdəki bir şah arısı,
Yolunu kəsəmməz düz,dərə,dağ-daş-
Bacıya arxadır,dayaqdır qardaş.
Lalə,bənövşələr çıxanda düzə,
Bayram məlhəm olar həsrətli gözə.
Görüşlər bənzəyər nəğməyə,sözə,
Sevincdən gözlərdə gilələnər yaş-
Bacıya arxadır,dayaqdır qardaş.
Qardaşsız olmasın kimsənin günü,
Çünki daşıyammaz kədər yükünü.
Dünyaya dəyişməm bircə tükünü,
Dövran:-qardaş bir ləl,ən qiymətli daş-
Bacıya arxadır,dayaqdir qardaş.
17.10.2015.
NƏ DEYİM…
Sonetlərim silsiləsindən
Qəlbim doluxsunmuş payız səması,
İncitək gilələr süzür yanaqdan.
İçimdə başlayıb dünya savaşı,
Ən incə hisslərim keçir sınaqdan.
Könül intizarda,gözümdə həsrət,
Gəl desən şimşəyə dönərəm hər an.
Kimi gözləyirəm,bilmirəm fəqət,
Ruh məni tərk edib qalıb quru can.
Bir ümid yaşatdım,hər an içimdə,
Gözlədim yolunu,güman içində
Gözlədim,gözlədim,gəlmədin yenə.
Xəyalın buraxmır heç tənha məni,
Unuda bilmirəm ən son kəlməni,
Nə deyim mən sənə,-üzü dönənə?
16.10.2015.