Kədərin başında noxtası yoxdu ,
Gəzir düz-dünyanı , dayanmır hələ !
Haqsız əməlləri bəşərin çoxdu ,
Dünya haqq nuruna boyanmır hələ !
Cahillər zindana salır dühanı ,
Ədalət deyilən anlayış hanı ?!
Basıbdır ətalət külli cahanı ,
Qəflətdə yatanlar oyanmır hələ !
Günahkar qanmayır öz günahını ,
Bəşər təmin etmir xoş sabahını !
Bu ərşə ucalan məzlum ahını ,
Kar olan qulaqlar duyammır hələ !
Çöküb simalara qüssəylə hüzün ,
Haqlının ağzında boğurlar sözün !
Haqqa qənim çıxan nahaqqın gözün
Haqqın barmaqları oyammır hələ !
Ay Qalib , insanlıq olubdur çətin ,
Gör kimlər şeytanla qurub ülfətin ?!
Tanrı da çəkibdir bin-bərəkətin ,
Bizi öz bəndəsi sayammır hələ !