187b19a53b61

Qaşlarını çatıb getdin,
Günəş kimi batıb getdin.
Neçə ilin sevincini
Qəm üstünə atıb getdin:
Əlvida, gözəl, əlvida.

Saçlarımda incə dənsən,
İnciyən sən, incidən sən.
Bil- gəlmərəm hörsən belə
Hər telini incidən sən.
Əlvida, gözəl, əlvida.

Ayrılığı göy də duyub,
Ləpirini yağış yuyub…
Gözümdəki göz izini
Bir gecikən baxış yuyur.
Əlvida, gözəl, əlvida.

Bir baharsan öz ömrünə,
Ola bilməz söz ömrünə.
Düşünmə ki indən belə
Tutacağam üz ömrünə…
Əlvida, gözəl, əlvida.

Sənli günlər nağıllaşır,
Dəli könlüm ağıllaşır.
Yollarımız haçalanır,
Gəl, səninlə sağollaşım-
Əlvida, gözəl, əlvida.

Azərbaycan. Bakı. 1985.