Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Coşqun Xəliloğlunun “Azman sənətkar” hekayəsini təqdim edir.
Ara-sıra qəzetlərdə şeirlərim dərc olunsa da, özümü şair hesab etmirəm. Dostlarım, yaxınlarım məclislərdə mənə söz verəndə çıxışımı şeirlə ifadə etməyi xahiş edirlər. Mən də onların sözlərini yerə salmıram. İstəyirəm danışığım maraqlı olsun, ürəklərə hərarət gətirsin.
Amma ağlıma da gətirməzdim ki, qəsəbəmizdəki yanacaq doldurma məntəqəsinin sahibi mənim şeir yazdığımı bilər və günlərin birində evimizin qapısını döyərək, – Şair Mürşüdün evi buradır? – deyə soruşar.
Qapını açdım.
– Xoş gəlmisiniz, Zəbi müəllim, – deyib çağırılmamış qonağa əl uzatdım –keçin içəri.
Zəbi:
– Sağ olun, şair. Sizə işim düşüb – əlindəki qovluğu sol əlindən sağ əlinə keçirdi, – mənə kömək edin. Atamın şeirlərini gətirmişəm. Oxuyun, lazım olsa, düzəliş edərsiniz. Zəhmət haqqınızı ödəyəcəyəm. Axı, atam da sənin kimi şairdi – o, müraciətindəki “Siz”i “sən”lə əvəz elədi.
Mən:
– Lap yaxşı, verin mənə, baxaram.
Zəbi:
– İnşallah, sonra da, sənin Bakıda şair dostların olar, gedərik onların yanına, kişinin kitabını çıxardarıq. – O, əlini cibinə salıb bir dənə göy əskinazı – yüz dolları basdı ovcuma.
Pulu qaytarmaq istədim.
– Nə danışırsan, inciyərəm səndən, halal xoşun olsun. Bu hələ avansdır. – Zəbi pulu təkidlə mənə verdi.
“Bir halda verir, alım, məcbur etmirəm ki…!” düşündüm.
Zəbinin atası Xanəli uzun müddət qəsəbədəki neft dükanında işləmişdi. Çoxdan, lap çoxdan təqaüdə çıxmışdı. Hesabla onun səksən beş-doxsan yaşı olardı. Heç vaxt eşitməmişdim ki, Xanəli kişi şeir yazır. İndi onun oğlunun atasının şeirlərini gətirməsi mənə qəribə gəlsə də maraqla qovluğu aldım.
– On gündən sonra gələrəm. Bir də şair, kitaba giriş sözünü, – yəqin, ön söz demək istəyirdi, – özün yazarsan.
Zəbi mənimlə xudahafizləşib ayrıldı. Qocaman şairin oğlu gedəndən sonra qovluğu açdım. Şeirlər makinada yazılmışdı. Başladım oxumağa.
“Həmkarım” necə də “incəqəlbli,” “geniş ürəkli,” “fitri istedad sahibi ” imiş. O, nədən, kimdən yazmamışdı… Mövzular “rəngarəng, ” üslub “müxtəlif,” vəzn “yeni”.
Qovluqda yüzə yaxın “şeir nümunəsi” toplanmışdı… Xanəlinin yazıları boş və mənasız söz yığınından ibarət idi. “Qovluğu nə üçün götürdüm, gərək qaytaraydım. Heç bir nəşriyyat Xanəlinin kitabını nəşr edib özünü biabır etməz” – ürəyimdən keçirdim. Elə bu an yadıma cibimdəki yüz dollarlıq düşdü və fikrimdən daşındım. Mütləq Xanəli Uğurlunun şeir kitabı nəşr olunmalıdır, – qərar verdim. Amma onun yazılarını əvvəlcə şeir formasına salmaq lazım idi. Gecəni gündüzə qatdım, hər gün on-on beş şeir quraşdırdım. Sonra da başladım yazdıqlarımı tərifləməyə, məşhur tənqidçilərdən sitat gətirərək əvvəllər neft satan Xanəli kişinin kitabının “bədii məziyyətlərindən” danışmağa. Axı, ön sözü də mən yazmalıydım.
İki həftədən sonra Zəbinin maşınına minib Bakıya – tələbəlik doztumun özəl nəşriyyatına getdik. Nadir müəllim bizi mehribanlıqla qarşıladı. Gəlişimizin məqsədini biləndə isə çox sevindi. Qovluğu naşirə təqdim etdik. O, bir neçə vərəq oxuyub:
– Gözəl şeirlərdi. Yaxşı ki, demokratiya var, yoxsa belə şairlərin yaradıçılığından xalq heç vaxt xəbər tutmazdı, –dedi.
Zəbi:
– Nadir müəllim, kişi yazır, mənim də borcum onları çap etdirməkdir, –güldü.
– Siz, çox xeyirxah iş görürsünüz, Zəbi müəllim, əhsən!
Nadiri yaxşı tanıdığımdan və onun ciddi danışığından şeirlərin xoşuna gəldiyinə şübhəm qalmadı.
Üçümüz birlikdə kitabın tərtibatını, tirajını və nəşr xərclərini müzakirə etdik. Razılaşdıq ki mənim yazdığım ön sözə Nadir müəllim tanınmış şairlərdən birinə imza atdırsın.
İki ayın tamamında kitab nəşr olundu. Zəbi məni evlərinə dəvət etdi. Qəsəbənin bütün vəzifə sahibləri burada idilər. Ağsaqqal “şairin” kitabının təqdimat mərasimi keçirilirdi. Ömründə bəlkə də boynuna birinci dəfə qalstuk bağlamış “azman sənətkar” məclisin lap yuxarı başında əyləşmişdi. Zəbi mərasimi açdı, qonaqları salamlayıb, başladı atasını tərifləməyə. Sonra polis rəisi, icra nümayəndəsi və bazarkom bir-bir danışdılar, Xanəli kişinin ünvanına gözəl-gözəl sözlər dedilər. Mədəniyyət evinin işçisi Səmayə xanım kitabdan şeir parçaları oxudu. Orta məktəbin direktoru Mənsim müəllimin çıxışı lap hərarətli oldu. O, Xanəli Uğurlunun yaradıcılığının gənc nəsil üçün örnək ola biləcəyini, yaxın günlərdə onunla şagirdlərin görüşünü keçirəcəklərini bildirdi. Üzünü mənə tutub:
– Cavan oğlan, sən də şeir yazırsan. Məncə, şeirlərini Xanəli müəllimə göstərib, məsləhət alsan, pis olmaz, – dedi.
Mən başımla, guya onunla razılaşdığımı bildirdim.
Əvvəllər rayon qəzetinin foto – müxbiri işləyən Müseyib təqdimat mərasimini həvəslə videolentin yaddaşına köçürüldü.
Həmin gündən başlayaraq hara gedirdimsə Xanəli kişinin kitabı haqqında eşidirdim. Düzdür, bəzi agzıgöyçəklər deyirdilər ki, şeirləri Zəbi Bakıdakı şairlərdən hansınasa pulla yazdırıb, Xanəli kişi belə ağıl sahibi deyil. Amma çoxları Xanəli kişinin kitabındakı şeirlərin kiminsə yazdığını heç ağıllarına da gətirmirdilər. Ən maraqlısı o idi ki, nə şair, nə də onun oğlu şeirləri yenidən yazdığıma görə mənə bircə kəlmə də söz demədilər. Bəlkə də, şeirlərin təzədən yazıldığını heç başa da düşmədilər.
Bir gün televizora baxırdım. Diktor qız elan etdi:
– Sizə təqdim etdiyimiz bu mahnının sözləri istedadlı şair Xanəli Uğurluya məxsusdur…
Mənbə: https://kulis.az/